Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sabiq sədri Alen Simonyanın hökumətdə yeni vəzifə tutmaq istəyi baş nazir Nikol Paşinyan tərəfindən dəstəklənməyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Alen Simonyan Milli Məclisin sədri vəzifəsindən ayrıldıqdan sonra baş nazir Nikol Paşinyana müraciət edərək özünə yeni vəzifə verilməsini xahiş edib.
Məlumata əsasən, o, məzuniyyətə çıxmazdan əvvəl baş nazirə müraciət edərək baş nazirin müavini vəzifəsinə və ya Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunmaq istədiyini bildirib.
Lakin qəzetin hökumətə yaxın mənbələrinin iddiasına görə, Paşinyan bu təklifləri qəti şəkildə rədd edib və Simonyana məzuniyyətə çıxaraq dincəlməyi tövsiyə edib.
"Joxovurd" yazır ki, Alen Simonyan iyulun ortalarından bəri ölkə xaricindədir və hələ də Ermənistana qayıtmayıb. Nəşrin məlumatına görə, o, avqustun ortalarında geri döndükdən sonra hansısa təklif ala bilər.
Bununla yanaşı, qəzetin hökumətdəki mənbələri bildirirlər ki, Paşinyan Simonyanın son dövrlərdəki davranışından və onun adı hallanan bəzi hadisələrdən ciddi narazıdır. Bu səbəbdən yaxın vaxtlarda onun hər hansı dövlət vəzifəsinə təyin olunması məsələsinə baxılmır.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ