İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq əllər, isti ürək - nağıllar aləmində bir saat – Videoreportaj

Artıq bir neçə gündür ki, Bakının məşhur Fəvvarələr meydanında "Nargis Fund”un rəhbərliyi ilə növbəti, "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirilir. Yarmarka 64 böyük və 20 balaca ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalardan ibarətdir. Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, standartlardan kənar şəkillər çəkdirə və sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərlər. Rəngarəng işıqlandırması, foto çəkdirmək üçün bir-birindən maraqlı stendləri, içərisində dadlı təamları ilə müştərilərini gözləyən taxta evləri ilə bu məkan uşaqdan böyüyə hər kəsin diqqət mərkəzindədir. Hava həddindən artıq soyuq olsa da, hər kəsin üzündən təbəssüm yağırdı. Elə sözün əsl mənasında əllər soyuq, ürəklər isə isti idi.

Taxta evlərin önündə izdiham var idi. Kiminin əlində xırtıldayan kartof, kiminin əlində fərqli markalarda qəhvə fincanları, kimlərsə də qovrulmuş şabalıd və südlü qarğıdalı yeyirdi. Ən çox izdiham və maraq isə “balıq-əkməy”ə idi. Satıcının sözlərinə görə, insanların balığa bu qədər marağı isə qiymətlərin çatımlı, balığın isə keyfiyyətli və ləzzətli olmasıdır.

Amma gələnlər pulsuz çaya da az maraq göstərmirdi. Çaydan biz də nəsibimiz aldıq. Görək sırada bizi nələr gözləyir? Dedilər ki, bu il yarmarka ərazisində ilk dəfə olaraq “qorxu otağı” və 4D kinoteatr da fəaliyyət göstərir.
Məlumat üçün deyək ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Bilməyənlər üçün deyək ki, yarmarkaya giriş sərbəstdir. Sözü gedən "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 2022-ci il yanvar ayının 15-dək sizlərin yolunuzu gözləyir.

Qiymətlərə gəlincə, çay və qəhvələrin qiymətləri 1-6 manat, şirniyyatlar 3.50-7.50 manat, yeməklər isə 5-12 manat təşkil edir. Əgər yaxın tanış və ya qohumlarınıza hədiyyə almağı düşünürsünüzsə, hədiyəlik suvenirlərin qiymətləri 4 manat 50 qəpikdən 12 manatadək, qeyd dəftərləri 7 manat, kitablardan ibarət hədiyyə paketləri isə 30 manatdır.

Dürrə Həsənova
Video Rafət Şahbazov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR