İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyada da narazı, sürücü də: paytaxtda yol mədəniyyəti - REPORTAJ

Piyada da narazı, sürücü də: paytaxtda yol mədəniyyəti - REPORTAJ

Hər gün piyadalar tərəfindən onlarla belə şikayət eşidilir. Yeraltı və yerüstü keçidlərin olmadığı ərazilərdə piyadalar nizamlanmayan piyada keçidlərindən keçməlidirlər, lakin qanunvericiliyin tələblərinə məhəl qoymayan sürücülər onları narazı salır. “Yeni Müsavat”ın əməkdaşı paytaxtda piyadalar və sürücülərlə söhbətləşib, keçidlərdə müşahidə aparıb.

Fəridə Pənahova: “Piyada zolağının kənarında dayanıram, nişanlar var, xətlər görünür, amma sürücülər yol vermir. Sonra da deyirlər ki, maşından ehtiyatlı olun. Gərək bir neçə nəfər yığılsın keçidin yanına, bir nəfər özünü atsın qabağa, sürücülər də məcbur olub saxlasınlar, amma bu da təhlükədir. Sürətlə gəlsə, fikri yayınsa, maşını saxlaya bilməsə, qəza vəziyyəti yaranar”.

Adil Hüseynov: “Hər gün nəvələrimi məktəbə aparıb gətirəndə ”zebra"dan keçirəm. Uşaqlara da öyrədirəm ki, ehtiyatlı olmaq lazımdır, maşın tam dayanandan sonra keçmək lazımdır, amma dayanmırlar. Özünüz də görürsünüz, 1-ci maşın saxlasa da, o biri zolaqdakılar saxlamır. Necə edək? Məcbur kimsə ayağını xəttə qoymalıdır, sonra ehtiyatla baxa-baxa keçməliyik. Böyük adam bir yolunu tapar. Adam uşaqdan ehtiyat edir. Qorxar, qaçar, sürücünü çaşdırar. Hadisə olanda bir dəfə olur, Allah uzaq eləsin. Görürsünüz, kamera da var. Mənə maraqlıdır, görəsən, sürücüləri izləyib cərimə edirlər, yoxsa biz şikayət etməliyik?".

Cəmilə Xasıyeva: “Qanundan az-çox xəbərimiz var. Televiziyalarda da görürük, danışırlar ki, piyadaya keçiddə yol vermək lazımdır, amma biri saxlayır, beşi saxlamır. Piyada keçidini qorxa-qorxa keçirik. Hələ ki, tələbəyəm, bir gün sürücülük vəsiqəmi alıb avtomobil idarə edəndə mütləq qaydalara əməl edəcəyəm. Hesab edirəm ki, bu, insanın ilk növbədə özünə olan hörmətinin göstəricisidir. Qanunlara əməl edək ki, bir gün pis vəziyyətdə qalmayaq, ya da daha pisi insan həyatı üçün təhlükə yaratmayaq”.

Sürücülər isə özlərini haqlı çıxarmağa çalışırlar:

Mirhəsən Əliyev: “Bu şəhərdə keçid çoxdur. Döngələrə də ”zebra" çəkiblər. Mən bilən bu, düzgün deyil. Piyadalar da keçidlərdə yavaş keçirlər. Arxada o qədər maşın yığılır, bəziləri yolu “oynaya-oynaya” keçir. Belə də olmaz axı. Keçid piyada üçündür, düzdü, amma hörmət də yaxşı şeydir".

Əhməd Qiyasov isə 30 ildir taksi sürücüsü işləyir: “Qızım, bu illər ərzində piyada keçidləri çoxalıb, yeraltı, yerüstü, nizamlanmayanlar da, həmçinin. Yollarda sıxlıq çox olur, sürücülər də hövsələdən çıxır. Yol açılan kimi gedəcəyi yerə rahat getmək istəyir. Bəzən deyirlər ki, qaydaları bilmirlər, bu, düzdür, amma elə qaydalar var ki, onları öyrənməyə ehtiyac yoxdur, bilməlisən. Balaca uşaq da bilir ki, ”zebra" onun keçməsi üçün çəkilib. Gərək, sürücülər diqqətli olsun. Neçə dəfə olub ki, ağsaqqal kimi bununla bağlı digər sürücülərə irad bildirmişəm. İndi bilmirəm, sonradan əməl ediblər, ya yox. Hər halda, qayda-qanun varsa, əməl etmək lazımdır".

Nizamlanmayan piyada keçidinin fotosunu çəkərkən diqqətimi motosiklet idarə edən kuryer cəlb etdi. Yolu keçməyə hazırlaşdığımı zənn edib, əlini qaldırdı ki, digər sürücülər də dayansın. Fərid Məmmədov adlı gəncə təşəkkür edərkən bir-iki kəlmə mövzu ilə bağlı danışdıq: “Hər gün qarşılaşdığım haldır. Piyada ayağını zolağa qoyur, mən 1-ci zolaqdayamsa, dayanıram, digər zolaqlarda isə hərəkət davam edir. Elə piyada var ki, ehtiyatlıdır, maşınların dayandığına əmin olduqdan sonra yolu keçir. Elə piyada da var ki, arxayınlaşır, yolu rahat keçmək istəyir. Dəfələrlə maşınların sürətlə gəldiyini görüb əlimi qaldırıb işarə etmişəm ki, dayansınlar, Allah uzaq eləsin, bir hadisə baş verməsin. Qaydaları bilən və əməl edən də var, bilən, amma əməl etməyən də”.

Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Yol hərəkəti haqqında” Qanunda həm sürücülər, həm də piyadalara aid aydın və ciddi tələblər var. Ekspert nizamlanmayan piyada keçidləri ilə bağlı piyadalara aid olan tələbləri açıqladı: “Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Piyada özünü qorumalı, qəflətən avtomobillərin qarşısında çıxmamalı, sürətlə gələn maşınlar varsa, keçidə daxil olmamalıdır. Bu, qəza şəraiti yarada bilər.

Sürücülərə dair tələblərdə isə qeyd olunub ki,  keçidə yaxınlaşarkən sürəti lazımınca azaldılmalıdır ki, yolu keçməyə başlamış piyadalar təhlükəyə məruz qalmasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.  Göründüyü kimi, qanunda hər iki tərəfdə məzmunca demək olar ki, eyni tələblər irəli sürülüb.  Sürücülərin də, piyadaların üzərində düşən ilk növbədə qanunlara əməl etmək, eyni zamanda qızıl ortanı tapmaqdır".

Ə.Hüseynov xatırlatdı ki, hərəkətin ən zəif iştirakçısı piyada olduğu üçün ilk növbədə özünü qorumağa diqqət etməlidir. Ekspert hətta velosipedlə toqquşmanın da təhlükəli ola biləcəyini vurğuladı: “Dünyanın hər yerində təhlükəsizlik qaydalarına riayət olunur. Əksər ölkələrdə piyada keçidin kənarında dayanmaqla yolu keçmək niyyətində olduğunu bildirir. Qeyd etmək yerinə düşər ki, eyni istiqamətdə iki və daha artıq zolaq olan yollarda daha diqqətli olmaq lazımdır. Piyadaya yazın zolaqdakı sürücü avtomobili dayandırsa da, digər zolaqdakı və ya zolaqlardakı sürücülər piyadanı görməyə bilər, yaxud sürətlə hərəkət etdiyi üçün diqqət etməyə bilər. Bir sözlə, sürücülər və piyadalar qanuna əməl etməli və qarşılıqlı hörmət bəsləməlidir. Əgər hər iki istiqamətdə intensiv hərəkət varsa, piyada keçidindən keçmək kifayət qədər risklidirsə, ”Yol hərəkəti haqqında" Qanunda bununla bağlı müddəa var: yol hərəkətinin təşkilində dəyişiklik etmək, yəni işıqfor qoymaq, yəni nizamlanmayan piyada  keçidi nizamlanan piyada keçidi olur". 

Əlavə edək ki, “İnzibati Xətalar Məcəlləsi”nin 330-cu maddəsində qeyd olunub ki, sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni:

330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;

330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Yeni Müsavat”a bildirdi ki, 2022-ci ildə “İnzibati Xətalar Məcəlləsi”nin 330-cu maddəsində nəzərdə tutulan piyadaya yol verməmə halları ilə bağlı Bakı şəhəri daxil 2170 protokol tərtib olunub.

Nigar HƏSƏNLİ,
Foto müəllifə məxsusdur
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR