Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə artan hərbi gərginlik dünya enerji bazarlarında yenidən həyəcan siqnalı yaradıb. İran ətrafında baş verən hadisələr və müharibə riskinin yüksəlməsi neftin qiymətinə dərhal təsir göstərməyə başlayıb. Bunun ilk nəticələri artıq Avropada hiss olunur. Almaniyada benzin və dizel yanacağının qiymətində qısa müddətdə kəskin artım qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, münaqişənin genişlənməsi və xüsusilə Hörmüz boğazında nəqliyyatın məhdudlaşdırılması qlobal enerji bazarında yeni qiymət şoku yarada, neft və qazın bahalaşmasını daha da sürətləndirə bilər.
Bu vəziyyət Azərbaycanın enerji sektoru, ixrac imkanları və daxili yanacaq bazarı üçün də aktual suallar doğurur. İran ətrafındakı müharibə dünya enerji bazarında uzunmüddətli böhran yarada bilərmi? Qlobal bazarlarda baş verən proseslər Azərbaycana hansı iqtisadi təsirləri göstərə bilər?
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, indiki vəziyyətdə söhbət təkcə İran-ABŞ qarşıdurmasından deyil, enerji tədarükü marşrutlarının sistemli şəkildə hədəfə alınmasından gedir:
“Reuters və digər nüfuzlu agentliklərin son məlumatlarına görə, Hörmüz boğazında hərbi aktivlik yenidən artıb, iki tanker partlayış nəticəsində hərəkətsiz qalıb, İran isə ABŞ-nin İordaniya, Küveyt və Suriyadakı obyektlərinə zərbələr endirib. Eyni zamanda, ABŞ əməliyyatlarını davam etdirir. Bu hadisələr fonunda Brent markalı neftinin qiyməti yenidən 90 dolları aşıb. O cümlədən Avropada qaz qiymətləri hər min kubmetr üçün 600 dollardan baha qiymətə satılır”.
İlham Şabanın fikrincə, hazırkı mərhələdə üç əsas ssenari var: “Birinci ssenari – məhdud enerji şokudur. Bu, bazarın hazırda qiymətləndirdiyi əsas variantdır. Tankerlərin sığorta haqları artır, yükdaşımalar gecikir, neft və LNG daşınması bahalaşır. Bu halda neft və qaz qiymətləri yüksək qalır, lakin bazarda fiziki qlobal qıtlıq yaranmır.
İkinci ssenari – uzunmüddətli Hörmüz böhranıdır. Əgər boğazdan keçid həqiqətən uzun müddət ciddi məhdudlaşarsa, bu artıq daha təhlükəli vəziyyətdir. Hörmüz dünya dəniz yolu ilə daşınan neftin təxminən beşdə birinin və LNG ticarətinin də böyük hissəsinin keçdiyi əsas arteriyadır. Belə vəziyyətdə təkcə neft deyil, xüsusilə Asiya bazarında qaz qiymətləri də kəskin yüksələ bilər.
Üçüncü ssenari – regional müharibənin genişlənməsidir. Əgər İranın zərbələri Körfəz ölkələrinin enerji infrastrukturuna və ya ABŞ müttəfiqlərinə qarşı daha da genişlənərsə, artıq söhbət təkcə Hörmüzdən yox, bütün Fars (Ərəb) körfəzi ixrac sistemindən gedəcək. Bu halda qiymət artımı daha kəskin ola bilər”.
İlham Şabanın sözlərinə görə, Azərbaycan baxımından belə bir böhran qısamüddətli dövrdə qaz və neft ixracından gəlirləri artıra bilər: “Lakin uzunmüddətli perspektivdə dünya iqtisadiyyatının yavaşıması enerji tələbatını azalda bilər. Buna görə də yüksək qiymətlər ilk mərhələdə üstünlük yaratsa da, uzun sürən enerji böhranı ixracatçılar üçün də tamamilə müsbət ssenari sayılmır”.
Xalidə Gəray,
Musavat.com
21 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ