İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazda dağıdıcı qlobal toqquşma təhlükəsi artır: Paşinyan Əliyevdən niyə qaçır

Ermənistan sülh sazişi imzalamaq şansını itirir, Kreml bu sənədin Rusiyanın da geopolitik maraqlarını ifadə edən variantda hazırlanmasına cəhd göstərir… Rəsmi İrəvan isə eyni vaxtda ABŞ, Avropa Birliyi, Fransa və Rusiya, hətta Türkiyə ilə bağlı müxtəlif manevrlər etməyə çalışır, Kremlin Qərblə savaşının yekun nəticəsindən əmin olmaq üçün zaman qazanmağa can atır…

Cənubi Qafqazda hazırda geopolitik savaşın mövcud olduğu inkaredilməz reallıqdır. Paşinyan hakimiyyəti Ermənistanı dünya nəhənglərinin geopolitik qarşıdurma poliqonuna çevirib. Rəsmi İrəvan regional maraqları kəskin şəkildə toqquşan ABŞ, Rusiya, Fransa və Avropa Birliyindən Ermənistanın mövqelərini gücləndirmək məqsədilə eyni vaxtda istifadə etməyə çalışır.

Ancaq bu, bu çox təhlükəli və riskli oyundur. Çünki əsas məsələ dünya nəhənglərinin Ermənistanı müdafiə edib-etməyəcəyi deyil, onların arasında olan amansız qarşıdurmadır. İndi həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi Ermənistana geopolitik sifarişlər, təlimatlar verir və onların maraqlarına uyğun addımların atılmasını tələb edir. ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Ermənistanın Kremlin patronajlığı altında olan KTMT-nı tərk etməsini, Rusiya hərbi bazasını ölkədən çıxartmasını istəyir.

Eyni zamanda, Kreml də Paşinyan hakimiyyətinin Rusiyanın düşmənlərini - ABŞ, Fransa və Avropa Birliyini Ermənistan üzərindən Cənubi Qafqazdakı geopolitik proseslərə cəlb etməsindən ciddi şəkildə narazıdır. Hətta son vaxtlar rəsmi İrəvanın davranışları Kremli açıq-aşkar qəzəbləndirir. Ona görə də, Rusiya son vaxtlar rəsmi İrəvanın ABŞ və Qərbin xeyrinə seçim edəcəyi təqdirdə, Ermənistanın mövcudluğuna son qoyacağına yönəlik açıq xəbərdarlıq mesajları verir.

Belə görünür ki, Rusiya tezliklə Ermənistanı cəzalandırmaq üçün ən sərt və radikal addımlar ata bilər. Bu addımların sırasında Ermənistanın Rusiya tərəfindən hərbi işğalı da qətiyyən istisna deyil. Yəni, rəsmi İrəvan hazırda ümumiyyətlə, erməni dövlətçiliyini belə, ciddi risk altına atmış kimi görünür.

12323.jpg (861 KB)

Bütün bunlar onu göstərir ki, Ermənistanda ABŞ və Qərb Rusiya ilə açıq regional savaşa girməkdədir. Bu savaş hələlik geopolitik alətlər üzərindən aparılır. Ancaq belə davam edərsə, ABŞ və Qərb ilə Rusiya arasındakı bu geopolitik savaş birbaşa hərbi alətlərin ön plana keçdiyi açıq toqquşmalara da çevrilə bilər. Yəni, Ermənistan hazırda böyük fəlakət təhlükəsi ilə üzləşib. Bu ölkənin tezliklə öz müstəqilliyini itirməsi və silahlı münaqişə məkanına çevrilmə ehtimalı da tamamilə realdır.

Ona görə də, indiki situasiyada Paşinyan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalamaq imkanında olduğu o qədər də inandırıcı görünmür. Rəsmi İrəvan sülh sazişi imzalayarkən, həm ABŞ və Qərbin, həm də Rusiyanın geopolitik maraqlarını mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, Ermənistan hər iki tərəfin çarpaz zərbələri altında qala, nəticədə qısa zamanda “əriyib” yox ola bilər.

ABŞ və Qərb sülh sazişinin mümkün qədər tez bir zamanda və üstəlik, Rusiyanın iştirakı olmadan imzalanmasında maraqlıdır.  Çünki bu halda, Rusiyanın regional təsir və nəzarət mexanizmləri öz əhəmiyyətini böyük ölçüdə itirmiş olacaq. Və Rusiyanın Cənubi Qafqazdan ümumiyyətlə, sıxışdırılıb, çıxarılması qaçılmaz xarakter daşıyacaq.

Ona görə də, Kreml Paşinyan hakimiyyətinin sülh sazişini imzalamasına imkan vermək niyyətində deyil. Kreml bu sənədin yalnız Rusiyanın da geopolitik maraqlarının ifadə olunduğu variantda hazırlanmasına cəhd göstərir. Yəni, Rusiya sülh prosesinin istiqamətlərini də, imzalanacaq sənədin mətnini də birbaşa özü müəyyən etmək istəyir. Halbuki, bu, həm qəbuledilməzdir və həm də mümkün deyil.

Belə anlaşılır ki, Cənubi Qafqazda sülhdən və sabitlikdən danışmaq hələlik çox tezdir. Belə davam edərsə, regionun dünya nəhənglərinin açıq savaş məkanına çevrilmə ehtimalı reallığa çevrilə bilər. Xüsusilə də, Ermənistanın dünya nəhənglərinin toqquşmaları ucbatından daxili xaosa sürüklənə biləcəyi də qətiyyən istisna deyil.

f0b0dc17-24c4-43f9-a9f3-ad3540cb4b3d.jpg (253 KB)

Rusiyanın son anda regional sülh prosesini poza biləcəyini Kremlə yaxın rus politoloq Vladimir Lepexinin açıqlaması da təsdiqləyir. O, bildirib ki, Rusiya Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara sərt reaksiya verməlidir. Və Kreml sahib olduğu bütün təzyiq mexanizmlərini bu prosesi vaxtında əngəlləmək üçün hərəkətə gətirməlidir.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da Kremlin Ermənistana “Qərbə doğru qaçmaq” imkanı verməyəcəyinə eyham vurub. Onun fikrincə, məhz ABŞ və Avropa Birliyi Cənubi Qafqazdakı geopolitik situasiyaya kobud müdaxilə etməklə, regional sülh prosesini pozur. M.Zaxarova vurğulayıb ki, ABŞ və Fransanın günahı ucbatından Minsk Qrupu artıq “tarixin zibilliyi”nə göndərilib. Ona görə də, indi ABŞ və Qərbin Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etməsi yolverilməzdir.

Rusiya diplomatiya idarəsinin təmsilçisi hesab edir ki, indi regional sülhü təmin edə biləcək yeganə siyasi-hüquqi mexanizm üçtərəfli anlaşmaların icra edilməsindən ibarətdir. Bu məsələdə isə Rusiyanın vasitəçilik missiyası əvəzolunmazdır. Bu formatın dəyişdirilməsinə yönəlik cəhdlərsə, Cənubi Qafqazı yenidən münaqişə zonasına çevirə bilər.

Təbii ki, bundan sonra rəsmi İrəvanın necə davranacağı Ermənistanın gələcək taleyinə birbaşa təsir göstərəcək. Hələlik Paşinyan hakimiyyəti Kremlin təhdidlərinə baxmayaraq, sülh prosesini Rusiyadan mümkün qədər uzaqlaşdırmağa çalışır. Belə ki, rəsmi İrəvan bir tərəfdən, sülh sazişinin hazırlanması prosesində qeyri-adekvat təkliflər irəli sürür. Bununla da prosesin mümkün qədər uzadılmasına cəhd göstərir.

Digər tərəfdənsə, Paşinyan hakimiyyəti müzakirələrdə Rusiya təmsilçilərilə təmasların minimuma endirilməsinə üstünlük verir. Bu, rəsmi İrəvana ABŞ və Qərbin təlimatlarını icra etdiyi ilə bağlı görüntü yaratmaq imkanları açır. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin xarici işlər naziri Ararat Mirzoyan tərəfindən sülh sazişinin yeni mətninin məhz Türkiyə vasitəsilə Azərbaycana göndərildiyini iddia etməsi də bu baxımdan, diqqəti çəkir.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Böyük ehtimalla rəsmi İrəvan bu manevrlə həm Rusiyanı prosesdən kənarda tutmaq, həm də Kremlin təzyiqləri üçün daha tutarlı səbəb verməmək məqsədi güdüb. Çünki sənədin mətni ABŞ və ya Fransa üzərindən göndərilsəydi, bu, Rusiyanın kəskin reaksiyasına səbəb ola bilərdi. Üstəlik, təkliflərin birbaşa kanallarla deyil, məhz Türkiyə vasitəsilə təqdim olunması Paşinyan hakimiyyətinin rəsmi Ankara ilə yaxınlaşmağa can atdığını da biruzə verir. Və bu, rəsmi İrəvanın eyni vaxtda ABŞ, Avropa Birliyi və Rusiya, hətta Türkiyə ilə bağlı müxtəlif manevrlər etdiyini sezdirir.

Ancaq rəsmi İrəvanın yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu düşünmək də sadəlövlük olardı. Baş nazir Nikol Paşinyan nə qədər sülh sazişinin önəmindən danışsa da, rəsmi İrəvan öz avantürist davranışları ilə Ermənistanı qəliz situasiyaya salıb. İndi rəsmi İrəvan sülh sazişi üçün əvvəlcə ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının yekun nəticəsindən də əmin olmalıdır.

Nəhayət, hazırda Ermənistanın geopolitik mövqeləri də olduqca zəifdir. Rəsmi İrəvan sülh masası arxasında özünü rahat hiss etməsi üçün vacib olan maliyyə-iqtisadi, hərbi-siyasi və hüquqi resurslara sahib deyil. Və belə vəziyyətdə Paşinyan hakimiyyəti üçün Azərbaycanın rəsmi dairələri ilə birbaşa təmaslardan yayınmaq daha sərfəlidir.

Ona görə də, baş nazir Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirakdan yayınması qətiyyən təəccüblü deyil. Hər halda, Ermənistan baş naziri N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə beynəlxalq ictimaiyyətin qarşısına çıxmağın nə qədər riskli olduğunu anlamamış deyil. Üstəlik, erməni baş nazirin belə bir uğursuz “təcrübəsi” də mövcuddur. Və böyük ehtimalla onun eyni situasiyanın daha ağır şəkildə təkrarlana biləcəyindən narahatlıq üçün əsasları var.  

Halbuki, Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində region ölkələrindən biri olan Ermənistanın baş nazirinin iştirak etməməsi də başqa bir siyasi biabırçılıqdır. Çünki məhz Ermənistan regionda təhlükəsizliyin təmin edilməsinə əngəl olan ölkə sayılır. Ola bilsin ki, baş nazir N.Paşinyan Prezident İlham Əliyevin arqumentləri qarşısında tab gətirə bilməyəcəyini anladığından özünü növbəti biabırçılıqdan sığortalamağa üstünlük verib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR