İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanla münasibətlərdə yeni mərhələ başlayır

 

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyev bildirdi ki, nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş spektri müzakirə edildi, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verildi. Ölkə başçısı həmçinin, qeyd etdi ki, qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqların iradəsi dayanır: “Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək”.

73d04d8493c99817f9fcdd305a82dbf4.jpg (97 KB)

Prezident Emoməli Rəhmon isə ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etdi: “Bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdi. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdik.

Hörmətli İlham Heydər oğlu qeyd etdiyi kimi, bu gün biz dövlətlərarası münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır. Öz növbəmdə müntəzəm siyasi dialoqun bütün səviyyələrdə aparılmasının vacibliyini vurğulamaq istərdim.

Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir. Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı”.

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Azərbaycanla Tacikistan arasında çox yaxın dostluq münasibətləri var. Millət vəkili dövlətlərarası münasibətlərin demək olar ki, bütün sahələri üzrə birgə fəaliyyətin mövcud olduğuna diqqət çəkib:

“Tacikistan Azərbaycan investisiyalarına çox böyük maraq göstərir. Azərbaycan şirkətləri də Tacikistandan müxtəlif sahələr üçün həm faydalı qazıntı ehtiyatları, həm də hazır məhsullar alırlar.

Bu səfər ikitərəfli münasibətləri hərtərəfli təhlil etməyə, əməkdaşlığı daha da genişləndirməyə istiqamətlənmiş mühüm səfərdir. Səfərin  yekunu olaraq bir neçə vacib sənədin imzalanması səfərin uğurlu keçdiyini göstərir. Tacikistan Azərbaycanın logistik imkanlarından istifadə etməyə çox maraqlıdır. İstehsal etdiyi məhsulların, faydalı qazıntıların Azərbaycan üzərindən müxtəlif bölgələrə çatdırılması Tacikistana çox sərfəlidir”.

Aydın Mirzəzadə həmçinin, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Tacikistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə sevinən dövlətlərdən biri də Tacikistan idi. Tacikistan prezidentinin səfəri çərçivəsində beynəlxalq aləmdə maraq doğuran birgə fəaliyyət məsələləri də müzakirə edildi. İnanırıq ki, Tacikistan rəhbərinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq”. 

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR