İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynadan Moldovaya çıxmaq istəyir?

Bəli, ötən həftənin lap sonlarında rusiyalı hərbçilər “xüsusi əməliyyat”ların ikinci mərhələsinin hədəflərini elan etdilər: Donbasda və Cənubi Ukraynada möhkəmlənmək.

Ən maraqlısı isə budur ki, rusiyalı hərbçilər bu ərazilərdə möhkəmlənməyin başqa aspektdən də önəmini qeyd etməyi unutmadılar: bura Moldovanın Dnestryanı bölgəsinə yaxınlığı ilə önəm kəsb edir, belə ki, guya burada da rusdilli əhali sıxışdırılır.

Buradan belə bir nəticə çıxarmaq olar ki, Moskva Kişinyovu da unutmur. Əslində belə də olmalı idi və burada təəccüblü heç nə yoxdur, baxmayaraq ki, münaqişə başlayandan Moldova dəfələrlə qeyd edib ki, Avropa İttifaqına daxil olmaq onun planı olsa da NATO ilə bağlı hədəfi yoxdur, çünki ölkə konstitusiyasına görə Moldova neytral dövlətdir.

Amma biz dəfələrlə qeyd etmişik ki, Moskva Ukraynada hədəflərinə çatsa onun növbəti təzyiq ünvanı Gürcüstan və Moldova olacaq, çünki Rusiyanın sovet simvolikalarına qayıtması elə də boş hadisə deyil, yox, Putin ciddi şəkildə SSRİ-ni bərpa etməyi düşünür.

Belədə isə Rusiyanın siyasətinə nəzər salanda adamın ağlına bir şey gəlir: etnik irredentizm.

Aydın məsələdir ki, bir etnosun coğrafiyası heç də onun dövlət sərhədlərilə üst-üstə düşmür. Ona görə də irredentizm adlı siyasət var və o, bir etnosun yayıldığı bütün əraziləri bir dövlətdə birləşdirməyi nəzərdə tutur. Bəli, Moskva rus dilli və yaxud rus əhalisinin problemlərinə bu cür yanaşır. Ona görə də onun bir çox dövlətlərə ərazi iddiaları var.

O ki qaldı Rusiyanın gələcək planlarına, o, Abxaziyada və Cənubi Osetiyada referendumlar keçirir ki, onların ərazilərini özünə birləşdirsin. Halbuki Tiflis də Qərbin ciddi şəkildə müdafiə etdiyi dövlətlərdəndir. Bir daha qeyd edirik ki, Ukraynada hədəflərinə çatsa, Rusiya Moldova ilə Gürcüstanı hədəfə götürəcək və onları qısa müddətdə işğal etməyə cəhd edəcək və güman ki, buna nail də olacaqdır, çünki bu iki dövlətin insan resursları Ukraynanınkı qədər deyil, Ukraynanın böyük əhalisi var, onun hərbi sənaye kompleksi mövcuddur.

Amma əsas insan resurslarıdır, çünki demokratik Qərb ölkələrinin bir əsas problemi var: onlar insan resursları ilə davranmaqda elə də sərbəst deyillər, bu ölkələrə tabut gələndə etirazlar başlayır. Ona görə də Ukrayna müharibəsinə qarışmamaq təkcə nüvə amililə bağlı deyil, burada həm də canlı itki verməkdən ehtiyatlanmaq var. Odur ki, indi ABŞ və Qərb dövlətləri Kiyevə hər cür kömək göstərir və dəstək olurlar, təkcə canlı qüvvədən savayı...

Bir daha qeyd edirik ki, Ukraynanın canlı insan resursları isə yetərincədir. Üstəgəl, bu ölkə hərb məsələlərində elə də nabələd deyil. Sovet vaxtı SSRİ-nin üç müdafiə nazıri ukraynalılar olubdur. Həm də bu ölkənin Rusiyaya qarşı böyük müqavimət tarixi var - həm hərbi-siyasi planda, həm də ideoloji müstəvidə.

Bu səbəbdən də düşünürük ki, Rusiya bu bataqlıqdan çıxa bilməyəcəkdıir, çünki ötən yazılarımızda qeyd etmişik ki, bu müharibə iki dövlətin müharibəsi deyil, yeni dünya nizamı uğrunda müharibədir.

Həm də ortada hamıya bəlli bir Əfqanıstan olayı var. SSRİ bu müharibəni uduzmaqla canını qurtara bilmədi, həm də yenidənqurma başladı. Ukrayna da Əfqanıstan ola bilər, ən azı ona görə ki, sovet qoşunları Kabili bircə günə tutmuşdu, Ukraynada isə bunu bacarmadı. Deməli, Kiyev də Moskvanı yerində oturda bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR