İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan silah nümayişinə hazırlaşır

Ermənistan hakimiyyəti yaxın vaxtlarda son illərdə alınmış silahları ictimaiyyətə nümayiş etdirməyi planlaşdırır. Məlumata görə, bu addım parlament seçkiləri ərəfəsində siyasi məqsədlərlə əlaqələndirilir.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son illərdə əldə etdiyi silahları ictimai şəkildə göstərmək niyyətində olduqlarını bildirib.

Onun sözlərinə görə, hakimiyyət bu məsələnin açıq şəkildə nümayiş etdirilməsinin vacib olduğu qənaətinə gəlib:

“Silah məsələsinə gəlincə… qərara gəldik ki, bunu hamıya göstərmək lazımdır. Vətəndaşlarımızın nə əldə etdiyimizi görməsi üçün yaxın vaxtlarda bunu ictimai şəkildə təqdim etməyi düşünürük. Lakin bunu sülh vurğusu ilə edirik və sülh kontekstində təqdim edəcəyik. Ümid edirik ki, qonşularımız bunu aqressivlik nümayişi kimi qəbul etməyəcəklər”.

Paşinyan bu fikirləri Sünik vilayətinə səfəri zamanı səsləndirib. Onun sözlərinə görə, hökumət bu təqdimatla “xalq qarşısında hesabat verəcək”.

“Yəqin ki, bu, may ayında baş verəcək. Məqsəd göstərməkdir ki, biz nə etdik, hansı silahları əldə etdik. Təkrar edirəm, biz bununla müharibəyə hazırlaşmırdıq. Biz yalnız hakimiyyətimiz dövründə, əsasən də 2022-ci ildən sonra alınmış silahları göstərəcəyik”, – deyə o bildirib.

Bundan əvvəl "Hraparak" saytı hakimiyyət 28 may – Birinci Respublikanın (1918–1920) yaradılması günü münasibətilə böyük hərbi parad keçirməyə hazırlaşdığını yazmışdı. Məlumata görə, bu tədbirin parlament seçkilərindən təxminən on gün əvvəl təşkil olunması planlaşdırılır və bəzi mənbələr bunu piar məqsədli addım kimi qiymətləndirir.

Paşinyan isə bildirib ki, hazırda bölgədə sülhün mövcud olduğunu iddia etsə də, bu, Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmaması demək deyil:

“Ölkənin ordusu yoxdursa, bu, özü-özlüyündə aqressiya üçün bir təhrikdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR