Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi və nizamlanma prosesi ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp yaxın bir neçə həftə ərzində Ukrayna prezidenti Volodimir Zelenski ilə əlavə təmasların olacağını bildirib. Onun sözlərinə görə, bu təmaslardan biri artıq sabah baş tuta bilər.
ABŞ prezidenti qeyd edib ki, münaqişənin nizamlanmasında ən çətin məsələ ərazi məsələsidir və bu mövzu hələ də həllini tapmayıb. Tramp vurğulayıb ki, Ukrayna nizamlanma ilə bağlı qərarları ya referendum yolu ilə, ya da parlamentdə təsdiqləməlidir.
Onun sözlərinə görə, Ukrayna cəmiyyətində döyüşlərin dayandırılmasına ciddi dəstək var: “Ukraynalıların 91 faizi müharibənin bitməsini istəyir. Rusiya da onu bitirmək istəyir. Hamı bu müharibənin sona çatmasını istəyir”.
Tramp əlavə edib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinin böyük hissəsini Avropa öz üzərinə götürəcək. Eyni zamanda, o, Zaporojye Atom Elektrik Stansiyasının dərhal işə salına biləcəyini bildirib və Rusiya prezidenti Vladimir Putinin bu məsələdə Ukrayna ilə əməkdaşlığa hazır olduğunu deyib.
Mətbuat konfransı zamanı referendumla bağlı suala cavab verən Volodimir Zelenski isə bildirib ki, əgər belə bir səsvermə keçirilərsə, xaricdə yaşayan ukraynalılar da iştirak edəcək və proses adi seçkilər kimi təşkil olunacaq.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ