İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsilimizdə vərəsəlik problemi - ekspert DİM rəhbərinin tənqidi haqda

Kamran Əsədov: “Nə qədər ki, məktəblərdə sovet təhsil sistemini tətbiq edən müəllimlər var...”

“Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir”. 

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA-2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. DİM sədrinin sözlərinə görə, təbii ki, bu da elmə əsaslanmalıdır. 

M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir: “Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repititorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bəzi anlayışları heç bəzi müəllimlər başa düşmür, qaldı ki valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır”.

Təhsil sistemində bu qəbildən uyğunsuzluqlar həqiqətən kifayət qədərdir. Yəni söhbət həm də təhsildə vərəsəlik problemindən gedir. Yoxsa doğrudan da ibtidai sinifdə verilən bəzi anlayışları müəllimlər başa düşmədiyi halda, valideynlər necə başa düşsün?   

Bu uyğunsuzluqları necə aradan qaldırmaq olar? Mümkünmü? Çıxış yolu nədir? Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. 

“Avropada təhsil sahəsində aparılan tədqiqatlara görə yeni nəslin inkişafında ibtidai təhsil əhəmiyyəti rol oynayır. Çox təəssüflər olsun ki, 2023-2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları bizim təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi. Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri  baş verir.  

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Müəllim xüsusi hazırlıq keçmiş və pedaqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedaqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi “ikinci valideyn” adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllim uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir".

Ekspert qeyd edib ki, müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir: “Məsələn, müəllim psixologiya sənətini bilməli, pedaqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s. İbtidai siniflərdə müasir dövrün tələbinə uyğun olaraq tətbiq edilməli olan innovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həllyönümlü yanaşmanı dəstəkləyən şagird yetişdirməyi ehtiva edir. Amma bizdə mövcud vəziyyət ibtidai siniflərdə təhsilverənlərin özlərində bu bacarıqların olmadığını açıq şəkildə göstərdi.

Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyl-maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz.

Doğrudur, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyil".

Kamran Əsədovun fikrincə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir: “Mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır. Digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr həqiqətən həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır. Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir.

Elm, təhsil mütəmadi olaraq yenilənir. İxtisası ilə bağlı bütün yeniliklərdən xəbərdar olmalıdır. Əgər müəllim müasir dövrün innovativ yeniliklərindən xəbərdar olmayacaqsa, o, şagirdlərinə heç nə verə bilməz. Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi  deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı yol məktəblərdir, məhz burada  müəllimlər və şagirdlər inkişaf edir. Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir.

Mütəmadi olaraq DİM-in qəbul imtahanlarında dəyişiklik etməsi təkcə müəllimləri yox, həm də valideynləri müasir təhsil çağırışlarından xəbərdar olmağa məcbur edir.  Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edir, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verir. Bu, çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. 

Məsələn, müəllimlərin bir çoxu hələ də kompüterdə işləmək bacarığına malik deyil. Əgər bir müəllim kompüterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, şagirdə nə dərəcədə bilik verə bilər? Bundan başqa, indi dünya üzrə  yeni metodikaların bəzilər kompüter vasitəsilə həyata keçirilir. Dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. 

Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır ki, bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə, artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR