Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun Asqard batalyonunun döyüşçüləri son bir ay ərzində rusların 8 hava hücumundan müdafiə sistemini məhv edib. Bu uğurlu zərbələr videoya çəkilərək ictimaiyyətə təqdim olunub.
Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Telegram səhifəsinə istinadən məlumat yayıb.
"Son bir ay ərzində 412-ci “Nemesis” dron briqadasına daxil olan Asqard batalyonunun operatorları əsas istiqamətlərdə düşmənin 8 PUA sistemini vurub: 2 “Tor-M2”, 2 “Buk-M1”, “Tor-M1”, “Buk-M3”, “Strela-10” və nadir hallarda rast gəlinən ən müasir S-350 “Vityaz” zenit-raket kompleksinin radar stansiyası", - Baş Qərargah bildirib.
Yayımlanan videodan görünür ki, ukraynalı hərbçilər rus PUA sistemlərinə zərbələri hücum dronlarından istifadə edərək endiriblər.
412-ci “Nemesis” dron briqadasının operatorları tərəfindən bir ay ərzində məhv edilən 8 düşmən PUA sisteminin ümumi dəyəri 250 milyon dolları ötür.
50N6E çoxfunksiyalı radar stansiyası orta mənzilli S-350 zenit-raket kompleksinin əsas komponentidir.
Bu sistem eyni anda 100-ə qədər hava hədəfini aşkarlaya və 8 hədəfi məhv etmək üçün izləyə bilir. S-350 zenit-raket kompleksinin qiyməti təxminən 130 milyon dollar təşkil edir.
Bundan əlavə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri hücum dronları vasitəsilə Rusiya ərazisindəki P-14F “Lena” uzaq aşkaretmə radar stansiyasını və “Sopka-2” radar kompleksini vurub.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ