Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında Ermənistanla Rusiya arasındakı münasibətlərin qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını və möhkəm institusional təmələ malik olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, iki ölkə arasındakı hazırkı gərginlik “süni xarakter” daşıyır. O, seçkilərdən sonra Moskvaya və bir sıra digər dünya paytaxtlarına səfər etməyi planlaşdırdığını da qeyd edib.
“Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr Rusiya ilə Ermənistan arasındakı münasibətlərə gərginlik gətirməyə çalışırlar. Lakin Rusiya prezidenti ilə yaxın münasibətlərimiz var”, – deyə Baş nazir vurğulayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri üzrə səsvermə başlayıb. Seçkilərdə 2 milyon 485 min 851 vətəndaşın səsvermə hüququ var.
Seçkilərdə 2 blok və 16 siyasi partiya iştirak edir. Bunlar “Ermənistan” və “Güclü Ermənistan” blokları, həmçinin “Vətəndaş Müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Meritokratik Ermənistan”, “Hamısına qarşı”, “Demokratik Konsolidasiya”, “Birliyin Qanadları”, “Maariflənmiş Ermənistan”, “Milli-Demokratik Qütb”, Xristian-Demokrat Partiyası, Erməni Milli Konqresi, “Yeni Güc”, “Respublika”, İslahatçılar Partiyası, “Demokratiya, Qanun, Nizam”, “Milli Dirçəliş və Koçari Millətinin Oyanışı”, eləcə də “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı” partiyalarıdır.
Şahanə Rəhimli
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ