İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış məşqçidən ŞOK ETİRAF: “O videoya baxanda...” - Fotolar

Təxminən 2 ay əvvəl 60 yaşlı Azərbaycan badmintonu tarixində bir ilk yaşandı. Parabadmintonçu İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqustda keçirilən və 15 ölkədən idmançıların qatıldığı “FOX's Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak etdi.

 16612444965335512791_1000x669.jpg (126 KB)

İlk cəhdimiz uğurlu oldu. 16 yaşlı qəhrəmanımızın uğur yolunu idman - badminton sevgisi olan hər kəslə bölüşmək istədik.

Parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasov 6 aydır ki, İbrahimlə birlikdə tər tökür, onunla sevinc, kədər ortağıdır. Abbasov bu sahədə köhnələrdəndir – ömrünün 18 ilini badmintona həsr edib.

313200255_1029503101780558_2915250246920157357_n.jpg (343 KB)

Futbolla gün keçirən Teymur Abbasov badminton aləminə belə düşüb:

“Məhlədə uşaqlarla futbol oynayırdım, qonşumuz bu idman növünə gedirdi. Əlində 2 raketka var idi. Dedi, biri artıqdır, sən də mənə qoşul. Zalda məşqlərin əyləncəli keçdiyini gördüm və mən də futboldan ayrılıb, badmintonu seçdim. Əvvəl Cavanşir Əlizadə şəxsi məşqçim olub, o, hazırda milli komandada məşqçidir. Həmişə öz yaşıdlarımla mübarizədə respublika çempionu olmuşam. 18 yaşdan yuxarı yığma komandaya düşmüşəm və orada da məşqlər etmişəm. Biz beynəlxalq yarışlara da qatılmışıq. Təxminən 5 il əvvəl belimdən zədə aldım, artıq hiss etdim ki, məşqçilik karyerasına başlamağın zamanıdır”.

“Əsl məşqçi necə olmalıdır?” sualına Teymur Abbasov belə cavab verdi:

“Məşqçinin ilk növbədə pedaqoji biliyi olmalıdır. Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Əvvəl idmançı olan şəxs daha təcrübəli məşqçi olur”.

Azərbaycan Badminton Federasiyasının tərkibində parabadminton növü

“Bu ilin iyun ayında Azərbaycan Badminton Federasiyasının tərkibində parabadminton növünü yaratdıq. İbrahimin şəxsi məşqçisi olub (Elşən Həsənəliyev) və şəxsi zallarında məşq edib. Sonradan milli komandaya düşüb. Murtuza Validarvi milli komandanın baş məşqçisi təyin olunanda bildirdi ki, İbrahim parabadmintona düşə bilir. Dünya Badminton Federasiyasından qeydiyyatdan keçəndən sonra avqustda İndoneziyada ilk yarışa çıxdıq. Beynəlxalq yarışa getməyən 16 yaşlı yeniyetmə üçün nəticə qənaətbəxş oldu. Sonrakı yarış 19 sentyabrda Uqandanın paytaxtı Kampala şəhərində idi. Bilirdik ki, orada qələbə qazana bilərik. İbrahim bürünc medal qazandı.

WhatsApp Image 2022-11-03 at 20.49.42.jpeg (143 KB)

Badmintonda yarışlar levellər üzrədir. Bizim İndoneziyada iştirak etdiyimiz yarış “level 3” idi. “Level 2” yarışımız 28 noyabrda Peruda olacaq. 2024-cü ildə keçiriləcək Olimpiadaya düşmək üçün daha çox xal yığmalıyıq. “Level 1” yarışları Kanada və Böyük Britaniyada keçirilir. İbrahimi “level 1”ə namizəd görürəm. Ən azından 2 yarışdan əldə etdiyim təcrübəyə əsasən deyə bilərəm ki, oradakı oyunçular 24-30 yaş arasında idilər. İbrahimin isə 16 yaşı olmasına baxmayaraq, onlardan fərqi yoxdur. Qələbə üçün istedad və mütəmadi məşq önəmlidir”.

313909165_5512355722219513_7027799086225682047_n.jpg (307 KB)

6-dan 77-yə və əyləncə

Teymur Abbasov bildirdi ki, badmintonla 6 yaşdan 77 yaşa qədər hər kəs məşğul ola bilər, ancaq...

“Ancaq nə qədər aşağı yaşda bu idmanla məşğul olsalar, daha effektli olar. Çünki 2-3 ilə məşqçinin istədiyi formaya gəlib çıxa bilirlər. Parabadmintonun 5 növü var - 2 növü arabada olanlar, aşağı ətraf məhdudiyyəti, yuxarı ətraf məhdudiyyəti olanlar, qısaboylular.

WhatsApp Image 2022-11-03 at 20.49.41.jpeg (152 KB)

Kimsə deyəndə ki, badmintonla məşğul oluram, bu bizi sevindirir. Badminton əyləncəli idman növüdür. Komanda idman növü deyil deyə hər kəs məşğul ola bilər. Kiçik yaşlı uşaqlara həftədə 3 dəfə, hər gün 1 saat məşq yetərlidir. Yaş artdıqca isə hər gün 1-1,5 saat məşğul olurlar. 10+ yaş qrupundan olanlar hər gün 2 saat məşq edə bilərlər. Hindistanda gündə 3 dəfə məşq edirlər”.

Fiziki məhdudiyyətli şəxslərin badminton vasitəsilə cəmiyyətə inteqrasiyası

“Hazırda digər fiziki məhdudiyyətli insanları tapmaq, onları bu idman növünə cəlb etmək istəyirik. Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində seleksiya işləri aparmaq istəyirik. Onları bu idman növünə həvəsləndirmək istəyindəyik. Bu kateqoriyadan olan şəxslər idmana gəlməklə ən azından evlərindən çıxırlar. Hətta əsəbi insanlar burada stress atır. Oynayırlar, uşaqlar arasında kommunikasiya yaranır, yaxşı oynayanlar xaricə yarışlara gedirlər. Bir sözlə, dünyaya açılırlar. İdman insanı pis vərdişlərdən də uzaqlaşdırır. Uşaqlar gündə 2 dəfə, 4-5 saat burada idmanla məşğul olurlar. Əlavə işlər üçün vaxtları da qalmır. Bu yolla cəmiyyətə yararlı vətəndaşlar yetişir”.

İnteqrasiya üçün təbliğat necə aparılmalıdır?

“KİV-in dəstəyi önəmlidir. Valideynlərdən də çox şey asılıdır. Valideyn olub ki, övladı istedadlı olsa da, onun idmanla məşğul olmasını istəməyib”.

Sponsora ehtiyac varmı?

“Azərbaycan Badminton Federasiyası və Azərbaycan Milli Paralimpiya Komitəsindən kifayət qədər dəstək alırıq. Ancaq şəxsi dəstək də görsək, pis olmaz. Məsələn, xaricdə tanıdığım professional oyunçuya biznesmen sponsorluq edir. Elə ölkələr də var ki, yarışlara çıxa bilmirlər. Məsələn, Hindistanın bir oyunçusu işləyərək öz hesabına yarışlara qatılır. Bu baxımdan vəziyyətimiz normaldır”.

313793538_887072999382490_7323094563485807561_n.jpg (302 KB)

Afrikalı idmançı məni meydançaya dəvət etdi...

“Uşaqlarla işləməyi sevirəm. Bəzi məşqçilər fiziki məhdudiyyətli insanlarla psixoloji baxımdan işləyə bilmir. Yarışlar mənimçün bir növ sınaq oldu. Mən yarışlarda həyatım boyu görmədiyim məhdudiyyətli insanları gördüm. Afrikalı idmançı məni meydançaya dəvət etdi, onunla oynadım. Bu işin öz metodikası var. Onlarla xüsusi kateqoriyadan olanlar kimi davranmaq olmaz. Fiziki məhdudiyyətli idmançıların məşqləri individual olur. Onlarla məşq metodikasını öyrənmək üçün Avstriyaya 2 günlük kursa gedəcəyik. Boş vaxtlarımda məktəbin zalında məşqçilik edirəm. Amma əsasən bu sahəni genişləndirmək istəyirəm”.

O videoya baxanda gözlərim dolur

“Yol getmək özü maraqlıdır. Ən maraqlı halla Afrikada üzləşdim. Sevinc hissi ilə kövrəldim. Medallar təqdim edilməmişdən öncə mahnı səsləndi. Yarışçılardan biri oynamağa başladı, sonradan digərləri də ona qoşuldu. Hətta indi də o videoya baxanda gözlərim dolur. Belə bir təcrübə yaşamamışdım”.

İbrahim Əliyevin özəlliyi

“İbrahimin ilk növbədə xarakteri var, əzmkardır. Onun gələcəkdə məşqçi olmasını istərdim. Elə halda idmançını tam başa düşəcək. Psixoloji durum idmanda böyük rol oynayır. İbrahim tez əsəbiləşir. İndoneziyada udduğu idmançı Afrikada onun qarşısına çıxmışdı. Arxayın oldu ki, udacam. Amma hava şəraiti, yüksəklik ona mənfi təsir etdi. Məşqçinin oyunda idmançıya təsiri böyükdür. Mən İbrahimi Afrikada düşdüyü ab-havadan çıxardım”.

Tam formalaşma üçün 5 il

“Parabadminton Hindistan və İndoneziyada daha çox inkişaf edib. Hesab edirəm ki, bu sahə Azərbaycanda təxminən 5 ilə tam formalaşacaq. Hələ ki, parabadmintonda ilk məşqçi mənəm. Amma sayın artırılması hədəfdir”.

İbrahim Əliyev 7 ilə yaxındır ki, idmanla məşğul olur. Badmintonu belə seçib:

“Əslində, əvvəlcə badmintona elə də marağım yox idi, yalnız boş vaxtlarımda gəlirdim. Amma sonradan bu idman növünə sevgi yarandı”.

314595739_3306220599694657_2179389733902534857_n.jpg (372 KB)

Bazar günləri özümü narahat hiss edirəm

“Peşəkar idmançının güclü fiziki quruluşu olmalıdır. Bizdə məşqlər səhər və axşam olur. Səhər məşq başlayanda özümü daha gümrah hiss edirəm. Həftənin 6 günü məşq olur. Bazar günü özümü narahat hiss edirəm. İdmana gələndə rahat oluram. Səhər və axşam ümumilikdə 4 saat məşq edirəm. Gələn il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına növbəti dəfə imtahan verəcəm”.

314415061_683806386387581_7280783860588349999_n.jpg (271 KB)

O dərəcədə güclü deyillər

“Xarici oyunçularla oynamağın özü maraqlıdır. Fərqli insanlar tanıyırsan. Onların yaşları çox olduğuna görə məndən artıq yarışlarda iştirak ediblər. Ancaq o dərəcədə güclü deyillər, onlara çatmaq olar. Hindistan, Sinqapur və Polşadan idmançı dostlarım var. Onlarla sosial şəbəkə üzərindən əlaqə qururam”.

314378478_448356274118183_1395380951339374103_n.jpg (135 KB)

Peruya hazırlıq necə gedir?

“Səhər-axşam məşq edirəm. Hədəf bayrağımızı yüksəklərə qaldırmaqdır. Bu mənimçün qürurverici hiss olar”.

İbrahimin Qarabağ arzusu

“Azad olunan ərazilərimizdə hələ ki, olmamışam. Gələcəkdə Şuşada çalışmaq istərdim”.

Bu idman mənimçün həyatdır

“İdmandan başqa məşğuliyyətim yoxdur. Bu idman mənimçün həyatdır. Evdə musiqi fonunda badminton oynamağı da sevirəm. Hər kəsi idmana dəvət edirəm”.

313917660_6229398053756210_3744322031752481890_n.jpg (190 KB)

Teymur müəllim kimi məşqçi olmaq...

“Biz bir-birimizi seçmişik. Seçim qarşılıqlı olub. Teymur müəllim insanla dost, qardaş kimi davranır. Mənə psixoloji dəstək olur. Gələcəkdə Teymur müəllim kimi məşqçi olmaq mənimçün fəxr olar”.

313983504_1176171706312893_1681190287642970324_n.jpg (186 KB)

İbrahim hesab edir ki, valideynlər övladlarına sərbəstlik verməlidir:

“Ətrafımda fiziki məhdudiyyətli insanlar azdır. Əsasən 7-8 yaşlı uşaqlarda badmintona maraq var. Mən yaşda olanlarda isə əksinədir. Valideynlər övladlarına sərbəstlik verməlidir. Bu, inkişafa mane olur. Uşaqlar cəmiyyətə inteqrasiya olunmalıdır. Fiziki məhdudiyyətli insanlara cəmiyyət xüsusi yanaşmalı, diqqəti onların üzərinə çəkməli deyil. Bu onlarda diskomfort yaradır”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR