İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus hərbçilərin dirənişi - “Qafqaz altımdadır, ən uca zirvədə mən” epoxasının sonu

Bir zamanlar (200 il öncə) təməlli şəkildə, diviziyaları, hərbi bazaları, rus icması ilə bərabər Qafqaza yerləşmiş Rusiya indi 3 müstəqil dövlətin ərazisində bir çadırlıq da olsa yer tutaraq ilişib qalmaq niyyətindədir.

3 il əvvəl özünü birtəhər Qarabağa pərçim edən, öz üzərinə mahaldakı ermənilərin keşikçisi olmaq funksiyası götürən Rusiya hərbi kontingentinin hazırda Qarabağ torpaqlarının minalardan təmizlənməsi işi üçün bölgədə qalmaq planı məhz bundan xəbər verir: onlar buralardan getmək istəmirlər.

Əslində isə rus hərbçilərin Cənubi Qafqazda, Qarabağda işləri qalmayıb. Azərbaycandakı ermənilər öz “miatsum” (“balanın anaya qovuşması”) arzularını, nəhayət, həyata keçiriblər, Ermənisanda yaşayan Azərbaycan türkləri isə hələ 35 il bundan əvvəl dədə-baba yurdundan deportasiya ediliblər və öz soydaşları ilə birgə yaşamağa başlayıblar.

Hər etnik azlıq öz milli mənzillərinə çəkildikdən və onların arasında milli zəmində toqquşma ehtimalı minimuma endikdən sonra, təbii ki, nə harayçıya, nə də arbitrə ehtiyacları yoxdur. Qan və namuz düşməninə çevrilmiş bu qonşular nə vaxtsa yenidən gediş-gəlişi, alış-verişi bərpa etmək istəsələr, bunu russuz, ingilissiz, fransızsız da edə biləcəklər. Özləri istəməsə, dünyada heç bir kənar qüvvə bu iki xalqı bu tezlikdə barışdıra, iç-içə yaşamağa razı sala bilməz.

7778899.jpg (194 KB)

Fəqət Qarabağda işsiz qalmış Rusiya hərbçiləri öz darda olan, müharibə aparan, böyük itkilər verən, canlı qüvvəyə ehtiyac duyan vətənlərinə getmək istəmirlər. Əlbəttə, ilıq havalı Qafqazda qalmağı ağır işlər görmədən, həyatları üçün heç bir təhlükə hiss etmədən xidmət keçən zabit və əsgərlər də istəyirlər, Kremldə oturanlar, rus dövlətini idarə edənlər də.

Bu regionda qalmaq hərbçilər üçün başın salamatlığı məsələsidirsə, dövlət adamları üçün dövlət əhəmiyyətli strateji məsələdir, imperiya ambisiyasından vaz keçməməyin təzahürüdür.

200 il əvvəl rus çarı Qafqazı işğal etmək barədə əmr verəndə heç də bu işğal və ilhaqın müvəqqəti olacağını nəzərdə tutmurdu. O, buraları İrandan qoparmaq, bu əraziləri öz torpaqlarına qatmaq, zamanla slavyan mənşəli əhali ilə məskunlaşdırmaq istəyirdi. Rus dövləti buna böyük ölçüdə nail olmuşdu. İranla həmsərhəd rayonlarda (Füzuli, Biləsuvar, Cəlilabad və s.) yerləşdirilən çoxsaylı rus icmaları buna misal idi. Adamlar ellikcə Tambov və ona yaxın ərazilərdən Cənubi Qafqaza, Krıma, Qarsa köçürülmüşdülər. Bu şəxslərin köçürülməsi üçün əsas səbəb dini, kilsəni inkar etmələri idisə, o zaman onları Rusiyanın ucsuz-bucaqsız ərazilərinə də köçürə bilərdilər. Ancaq onları Rusiyanın yeni bərqərar edilmiş cənub sərhədlərində məskunlaşdırırdılar.

malakanlar1...jpg (143 KB)

Bu, o demək idi ki, Rusiya Cənubi Qafqazda əbədilik qalmaq, onu özününkü etmək, yerli xalqları zamanla assimlyasiyaya məruz qoymaq siyasəti yeridir. Ancaq bu siyasət sonrakı əsrlərdə uğurlu olmadı. Cənubi Qafqaz xalqlarında milli oyanış prosesi başlandı, insanlar hansı millətdən olduqlarını, hansı dinə etiqad etdiklərini unutmadılar, rus siyasi və hərbi qüvvələrinin bu regionda mövcudluğunun mahiyyətcə müstəmləkəçilik olduğunu dərk etdilər. 100 ildən sonra milli respublikalar quruldu, ancaq onlar tezliklə SSRİ adlanan rus imperiyasında muxtar subyektlərə çevrildilər. Budur, daha 100 il sonra bu respublikalar öz müstəqil dövlətçiliklərini bərpa ediblər, amma rus generallar Paskeviçin, Sisianovun, polkovnik Karyaginin xələfləri hələ də regiondadırlar.

Əslində onların günü bu gün Cənubi Qafqazdan çəkilməsi hələ regiona istiqrar gələcəyi demək deyil. Burada gözü olanlar çoxdur. Fransa neçə vaxtdır sağdan, soldan təpilir ki, Ermənistanı bastion etməklə Qafqaza yerləşsin. ABŞ da çoxdandır o fikirdədir və o, artıq bu istiqamətdə daha böyük uğurlar əldə edib, öz diplomatlarını və kəşfiyyatçıları İrəvanda lazımınca yerləşdirib və onlar Rusiyanın hərbi bazasının bu ölkədən çıxarılmasını təmin etmək istəyirlər. Cənub tərəfdən İran da 200 il əvvəl ona məxsus olmuş mahallara iştahla baxır, onları yiyəsiz görsə, “tarixi ədaləti bərpa etmək” niyyətinə düşəcək.

Ona görə də Rusiya buraları başqa dövlətlərə buraxmamaq, “gedərəm, yenə gələrəm” əziyyətinə qatlaşmamaq üçün bəri başdan dirəşir.

Bu gün-sabah Qarabağdakı rus hərbçilərin kənd təsərrüfatına aid mövsümi işlərlə məşğul olduqları, əl-ayaq işlərinə baxdıqları barədə xəbərlər gəlsə, təəccüblü olmayacaq. Məqsəd buralarda qalmaq və özünü məşğul, lazımlı göstərməkdir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR