İnsanlara hürriyət, millətlərə istiqlal!

Son struktur islahatları NƏYƏ hesablanıb?

Neft qiymətləri, hasilatı və ixracının azalması fonunda Azərbaycanda yenidən struktur islahatlarına start verilib. Son ongünlükdə çoxsaylı qurumların birləşdirilməsi qeydə alınmaqdadır.

Musavat.com xatırladır ki, dövlət başçısının müvafiq fərmanları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”, “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında “Geodeziya və Kartoqrafiya Agentliyi”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əsasında “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında büdcə təşkilatı qismində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu” yaradılıb.
Nazirlər Kabineti yeni qərarların izahını verdiBundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə, Sosial Tədqiqatlat Mərkəzi MEDİA-ya birləşdirilib.

Həmçinin “Mərkəzi Nəbatat Bağı Dendrologiya Bağı ilə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Metrologiya İnstitutu, Standartlaşdırma İnstitutu və Akkreditasiya Mərkəzi ilə birləşdirilib.

İki gün əvvəl isə Prezident fərmanı iə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi formasında birləşdirilib. Fərmana əsasən yeni agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.
Mediada yayılan məlumatlara əsasən yaxın günlərdə daha böyük qurumların, nazirlik və komitələrin birləşdirilməsi prosesi baş verəcək. Aydın məsələdir ki, bütün bu dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərinə qənaət edilməsidir. 2015-2016-cı illərdə neft qiymətlərinin kəskin düşməsi fonunda analoji proses başladılsa da, tezliklə neft qiymətlərinin yüksəlməsi onun yarımçıq dayandırılmasına, daha sonra isə yeni strukturların artmasına gətirib çıxardı. Nəticədə dövlət idarəetmə aparatı, müxtəlif mərkəi icra orqanları nəzdində çoxsaylı oxşar və bəzən də paralel funksiyaları icra edən qurumlar meydana gəldi. Dövlət aparatının belə sürətli şişməsi fonunda göstərilən xidmətlərin keyfiyyətində ciddi dəyişikliyin olmaması, xüsusilə iqtisadiyyatda dəyişikliklərin baş verməməsi daim tənqidə məruz qalan problem kimi ortaya çıxıb.

İndi hökumət yenidən ixtisar və birləşdirmə prosesinı start verib. Qlobal enerji bazarındakı dəyişikliklər, neft-qaz qiymətlərindəki azalmaların davamlı xarakter alacağından xəbər verir. Üstəlik, Azərbaycanda neft hasilatı gözləniləndən daha yüksək sürətlə azalır, qaz hasilatının pik səviyyəsi artıq arxada qalır. Bu isə ixrac həcmlərinin də azalmasını şərtləndirir.

Büdcə xərcləri ən çox hansı sahələrə xərclənir?Hökumətin növbəti 3 il üçün hazırladığı proqnozlardan da görünür ki, yaxın 4 ildə Azərbaycanda neft-qaz hasilatın düşməsi davam edəcək. İşğaldan azad olunmuş ərazilərdə aparılan irihəcmli tikinti-quruculuq işləri, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq layihələr böyük investisiya qoyuluşları tələb edir. Dövlətin beynəlxalq layihələr çərçivəsində həyata keçiriləcək infrastruktur işləri üçün xaricdən borclanmaya getməsi gözlənilsə də, azad olunan ərazilərin bərpası ilə bağlı bu, nəzərdə tutulmur. Əsas ixrac məhsulları olan neft-qazdan əldə olunan gəlirlərin azalması, qeyri-neft-qaz gəlirlərinin büdcənin cari xərclərini qarşılamağa imkan verməməsi şəraitində vəsaitlərdən səmərəli istifadə zərurətə çevrilir. Bu zərurətə görə də hökumət qənaət rejiminə keçməyə məcbur olur.

Dövlət Gömrük Komitəsinin xarici statistikasına əsasən, bu ilin yanvar ayında Azərbaycandan 1 milyard 238 milyon dollar dəyərində 2 milyon 643 min ton xam neft ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 665 milyon dollar və ya 35 faiz, miqdar ifadəsində 818 min ton və ya 24 faiz azalma deməkdir. Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 1 milyard 903 milyon dollar dəyərində 3 milyon 461 min ton xam neft ixrac olunmuşdu.
Yanvar ayında Azərbaycanın qaz ixracından gəlirləri də kəskin azalıb. Belə ki, ay ərzində xaricə 687,5 milyon dollar dəyərində 2 milyard 292 milyon kubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 183 milyon dollar və ya 21 faiz, miqdar ifadəsində isə 47 milyon kubmetr və ya 2 faiz azalıb.

Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 870,1 milyon dollar dəyərində 2 milyard 339 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.

Gəlirlərin belə kəskin azalması fonunda dövlət maliyyəsinə nəzarət də gücləndirilir ki, bu da uzun illər boyu davam edən dövlət vəsaitlərinin böyük ölçüdə korrupsiya yemi olmasının qarşısının alınması ümidlərini artırır. Lakin dövlət aparatında aparılan struktur islahatları minlərlə şəxsin işsiz qalmasına gətirib çıxaracaq. Belə ki, müxtəlif dövlət qurumlarından alınan sifarişlər hesabına fəaliyyət göstərən çoxsaylı özəl şirkətlər sifarişlər azaldığı üçün öz işçilərini ixtisar etməyə indidən başlayıblar. Bu isə işsizliyin artması, əmək bazarına savadlı və yüksək əmək haqqı tələbi olan minlərlə insanın daxil olması deməkdir.

Hökumət vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəni təmin edib, ölkədə yeni iş yerlərinin yaradılması prosesini sürətləndirməyəcəksə, işsizliyin sürətlə artması ciddi sosial gərginliyə gətirib çıxara bilər.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR