Onlayn ictimai-siyasi qəzet
Trump ilk dəfə etiraf etdi: “Özümdən bir qədər şübhələnirəm”
ABŞ Prezidenti Donald Tramp İran müharibəsi ilə bağlı qərarlarını müdafiə edərək, bəzən özünü və qəbul etdiyi qərarları sorğuladığını etiraf edib. Lakin Tramp eyni vəziyyət yenidən yaşansaydı, yenə də eyni qərarları verəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Tramp Fox News kanalında yayımlanan “The Ingraham Angle” proqramında aparıcı Laura İnqrahamın suallarını cavablandırıb. Müsahibə zamanı ABŞ-ın İranla müharibəsi və bunun qarşıdan gələn aralıq seçkilərə təsiri müzakirə olunub.
ABŞ-da aralıq seçkilər yaxınlaşdıqca İran müharibəsi Tramp və Respublikaçılar üzərində ciddi siyasi təzyiq yaradır. Prezidentin reytinqindəki geriləmə, yüksək benzin qiymətləri və inflyasiya da Respublikaçı seçicilər arasında narazılığın artmasına səbəb olan əsas amillər kimi göstərilir.
Müharibə ilə bağlı qərarlarından peşman olub-olmadığı soruşulan Tramp “peşmanlıq” sözünə inanmadığını deyib. O, insanın zaman-zaman öz qərarlarını sorğulamasının normal olduğunu bildirib.
“İnsan həmişə özündən bir qədər şübhə edə bilər. Bir neçə nəfər də məndən bunu soruşub. Yenidən etmək imkanım olsaydı, yenə də eyni şeyi edərdim”, - Tramp bildirib.
Tramp bununla yanaşı, İran müharibəsini aralıq seçkilər ərəfəsində siyasi kampaniyasının əsas mövzularından birinə çevirib. O, müharibənin seçki günündən sonra başa çatacağını da iddia edib.
Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı qurultayında çıxış edən Tramp İranla müharibəyə haqq qazandırıb və Demokratları sərt şəkildə tənqid edib.
Tramp Demokratların “radikal sol” tərəfindən idarə olunduğunu iddia edərək seçiciləri Respublikaçılara səs verməyə çağırıb.
“Amerikanın gələcəyini radikal sol Demokratlara təhvil versək, ölkəmiz qarşıdakı on ili yalnız yenidən ayağa qalxmağa sərf edəcək”, - Tramp deyib.
ABŞ Prezidenti seçicilərə müraciətində Respublikaçılara səs verməyin vacibliyini vurğulayaraq, bunun ölkənin gələcək nəsillər üçün daha güclü vəziyyətdə qalmasına imkan verəcəyini bildirib.
Musavat.com
12 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ