İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanun korrupsiyanın genişlənməsinə xidmət edir” – Tanınmış vəkildən SENSASİON açıqlama

Xəbər verdiyimiz kimi, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin cəzası 11 ildən 8 ilə endirilib. Ali Məhkəmədə qəbul olunan qərara əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Mahir Quliyevin cəzasının 8 il 3 aya endirilməsi onun azadlığa çıxma şansını artırır. O, 2025-ci ildə cəzasının azadlığın məhdudlaşdırılması növündə çəkməsi ilə bağlı müraciət edə bilər. Bu halda Mahir Quliyevin ayağına elektron qolbaq bağlayıb cəzaçəkmə yerindən evinə yola sala bilərlər. 2026-cı ildə Mahir Quliyevin cəzasının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət hüququ yaranır. Bu hüquqdan da yararlansa, ayağındakı elektron qolbağı açıb sabiq başçının sərbəst hərəkətinə geniş imkanlar açıla bilər.

EKREM.jpg (30 KB)

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun əks motivasiyadır, korrupsiyanın qarşısını almaq əvəzinə onun genişlənməsinə xidmət edir:

“Onun tərəfdarıyam ki, korrupsiya cinayətlərinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Amnistiya, əfv korrupsiya cinayətlərinə görə həbs olunanlara şamil olunmasın. Korrupsiya cinayəti törədən bilməlidir ki, ömürlük cəza alacaq, ona hər hansı bir güzəşt olunmayacaq. Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq. İndiki halda isə sistemsiz şəkildə iş aparılır. Ədalətsizlik də elə budur. Büdcə pullarını oğurlayan da fikirləşir ki, oğurlayaram, oğurladığımın bir hissəsini qaytararam, açıb buraxarlar məni. Azərbaycanda korrupsiya ilə ancaq icra başçıları məşğul olmur. Dövlət məmurlarının mütləq əksəriyyəti bu işlə məşğuldur. Publik hüquqi şəxslər də bura daxildir. Formal olaraq dövlət qulluqçusu hesab edilmirlər. Amma büdcədən maliyyələşirlər və əlləri çatan pulları özününküləşdirə bilirlər. Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduqları mövqe də bu cinayətin genişlənməsi üçün münbit şərait yaradır. Toyuq oğrusuna 11 il cəza verilirsə, o, 11 ildən sonra azadlığa çıxır. Büdcədən milyonları oğurlayan, əhalinin aztəminatlı ailələrinə ayrılan qəpik-quruşu belə qamarlayan məmur isə 11 il cəza alır və uzağı 5 ilə azadlığa çıxır. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu götürək. Adam 10 milyonlarla manat büdcə vəsaitini oğurladı, tutuldu və məhkəmədən şərti iş verib azad etdilər. Səlim Müslümovun büdcədən külli miqdarda oğurluqdan sonra azadlıqda qaldığını görən digər məmur nə fikirləşəcək? Fikirləşəcək ki, əlini korrupsiyaya bulaşdırdınsa, bacardıqca daha çox oğurlamalısan ki, tutuldun, bir hissəsini verib məhkəmədən azadlığa çıxa biləsən.

Azərbaycanda qanunların bu şəkildə tətbiqi korrupsiya cinayətlərinin qarşısını almır, əksinə, korrupsiya cinayətlərin daha miqyaslı şəkildə törədilməsini stimullaşdırır. Az oğurlayan tutulanda həbsdən canını qurtara bilmir. Çox oğurlayan isə, Səlim Müslümov nümunəsində bunu gördük, rahat şəkildə canını həbsdən qurtara bilir. Mümkün qədər çox oğurlayanın tutulanda azadlıq şansı da çoxdur”.

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda belə təəssürat formalaşıb ki, qanun qəbul edildisə, cinayətin də qarşısı alınacaq. Əslində isə belə deyil:

“Qanun qəbul edən fikirləşməlidir ki, reallıqda tətbiqi necə olacaq. Qanunu qəbul etməklə deyil ki. Qanunun işləməsini təmin etmək lazımdır. Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun var. Çox təəssüf ki, bu qanun işləmir! Bu qanun əks motivasiyadır. Yəni korrupsiyanı stumullaşdıran qanundur. Məmur da qanunla tanış olur, görür ki, büdcəni nə qədər çox yesə, ələ keçəndə bir o qədər də çox azadlıq şansı var. Ona görə də büdcədən oğurluğu bacardığı qədər çox edir. Bunun əsas səbəbləri sırasında ictimai nəzarətin olmaması, məmurların gəlir bəyannaməsi verməməsidir. Bütün dövlət reyestrləri də bağlıdır. Halbuki bütün dövlət reyestrləri açıq olmalıdır ki, istənilən məmurun nəyi var, nəyi yoxdur bu bilinsin. Sabah məmur həbsə alınanda hamı bilməlidir ki, bunun nəyi var, nəyi yoxdur. Azərbaycanda isə bunu yalnız hüquq-mühafizə orqanı bilir və həbsə alınan məmur da onu tutanla razılaşmağa meyl edəcək. Çünki qarşısındakı da məmurdur, o da qazanmaq istəyir. Əlini bulaşdırmaq istəməsə, ondan yuxarıdakı bulaşdıracaq. Şəffaflıq olsa, hər kəs biləcək ki, Səlim Müslümovun nələri var, harada var və o, canını qurtara bilməyəcək. Bu halda korrupsiya ciinayətlərinin qarşısını almaq mümkün olacaq”.

Xatırladaq ki, Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR