İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dövlət borcu sürətlə ARTIR – Müharibə daha bir il uzansa...

Rusiyanın Ukraynaya qarşı müharibəsinin iqtisadi yükü ölkənin maliyyə göstəricilərində özünü daha qabarıq göstərməyə başlayıb. Dövlət borcunun artması, büdcə kəsirinin yüksəlməsi və Milli Sərvət Fondunun likvid aktivlərinin azalması Moskvanın maliyyə imkanları ilə bağlı sualları artırır.

Rusiya Hesablama Palatasının federal büdcənin icrasına dair əməliyyat hesabatına görə, ölkənin dövlət borcu 2026-cı ilin ilk yarısında 6,8 faiz, yaxud 2,4 trilyon rubl artaraq 37,5 trilyon rubla çatıb. Bu, təxminən 445 milyard ABŞ dollarıdır.

Hesabatda qeyd olunur ki, eyni dövrdə Milli Sərvət Fondunun rubl ekvivalentində həcmi 311 milyard rubl azalıb. Xərclənməsi mümkün olan likvid aktivlərin həcmi isə 473,3 milyard rubl azalaraq 3,6 trilyon rubla, yəni təxminən 42,7 milyard dollara düşüb.

Rusiyanın büdcə kəsiri ilə bağlı göstəricilər də diqqət çəkir. Hesablama Palatası iyunun 30-na büdcə kəsirini 5,8 trilyon rubl, yaxud 69 milyard dollar səviyyəsində qiymətləndirib. Bu məbləğ bütün il üçün planlaşdırılan kəsirdən təxminən 1,5 dəfə çoxdur.

Bəs Rusiya bu templə hara gedir? Müharibənin daha bir il davam etməsi ölkənin maliyyə-iqtisadi vəziyyətinə necə təsir göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, müharibənin uzanması Rusiyanın üzləşdiyi iqtisadi itkiləri daha da artıracaq. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Rusiyanın müharibə ilə bağlı itkiləri artıq daha böyükdür və qarşıdakı dövrdə bu xərclərin artması gözlənilir: “Demək olar ki, əvvəlki illərlə müqayisədə indi Rusiya daha çox itki verib və bundan sonra da həmin itkilərin intensivləşəcəyi gözlənilir. Əvvəl Rusiya müharibəni əsasən Ukrayna ərazisində aparırdısa, indi döyüşlərin müəyyən hissəsi Rusiyanın öz ərazisinə də keçib. Bütün bunlara görə Rusiyanın müharibə xərcləri aybaay artır”.

Akif Nəsirli hesab edir ki, müharibənin daha bir il davam etməsi Rusiyanın dövlət borcuna ciddi təsir göstərə bilər: “Düşünürəm ki, müharibə növbəti ildə də davam edərsə, bu borc iki-üç dəfə daha çox arta bilər. Hazırda Rusiyanın real dövlət borcunun rəsmi açıqlanan göstəricilərdən qat-qat çox olduğunu düşünürəm. Sadəcə olaraq, müharibə xərclərinin bir hissəsi başqa mənbələr hesabına ödənilir və rəsmi hesabatlarda bu vəsaitlər tam əksini tapmaya bilər. Xərclər müxtəlif mənbələrdən əldə olunan vəsaitlər hesabına qarşılandığı üçün dövlət borcu kağız üzərində olduğundan daha aşağı görünür. Real borc yükü isə daha yüksək ola bilər”.

Ekspert Rusiyanın enerji gəlirlərinin də bu prosesdə mühüm rol oynadığını bildirir. Onun sözlərinə görə, Moskvanın neft və qaz satışından əldə etdiyi gəlirlər, o cümlədən sanksiyalardan yayınmaq üçün istifadə etdiyi kanallar, müharibə xərclərinin maliyyələşdirilməsində əhəmiyyətli olaraq qalır: “Rusiyanın “gizli donanma” vasitəsilə satdığı neft və sıxılmış qazdan əldə etdiyi gəlirlər müxtəlif kanallarla ölkəyə daxil olur və müəyyən xərclərin qarşılanmasına yönəldilir. Buna görə də Rusiyanın faktiki borc yükünün açıqlanan rəqəmdən yüksək olduğu qənaətindəyəm. Dəqiq rəqəm demək mümkün deyil. Amma müharibə daha bir il uzanarsa, dövlət borcunun daha böyük göstəricilərlə ifadə olunacağı gözləniləndir”.

Akif Nəsirliyə görə, Rusiyanın rəsmi hesabatlarında açıqlanan rəqəmlər ölkənin üzləşdiyi bütün maliyyə yükünü tam əks etdirməyə bilər: “Rusiyanın Hesablama Palatasının açıqlayacağı rəqəmlər reallığı tam əks etdirməyə, hətta daha aşağı göstərilə bilər. Lakin buna baxmayaraq, real borc yükünün artması özünü digər iqtisadi göstəricilərdə göstərəcək. Bu proses Rusiyanın iqtisadiyyatında, əhalinin sosial vəziyyətində və makroiqtisadi indikatorlarda özünü büruzə verə bilər. Hökumət müəyyən rəqəmləri aşağı göstərsə və ya bəzi xərcləri ayrıca kateqoriyalarda təqdim etsə belə, iqtisadiyyatdakı ümumi tendensiyalar müəyyən müddətdən sonra real vəziyyəti üzə çıxaracaq”.

Beləliklə, Rusiyanın dövlət borcunun artması təkcə borcun nominal həcmi ilə deyil, həm də büdcə kəsiri, Milli Sərvət Fondunun likvid aktivlərinin azalması və müharibə xərclərinin dinamikası ilə birlikdə qiymətləndirilməlidir. Müharibənin uzanması halında isə əsas sual Moskvanın artan xərcləri nə qədər müddət ərzində mövcud maliyyə mənbələri hesabına kompensasiya edə biləcəyidir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR