Onlayn ictimai-siyasi qəzet
Nyu-Yorka səfər edən İran prezidenti Məsud Pezeşkianın ABŞ-də həbs oluna biləcəyi ilə bağlı qalmaqallı iddia irəli sürülüb.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Qasım Rəvanbəxş bəyanat verib. Deputat vurğulayıb ki, İran ABŞ ilə faktiki müharibə vəziyyətindədir və belə bir şəraitdə prezidentin saxlanılması ölkə üçün böyük məğlubiyyət olar.
Rəvanbəxş ABŞ prezidenti Donald Trampın Pezeşkianla görüşə hazır olması barədə açıqlamalarına da toxunub.
O bildirib ki, Tramp son anda görüşü ləğv edə və ya İran tərəfinə ağır şərtlər diktə edə bilər. Deputat Pezeşkianın Trampla ehtimal olunan görüşünü kəskin tənqid edərək, “rəhbərin və minlərlə iranlının qatili” hesab etdiyi bir şəxslə danışıqlar aparmağın İrana heç bir fayda verməyəcəyini vurğulayıb.
“İran dəqiq zərbə endirən ballistik raketlərini heç bir məhdudiyyət olmadan bir neçə min kilometr uzaqlıqdakı hədəflərə ata bilər”.
Bunu isə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. “Tramp bilməlidir ki, öz iradəsini güc hesabına İran xalqına və silahlı qüvvələrə qəbul etdirə bilməz. Həm də bilməlidir ki, danışıqlar da mübarizə meydanıdır; diplomatiya təslim olmaq deyil, meydandakı gücü siyasi nailiyyətə çevirməkdir”, - spiker əlavə edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı İran prezidenti Məsud Pezeşkianın təhlükəsizliyini ABŞ Gizli Xidməti təmin edəcək. CNN nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, İran nümayəndə heyətinin digər üzvlərinin mühafizəsinə isə ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti cavabdeh olacaq.
Genişmiqyaslı təhlükəsizlik tədbirlərinə federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu, polis detektivləri və magistral yol patrul xidmətinin əməkdaşları da cəlb olunacaq. ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İran rəsmilərinə ölkəyə giriş icazəsi yalnız BMT-də İranı təmsil etmək məqsədilə verilib.
Xüsusi xəbərdarlıqda onların fəaliyyətinin yalnız BMT ilə bağlı məsələlərlə məhdudlaşdırılmalı olduğu vurğulanıb.
TV Musavat-ın “Həftə içi” verilişində professor Nəsib Nəsibli ilə gündəmi müzakirə edirik.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ