İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban dövrü bitir? 

Macarıstanda müxalifət lideri Péter Maqyar seçkilərdən sonra hakimiyyətə gələrsə, hökuməti əsasən biznes dünyasından olan şəxslərlə formalaşdırmağı planlaşdırır. Onun fikrincə, böyük şirkət rəhbərlərinin təcrübəsi Viktor Orbanın dövlət strukturlarındakı təsirini zəiflətmək və Avropa İttifaqı ilə münasibətləri bərpa etmək üçün vacib olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı maraqlı yazı yayımlayıb.

Məqalədə qeyd olunur ki, Maqyarın rəhbərlik etdiyi “Tisza” partiyası qarşıdakı seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə “həqiqi rejim dəyişikliyi” həyata keçirməyi planlaşdırır.

Sorğulara görə, 12 aprel seçkiləri ərəfəsində Peter Maqyar Viktor Orban üzərində təxminən 10 faiz üstünlüklə liderlik edir. Lakin analitiklər qeyd edir ki, seçkilərdə qalib gəlsə belə, yeni hökumətin Orbanın məhkəmə sistemi, media və dövlət şirkətlərində qurduğu təsir mexanizmlərini dağıtması asan olmayacaq.

“Tisza” partiyasının sədr müavini Zoltan Tarr “Politico”ya müsahibəsində bildirib ki, partiya hökumət üçün namizədləri əsasən biznes mühitindən seçir. Onun sözlərinə görə, siyasətdə uzun illər çalışmış şəxslərdən fərqli olaraq, biznes rəhbərlərinin “hökumət yükü” yoxdur və onlar daha effektiv islahatlar həyata keçirə bilərlər.

“Biz əsasən biznes dünyasına üz tuturuq. Çünki hökumətlə bağlı müəyyən ‘yükü’ olan insanlarla işləyə bilmirik. Bu isə seçim imkanlarımızı məhdudlaşdırır”, – deyə Tarr bildirib.

O əlavə edib ki, Macarıstanın Avropa İttifaqı tərəfindən dondurulmuş maliyyə vəsaitlərinin bərpası üçün də biznes təcrübəsi olan şəxslərin danışıqlar aparması daha effektiv ola bilər.

İndiyədək potensial hökumət üçün yalnız beş namizədin adı açıqlanıb. Maqyar seçkilərdə qalib gəlsə, baş nazir postunu özü tutacaq.

Potensial xarici işlər naziri kimi Vodafone qrupunun keçmiş ictimai əlaqələr direktoru Anita Orban göstərilir. Enerji sahəsinə isə Shell şirkətinin qlobal icraçı vitse-prezidenti İştvan Kapitany namizəd kimi irəli sürülüb.

Maliyyə və büdcə siyasəti üzrə nazir vəzifəsinə Erste bank qrupunun top-meneceri Andraş Karman, kənd təsərrüfatı naziri postuna isə iri mal-qara biznesində fəaliyyət göstərən sahibkar Szabolç Bona nəzərdə tutulur. Səhiyyə naziri kimi isə ortoped-cərrah Jolt Hegeduşun adı çəkilir.

“Politico” Orbanın dövlət strukturlarındakı təsirinin mürəkkəbliyinə nümunə kimi MOL enerji şirkətini göstərib. Şirkətin 10 faizi Orbanın siyasi direktorunun nəzarətində olan Mathias Corvinus Collegium (MCC) fonduna məxsusdur. Bu fond 2022-ci ildə Brüsseldə Avropa institutlarına təsir göstərmək üçün ayrıca analitik mərkəz də yaradıb.

Tarr bildirib ki, “Tisza” partiyası MOL şirkətinin idarəetmə və mülkiyyət strukturunun dəyişdirilməsi üçün xüsusi plan hazırlayıb. Partiya eyni zamanda 2035-ci ilə qədər Rusiyadan neft idxalını dayandırmağı planlaşdırır.

Lakin müxalifətin əsas problemi parlamentdə üçdə iki konstitusion çoxluq əldə etməyin çətin olmasıdır. Transparency International Hungary təşkilatının hüquq direktoru Mikloş Liqeti bildirib ki, ölkədə bir çox əsas institutların rəhbərlərinin dəyişdirilməsi üçün məhz belə bir çoxluq tələb olunur.

Onun sözlərinə görə, məhkəmə sistemi, Konstitusiya Məhkəməsi, baş prokuror, media şurası və ombudsman kimi qurumlar hazırda Orbanın siyasi müttəfiqlərinin nəzarətindədir və bu strukturlar yeni hökumətin fəaliyyətinə mane ola bilər.

Tarr isə bildirib ki, “Tisza” partiyası həm sadə parlament çoxluğu, həm də konstitusion çoxluq əldə olunacağı ssenariləri üçün ayrıca plan hazırlayıb.

Əgər partiya parlamentdə üçdə iki çoxluq qazana bilsə, Orbanın 2011-ci ildə qəbul etdiyi Konstitusiyanın yenidən müzakirəyə çıxarılması da gündəmə gətirilə bilər. Müxalifət hesab edir ki, həmin Konstitusiya və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinin səlahiyyətlərini, vətəndaş azadlıqlarını və media müstəqilliyini məhdudlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR