İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS!: “Bölgədə rollar dəyişir” - İrəvan təlaşda, Bakı isə...

Ermənistanın özünütəcrid siyasətinin etirafından sonra nə gələcək; ekspert: “Qərblə ciddi yaxınlıq belə bu ölkəni xilas etməyəcək, əgər...

Ermənistanın Qərblə Rusiya arasında apardığı “iki stul” siyasəti ona gətirib ki, artıq nə Qərb, nə də Moskva İrəvana etibar edir. Bu da təbiidir. Çünki “ikili oyun” oynayanlara etimad həmişə aşağı olur, o da əgər olursa.

Mövcud durumun vəd elədiyi risklərdən yayınmağın ən uğurlu çıxış yolu Nikol Paşinyan iqtidarının daşı ətəyindən töküb Bakı və Ankaranın uzatdığı barışıq əllərini sıxmaq, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaqdır. Yolu, şərtləri bəlli.  

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyana görə, İrəvan indiki siyasi kursu davam etdirərsə, Rusiya regionda Ermənistanı Azərbaycanla əvəz edə, Bakı vasitəsilə bölgədə öz problemlərini həll etməyə başlaya bilər.

“Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, bizi bütövlükdə unuda və strateji problemlərini Bakı vasitəsilə həll edə bilər. Biz artıq Şimal-Cənub yolunu itirmişik. Bu yaxınlarda üç fərqli proqrama baxdım və Ermənistan heç bir yol xəritəsində yoxdur. Bu yol Hindistandan, Bəndər Abbasdan Azərbaycandan keçərək Rusiyaya, Avropaya gedir, bizimkilər isə hələ də "Dünyanın kəsişməsindən" danışırlar", - Oskanyan təlaş içində qeyd edib.

Onun əminliyinə görə, Şimal-Cənub dəhlizi Ermənistan üçün artıq itirilib: “Şərq-Qərb yolu isə bizim üçün hələ mövcud deyil. Azərbaycan həmişə balansı saxlaya bilib və indi bizə rəğmən, Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəzləyə bilər. Gürcüstan da Rusiya ilə münasibətlərini normal vəziyyətə salacaq, biz isə tam təcrid vəziyyətində olacağıq. Hakimiyyətin siyasəti buna aparır və bu təhlükə qarşımızdadır. Regionda ciddi dəyişikliklər baş verir, rollar kəskin dəyişə bilər. Azərbaycan və Gürcüstanın hazırkı siyasəti fonunda biz 100% Qərbə doğru getsək belə, bunun xeyri olmayacaq, çünki Türkiyənin təsiri altına düşəcəyik. Rusiya isə regionda Ermənistana əvəzləyici tapanda bizi o qədər görməzlikdən gələ bilər ki, biz özümüzə gələ bilməyəcəyik”.

Oskanyanın gözləntiləri, təlaşı nə dərəcədə əsaslıdır? Rusiya doğrudanmı Ermənistanı Azərbaycanla əvəzləyə bilər? Azərbaycanın özünə bu lazımdırmı? 

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Vardan Oskanyanın bu tipli çıxışları daha çox Ermənistanın daxili siyasi auditoriyasına hesablanıb: “Nikol Paşinyan hakimiyyətinin əleyhinə olan siyasi qrupun öndə gələn şəxslərindən biri Vardan Oskanyandır. Ermənistanda revanşist qüvvələrin əsas ideoloqu da məhz bu şəxsdir. 

O ki qaldı onun söylədiyi həmin fikirlərə, orada müəyyən həqiqət payı var. Belə ki, Gürcüstan doğrudan da son dövrlər Rusiya ilə münasibətləri müəyyən qədər normallaşdırmağa çalışır. Tiflisdə hesab edirlər ki, Azərbaycanın nümunəsinə uyğun olaraq Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla öz ərazi bütövlüyünü təmin edə bilərlər. Təbii ki, Azərbaycanda yalnız Rusiya faktoru deyil, digər faktorlar da önəmli oldu ərazi bütövlüyümüzün bərpasında. Şimal-Cənub dəhlizi ilə bağlı Oskanyanın söylədiklərində isə həqiqət payı çoxdur. Belə ki, Şimal-Cənub nəqliyyat dəhlizi artıq Rusiya-Azərbaycan-İran üzərindən keçməklə Hindistanı Avropanın şimalına bağlayır. O cümlədən gələcəkdə guya vaxtılə Hindistan, İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxışla bağlı dəhliz layihəsinin effektiv olacağı zənn edilmir. Bu, sadəcə olaraq, uzun illərdir müzakirə edilən, amma konkret addım atılmayan layihədir". 

Orta dəhliz və Zəngəzur dəhlizi məsələsinə gəlincə, politoloq dedi ki, əgər Ermənistan konstruktiv davranaraq 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəliyini yerinə yetirəcəksə, Zəngəzur dəhlizi onun ərazisindən keçməklə Ermənistana ciddi fayda verə bilər: “Əgər Ermənistan bugünkü siyasəti davam etdirəcəksə, təbii ki, növbəti dəfə təcrid vəziyyətində qalacaq. Hətta Qərblə ciddi şəkildə yaxınlaşmaq belə, ona hansısa böyük dividentlər gətirməyəcək. 

Rusiyanın bölgədə Ermənistanı Azərbaycanla əvəz etməsi barədə deyilən fikrə gəlincə, Azərbaycana bərabərhüquqlu, normal qarşılıqlı hörmətə dayanan əməkdaşlıq lazımdır ki, hazırda bu həyata keçməkdədir. Rusiya Güney Qafqaz siyasətində son illər müəyyən korrektələr etməkdədir və Azərbaycanla müttəfiqlik fəaliyyətinə dair sazişin imzalanması da məhz bunun göstəricisidir. Artıq Rusiya ənənəvi olaraq birmənalı Ermənistanın mövqeyini müdafiə etmək siyasətində müəyyən dəyişikliklər etməyə çalışır. Azərbaycanla Rusiyanın münasibətlərinin inkişafı hər iki ölkənin mənafelərinə uyğundur. Amma Azərbaycanın Oskanyanın dediyi kimi, Ermənistanı əvəzləməsi söhbəti yoxdur. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən və heç bir dövlətin forpostu olmayan dövlətdir. Ermənistan isə bu gün Rusiya forpostluğundan çıxaraq Qərb forpostluğuna sığınmağa çalışır. Azərbaycan isə Rusiya və digər dövlətlərlə münasibətləri bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan münasibətlər üzərindən qurmaqdadır".  

Azad MƏSİYEV

 Azad Məsiyev 

Politoloq Azad Məsiyev bildirdi ki, Azərbaycan coğrafi baxımdan həm çox əlverişli, həm də çox mürəkkəb yerdə yerləşir: “Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Azərbaycan üzərindən keçir. Buna görə də Azərbaycanı həmişə Şərqin qapısı adlandırırlar. Məsələyə qlobal prizmadan yanaşsaq, hazırda dünyadakı geosiyasi proseslər elə həddə gəlib ki, Rusiyanın Avropa ilə əlaqəsi demək olar kəsilib. Rusiyanın cənub cinahının açıq olması, dünya bazarına çıxması üçün mütləq şəkildə Cənubi Qafqaz, xüsusilə Azərbaycan strateji əhəmiyyət daşıyır. 

Artıq iki ildir Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlığı, müttəfiqliyi təmin edən müqavilə imzalanıb. Bu müqavilənin müddəaları iki dövlət arasında bərabərhüquqlu münasibətləri əhatə edir. Azərbaycan Rusiya ilə dostluq münasibətlərindədir. Azərbaycan bölgədə heç kimi əvəz etmir, Azərbaycan milli maraqlarına əsaslanan siyasi xətt yürüdür. Ermənistan bu gün Rusiya üçün əvvəlki əhəmiyyəti kəsb eləyən dövlət deyil. Rusiya üçün əhəmiyyət kəsb eləyən ölkə Azərbaycandır. Müstəqil siyasət yürütməyi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Ona görə də Ermənistandan fərqli olaraq biz kiminsə forpostu deyilik. Rusiya ilə Azərbaycanın münasibətləri qarşılıqlıdır. Türkiyə-Azərbaycan maraqlarının uzlaşması da Azərbaycan-Rusiya münasibətlərində müsbət rol oynayır. Ermənistan isə əslində öz-özünü təcrid etmə siyasətini aparır. Bunun günahı ilk növbədə İrəvanın özündədir. Xəyanətkarlığı və qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməməyi Ermənistanı böyük regional layihələrdən kənarda qoyur. Oskanyan əslində Ermənistanın özünü təcrid etdiyini etiraf etmiş olub. Ermənistanın yürütdüyü siyasət bu ölkəni uçuruma aparır. Azərbaycan isə Cənubi Qafqazın əsas dövlətidir və onunla razılaşdırılmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR