İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi: “stavka” 100 milyard dolları ötdü...

Ötən həftə ABŞ Konqresinin Ukraynaya növbəti böyük maliyyə yardımını təsdiqləməsi ilə Kiyevə ayrılan ümumi maliyyə yardımı 100 milyard dolları keçdi. Bu isə o deməkdir ki, müharibə həm də iqtisadi güclərin savaşıdır və burada qalib həm də iqtisadi cəhətdən güclü dövlət olacaq.

Təhlilçilərin təxmini hesablamalarına görə Rusiya da bu qədər xərcləməlidir, çünki ən müxtəlif mənbələrə görə, Moskvaya da müharibənin bir günü milyard dollara başa gəlir və ötən müddəti yada salsaq, elə bu da təxminən yüz milyard dollar edir.

Rusiya-Ukrayna müharibəsinin finalını gözləmədən də demək olar ki, müahribədə NATO qalib gəldi, çünki Kiyevə qarşı savaş açan Kreml belə hesab etdi ki, nəinki Şimali Atlantika Blokunun genişlənməsini dayandıracaq, hətta onu uzun müddətə iflic edəcək, amma belə olmadı.

Bu günlərdə daha iki ölkə -İsveç və Finlandiya Bloka üzv olmaq üçün müraciət etdilər. Bunun özü isə o deməkdir ki, NATO-ya üzv olmağa can atmaq dövlətlərin təbii istəyidir, heç kim onları buna məcbur etmir, sadəcə, dövlətlər NATO-nun çətiri altında özlərini daha rahat hiss edirlər.

Rusiya düşünürdü ki, Kiyevə qarşı müharibə açmaqla NATO-nun öz sərhədlərinə yaxınlaşmasının qarşısını alacaq, amma tərsinə oldu: nə fərqi var, qərb sərhədi olsun, yoxsa şimal? İveçlə Finlandiya NATO-nun Rusiyanın şimal sərhədlərində, xüsusən də Baltik və Şimal dənizlərində möhkəmlənməsinə yol açdılar...

Sual oluna bilər ki, bəs bu müharibənin bizim region üçün, Cənubi Qafqaz regionu və Mərkəzi Asiya üçün hansı nəticələri ola bilər? Demək olar ki, bu nəticələr realdır, çünki Cənubi Qafqaz və Mərkəzi Asiya regionu daim ABŞ-ın diqqətindədir, amma burada daha bir ciddi aktor var və bu da Türkiyədir.

Bu regionlara ya ABŞ gəlməlidir, ya da Türkiyə. Rusiya ikincini seçməyə meyllidir, çünki Türkiyə ilə bacaracağını zənn edir. Həm də Ankara Rusiya üçün elə bir təhdid yaratmır, üstəgəl, Moskva Türkiyə-NATO, Türkiyə-ABŞ ziddiyyətlərindən də yararlanmağa cəhd edir.  

Ruisya-Ukrayna müharibəsi başlayandan Mərkəzi Asiya ölkələri alternativ tranizt imkanları axtarmaqdadırlar, çünki Rusiyaya qarşı ciddi sanksiyalar onların öz neft və qazlarını dünya bazarına çıxarmasına mane olur. Diqqətdə ən çox trans-Xəzər marşrutudur ki, Mərkəzi Asiya ölkələri ən çox buna maraq göstərir. Düşünürük, Qazaxıstan prezidenti Qasım- Comard Tokayevin Türkiyəyə bu günlərdə baş tutan səfəri də elə bununla bağlı idi. Məlum olduğu ki, bunun ardınca Tokayev Azərbaycana da dəvət aldı ki, bu səfər də əlverişli məqamda reallaşacaq.

Bir sözlə, hazırda hərtərəfli müharibə gedir. Bu təkcə klassik müharibə deyil, burada hibrid müharibənin xeyli elementləri var və buna yığcam şəkildə total müharibə də demək olar. Yazının əvvəlində Qərbin maliyyə yardımını qeyd etdik. Bu son olmayacaq, ABŞ və NATO ölkələri Kiyevə nə qədər lazımdırsa yardım edəcək. Amma Rusiyanın imkanları elə də böyük deyil, o, tez bir zamanda tükənə bilər...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR