İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz vətəndaşlarına “su qiyməti”nə benzin, əcnəbilərə “qızıl qiyməti”nə su - Bəhreyndən ÖZƏL

Bakıdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxan təyyarəmiz 2 saat yarım buludların üstü ilə uçduqdan sonra Fars körfəzinin ada dövlətinə endi. Bəhreyn Krallığının Beynəlxalq Hava Limanına enərkən müşahidə etdiklərimiz ilk dəfə olduğumuz ölkə haqqında müəyyən təsəvvür yaratdı. Müxtəlif mərtəbəli binalardan ibarət boz mənzərələrdən ibarətdir paytaxt Manamanın giriş hissəsi. Yaşıllıqdan əsər-əlamət belə yoxdur. Trapdan düşəndə adam özünü sanki təndirə salınmış kimi hiss edir. Küləkli Bakıdan çıxıb, 27-30 dərəcə istinin hakim olduğu şəhərə düşmüşük. Amma buna da şükür edirik, çünki aprel ayından sonra burada temperatur yüksəlməyə doğru gedir və nəfəskəsici istilər başlayır.

deniz.jpeg (161 KB)

Bu müddətdə də ətrafı müşahidə edirik. İsti ölkəyə gəlişimizi nəzərə alıb, elə hava limanındaca qonaqpərvərlik nümayiş etdirərək sərin şirələr təklif olunur heyətimizə. Hotelə doğru yolçuluğumuz davam edərkən yol kənarındakı palma ağacları nəhayət, yaşıllıq həsrətimizə azca da olsa, son qoyur. Getdikcə binaların da səmaya meydan oxuduğunu görürük.

Bakıdakı tıxacdan gəlib burda yolları demək olar ki, boş görmək də varmış qismətimizdə. Demək olar ki, minik avtomobilləridir küçələrdə, ancaq seyrək. Sanki bir ölkənin paytaxtında deyilik, əyalət qəsəbəsindəyik. Bu anlarda adamın küçələrdə quraşdırılmış işıqforlara heyfi gəlir, boşuna yanıb-sönür, deyə. Hə, bir də Manama hava limanından şəhərin mərkəzindəki hotelədək gəldikcə, yolboyunca bir neçə istisna olmaqla, demək olar ki, adam görmədik. Sanki bu şəhərdə nəinki cüt-cüt, hətta tək gəzmək də qadağan olunub. Amma sonradan öyrənirik ki, havanın isti olması səbəbindən insanlar küçədə piyada gəzməyi yadırğayıblar. Həm də bu zəngin ölkədə şəxsi minik avtomobilinə sahiblənmək heç də problem deyil. Odur ki, yerli vətəndaşlar minik avtomobili varkən, özlərinə əziyyət verib, piyada gəzmirlər. Ona görə də burada piyadalar üçün yol ötürücülərinə nadir hallarda rast gəlinir, o da zolaqlı xətlər şəklində... Avtomobillərin əksəriyyəti iritutumlu mühərrikliklərdən ibarətdir. Bu da səbəbsiz deyil, yanacaq “su qiymətinə”dirsə, mühərrik tutumu niyə problem olsun ki?.. Benzinin 1 litrinin qiyməti bizim pulla 63 qəpikdir. Adambaşına düşən gəlirlə müqayisədə “havayı”.

Amma bizim kimi qonaqlar üçün Bəhreyn çox bahalı ölkədir. Hətta ən ucuz və yerli istehsal olan xurmanın kiloqramı 8 AZN-dən başlanır, daha keyfiyyətliləri 30 manatadək qalxır. Bizim marketlərdə qəpik-quruşa aldığımız xırda-xuruşlar burada 3-4 manatdan başlanır. Kəsəsi, bahalı ölkə...

Bəhreyn Krallığı Fars körfəzində yerləşən ada dövlətidir. Paytaxtı və ən böyük şəhəri Manama olan Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra ən kiçik ölkədir. Eyni zamanda ən kiçik ərəb dövləti kimi də məşhurdur, ümumi sahəsi cəmi 780 kvadratkilometr. Ərazisinə görə, dünyanın 184-cü ölkəsidir. Yəni ölkənin bu başından o başına piyada da getmək olar, amma yuxarıda qeyd etdiyimiz kimi, bu ölkədə piyada gəzmək dəb deyil...

yol.jpeg (165 KB)

Üç böyük və bir çox kiçik adalardan ibarət olan Bəhreyn Krallığını Səudiyyə Ərəbistanından 16 km-lik məsafə ayırır. Daha doğrusu, Ərəbistan yarımadası ilə Bəhreyni Kral Fəhd Körpüsü birləşdirir. Bu körpüdən gələnlərlə bağlı bir az aşağıda bəhs edəcəyik...

Bəhreyn əhalisinin sayı 1,5 milyondur. Rəsmi dövlət dili ərəb dilidir. İdarəetmə forması konstitusiyalı monarxiyadır. 2011-ci ilin “Ərəb baharı”nın simptomları Bəhreyndə də baş qaldırsa da, sonradan proseslər səngiyib, həyat öz axarı ilə davam edib. 17 fevralda Bəhreyn təhlükəsizlik qüvvələri bu iğtişaşlara müdaxilə edib. Bu müdaxilə nəticəsində çoxlu sayda ölən və yaralananlar olub. 25 fevralda kral Hamad bin İsa 4 naziri vəzifədən uzaqlaşdırıb. Martın 15-də Bəhreyn hökuməti ölkədə 3 aylıq fövqəladə vəziyyət elan etsə də, 2011-ci ilin iyununda fövqəladə vəziyyət ləğv olunub. Hesab olunur ki, Qərb ölkələri ofşor hesabların məskəni olan bu ölkəyə “dəyməməyi” məqbul sayıblar.

ada.jpeg (148 KB)

Krallıq 2022-ci ilin fevralından 73 yaşlı Kral Həməd bin İsa Əl Xəlifə (Bəhreynin Ər-Rifa şəhərində anadan olub. Valideynləri vəliəhd İsa ibn Salman Əl-Xəlifə və Həssə binti Salman Əl-Xəlifə idi-E.P.) tərəfindən idarə olunur. Vaxtilə İngiltərə və ABŞ-da hərbi təhsil alan Kral Həməd bin İsa Əl Xəlifənin dörd evliliyindən 8 oğlu, 5 qızı olub. Bir oğlu avtomobil qəzasında dünyasını dəyişib.

Ümumiyyətlə, Bəhreyn 1782-ci ildən əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur. Qanunverici hakimiyyət əmirə və bir palatalı Milli Məclisə məxsusdur. İcraedici hakimiyyət əmirin qardaşının rəhbərlik etdiyi Nazirlər Şurasına məxsusdur. Ölkədə Bəhreynin Xalq Cəbhəsi adlanan bir siyasi partiya fəaliyyət göstərir. Digər siyasi partiya və həmkarlar təşkilatının fəaliyyəti qadağan edilib. Ərəb əmirliklərinin hamısında olduğu kimi, Bəhreyndə də hakimiyyət bir sülalənin əlindədir.

esas deniz.jpeg (133 KB)

Manamanın məşhur, həm də çox bahalı hotelinin yaxınlığında isə necə deyərlər, “cənnət həzzi” var. Kəhrəba sular göz oxşayır. Əcnəbilər, əsasən də italyan və ingilislər canlarına qulluq edirlər, dünyanın dərd-sərini veclərinə almadan. Qısa təmasımızda Azərbaycandan olduğumuzu bildikləri zaman məmnun qalırlar. Hovuzda çimən turistlər ardınca adalara doğru yol alır, körfəzin göz oxşayan sularına tamaşaya çıxırlar. Elə biz də onlara qoşuluruq, dar macalda gözlərimizə dinclik veririk. Bahalı yaxtaları da təbii ki, sahibləri gözləyir. Təəssüf edirik, bizim Xəzər niyə bu gözəlliklərə sahib deyil... Amma sahildəki qum Xəzərin qumuna çatmaz. Burada qum daha çox sementi, daş külünü xatırladır. Amma buna baxmayaraq, ən bahalı sahil, dəniz, istirahət…

sahil.jpeg (130 KB)

Bəhreyn əhalisinin 85 faizini müsəlmanlar təşkil edir, yarıdan çoxu şiələr, qalanı sünnilərdir.

1 Bəhreyn dinarı 4,5 Azərbaycan manatına bərabərdir. Həmçinin bir dinar 2,5 ABŞ dollarıdır. Adambaşına düşən gəlirin miqdarına görə Bəhreyn dünyanın 21-ci ölkəsidir.

baha.jpeg (147 KB)

Qədimlərdən ticarət mərkəzi kimi tanınan Bəhreyn əhalisi xurma və digər meyvə-tərəvəzlər yetişdirib, heyvandarlıq və mirvari ovu ilə məşğul olub. 1932-ci ildə ölkədə neft aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra ənənəvi təsərrüfat sahələri arxa plana keçib. Adambaşına düşən illik gəlir isə 18 min dollara yaxındır. ÜDM-in illik artımı təqribən 3 faizə bərabərdir. ÜDM-in 64 faizi xidmət, 34 faizi sənaye, 1 faizi isə kənd təsərrüfatının payına düşür.

Qeyd edək ki, 1968-ci ildə Bəhreyn, Qətər və Müqaviləli Oman Ərəb Əmirlikləri Federasiyası yaradılıb. 1971-ci il avqustun 14-də Bəhreyn müstəqil suveren dövlət elan edib və BMT-nin 26-cı sessiyasında BMT-yə üzv qəbul olunub.

İraq-Küveyt müharibəsindən sonra 1990-cı ilin avqustunda Bəhreyn hökuməti ABŞ-ın 5-ci hərbi dəniz donanmasının bir qisminin Bəhreyndə yerləşdirilməsinə razılıq verib. Faktiki olaraq Pentaqon Manamanın müstəqilliyinə qarant olub.

Azərbaycan Respublikası ilə Bəhreyn dövləti arasında diplomatik münasibətlər 1996-cı ilin 6 noyabrında qurulub. Hotellər və banklar ölkəsi sayılan Bəhreyn Azərbaycan kimi, neftlə zəngin olsa da, son illərdə neftdən asılılığını minimuma endirməklə rekord vurub. Ölkə mirvarisi ilə məşhurdur. Bəhreyn qızılı da ən bahalılar sırasındadır.

Bəhreyndə işsizlik səviyyəsi 15 faizə çatır. Yerli əhali işləməyə meyilli olmadığı üçün işçi qüvvəsini əsasən Hindistan, Banqladeş, Filippin, Malayziya, Pakistan və digər ölkələrin vətəndaşları təşkil edir. Ölkədə işləyən əhalinin yarıdan çoxu - 56 faiz gəlmələrdir. Elə bizim yerləşdiyimiz hoteldə işçilərin bir çoxu banqladeşli və hindistanlı idilər.

WhatsApp Image 2023-03-11 at 19.37.08.jpeg (147 KB)

Mahibul adlı təmizlik işçisi deyir ki, məvacibi elə də yüksək deyil, amma başqa əlacı yoxdur. Hind Rekasu isə yeməkxanada çalışır və işindən çox məmnundur.

WhatsApp Image 2023-03-11 at 19.37.09.jpeg (127 KB)

Bu günlərdə Bəhreyn Krallığı “Formula”1-ə ev sahibliyi edib. Martın 5-də yekunlaşan yarışlar paytaxtda deyil, Manamanın 15 km-liyindəki Zalaq şəhərində təşkil olunub. Bəhreynli həmsöhbətimiz “Formula”nı maraqla izlədiklərini, zövq aldıqlarını deyir. Zalaq şəhəri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı beynəlxalq tədbirə də ev sahibliyi edir: İPU-nun 146-cı Assambleyaya. Martın 11-15-də keçiriləcək tədbirə yüzdən artıq ölkənin nümayəndə heyəti qatılıb. Bu beynəlxalq tədbir də paytaxtdan kənarda, Zalaq şəhərində tikilmiş böyük konfrans zalında keçirilir. Payaxtdan Zalaqadək sadə tərtibatlı, bir-birinə bənzər evlər diqqətimizi çəkir, əksəriyyətinin də üzərində Bəhreyn bayrağı. Aydın görünür ki, əsarətdən qurtulmuş bəhreynlilərin bayrağa sevgisi böyükdür.

Bəhreyn gecə klubları ilə məşhur olduğundan bu ölkədə gecələr daha qaynar həyat olur. Elə ölkədə olduğumuz ilk gecənin yarısında bunu müşahidə etdik. Təsəvvür edin, axşam saatlarınadək paytaxtda avtomobillərin seyrək hərəkəti müşahidə olunduğu halda, gecə yarısından başlayaraq, səs-küy qopdu, şəhərin küçələrində tıxaclar yarandı. Hotelimizin mərkəzi magistrala yaxın olması səbəbindən siqnal səsləri, iri motorlu avtomobillərin gurultusu yuxumuzu qaçırdı. Yollar tıxandığından hətta bəzi sürüclər “CEEP”lərini səkilərin üstü ilə sürürdülər.

Səhər aydınlaşdırdıq ki, bunlar Bəhreynə Küveyt və Səudiyyə Ərəbistanından əylənməyə gələnlərin yaratdığı tıxacdır. 850 milyona başa gələn Kral Fəhd Körpüsü ilə ada dövlətinə axın edən ərəblər öz ölkələrində sərbəst əylənə bilmədikləri üçün Bəhreynə üz tuturlar. Həm də onu da öyrəndik ki, bəhreynlilər əylənmək üçün öz ölkələrindənsə, başqa ölkəyə getməyə üstünlük verirlər, bəlkə də azsaylı ölkənin əhalisi “bir-birini tanıdığı üçün”.

donanma.jpeg (108 KB)

Həftənin cümə günü ərəblərin istirahət günüdür. Elə şəhərdəki lal səssizlik də bundan xəbər verir. Həmin gün gözə dəyməyən ictimai nəqliyyat axşam saatlarından etibarən az-az görünməyə başlayır. Səhər isə bir neçə avtobusun xəttə çıxdığını görürük. Yox, ərəblər də avtobusa minirlərmiş, yuxarıdakı qənaətimizdə tələsmişik...

Beləcə, öz vətəndaşlarına “su qiyməti”nə benzin, əcnəbilərə “qızıl qiyməti”nə su satan Bəhreyn haqda bəzi müşahidələrimizi bölüşdük ki, yolunuz bu tərəflərə düşsə, hazırlıqlı olasınız...

Elşad Paşasoy,
Musavat.com
Bəhreyn, Manama

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR