İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin kəsildiyi suallar

Məktəbin yanından keçirdim, həyətdə uşaqların məzun törənidir. Şostakoviçin məhşur valsı səslənir. O musiqi ki, Stenli Kubrikin “Geniş qapalı gözlərlə” mistik-dramatik, sonu sirrli filminin saundtreklərindən biridir. Niderlandlı bəstəkar-dirijor Andre Ryo-nun ifasında bu musiqidə müdhiş bir kədər var. Prinsipcə, sezon finalı üçün mahnı seçmiş şəxsin zövqünə həsəd aparmaq olar. Hər şey uyğun gəlir. Bizim uşaqların taleyi elə o film kimi qaranlıqdır. İndi kimsə qıraqdan çıxıb “taleyini öncədən bilən varmı” deyər və mən dərhal onunla razılaşaram. Son çağlar hamı ilə razılaşıram.   

Vals bitir, növbəti mahnı gəlir, lakin səs o qədər pis yazılıb ki, kimin oxuduğu məlum deyil: “Mən güləm, gül üzüm heç zaman solmaz, Mənim kimi gözəli sevməmək olmaz”. Ax-vax. Təhsil Nazirliyi hara baxır, camaat həccə gedən bir dövrdə məktəbdə belə mahnı oxutmaq hansı adət-ənənələrimizə uyğundur? 

Əlbəttə, zarafat edirəm. Təhsil Nazirliyimizə də göz dəyməsin. Müqayisə üçün Türkiyəyə baxın, məni anlayarsınız. Orda qız uşaqlarının geyiminə görə məzun törəninə jandarma çağırmışdılar. Qardaş ölkəmiz sürətlə iranlaşır. Başqa bir şey gözləmək də çətindir. Deyirlər İranda molla rejiminin əsas dayağı... bizim “azərbaycanlılar” dediyimiz tayfa, yəni, türklərdir. Hətta istibdaddan bezmiş farslar sistemi “türk molla rejimi” adlandırırmış. Deyənin yalançısı olum. 

Əlbəttə, məzun və ümumiyyətlə məktəb törənləri üçün repertuar seçimi həmişə çətindir. Kimsə mütləq mız qoyacaqdır. “Məktəb illəri”, “Yaşa Azərbaycan”a nə qədər qulaq asasan? Təzə bir şey də çıxmır. Kimsə uşaqları qınasa, “bizim vaxtımızda...”-filan donquldansa dərhal ağzının üstündən vurun, çünki keçmişdə bu işlər lap pis idi. Biz 1989-cu ildə məktəbi bitirəndə uşaqlar “Vesna” maqnitofonuna təzə moda minən meyxanalar qoymuşdular, üstəlik hamısı arqo sözlərlə aşıb-daşırdı. 

Bir populyar demaqoji var, deyirlər: “Qaranlığı söyməkdənsə, bir şam yandır”. Bunu adətən tənqidi xoşlamayan oğrular sevir. Ancaq mən hələlik afyorizmi qəbul edirəm və müəllim işləmək istədiyimi buradan hörmətli nazirliyin nəzərinə çatdırıram. Pedaqoji təhsilim yoxdur. Ancaq bu, niyə mənim təhsil nurumu, öyrətmək alovumu söndürməlidir? Yaxşı olar müəllimlərin işə qəbulu imtahanlarına pedaqoji təhsili olmayan şəxslər də buraxılsın. Vallah, mən bu həyatımda müəllim olmayan adamlardan elə şeylər öyrənmişəm, onları yüz ilin pedaqoqlarından əxz edə bilməzdim. Müəllim olmaq fikrinə düşməyimin başqa, daha ciddi səbəbi də var. 

Bugünlərdə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı nəticələri açıqlandı. Hamı şoka düşdü. Təxminən 7200 müəllim imtahan vermişdi, 4000 nəfər kəsilmişdi. Kəsilənlərin də 3500-ü ibtidai sinif, 480-i Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Məndə maraq yaranmışdı, görəsən bu müəllimlər hansı suallara cavab yazmaqda belə çətinlik çəkmişlər. 

İnternetdə xırda araşdırma apardım, o sualların bəzisini tapdım və etiraf edirəm, gözüm kəlləmə çıxdı. Məktəbimizin bu acınacaqlı halı hətta mənim də ağlıma gəlməzdi. 

Buyurun, 3500 ibtidai sinif müəllimimizin həll edə bilmədiyi o suallarla siz də tanış olun: “Fəaliyyət” sözünü kəsib torbaya tökdülər. Saitlərin çıxma ehtimalını tapın", “Düzbucaqlının eni 8 sm, sahəsi 208 kv.sm olarsa onun uzunluğunu tapın”, “23456 ədədində neçə yüzlük var”, “Perimetri 24 sm olan kvadratın sahəsini tapın”, “Kilosu 7 manat 50 qəpiyə 5 kilo meyvə alındı, 50 manat ödəndi. Alıcıya neçə manat qaytarılmalıdır?”

Bunların bəzisini tapmaq üçün heç qələm-dəftər lazım deyil. Və bu cür asan sualları bilməyən 3500 adam müəllim işləyirmiş. Hər ibtidai sinif müəlliminə orta hesabla 20 şagirddən hesablayaq. 70 min uşaq edir! Bir ibtidai sinif müəllimi də 4 il eyni sinifi aparır, əgər belə müəllim 8 il işləyibsə, 140 min uşağın vəziyyətini fikirləşin. Hesablamanı dayandırıram, çünki məni tər basdı.  

Əgər mən bu suallara cavab verirəmsə, niyə müəllim olmayım? 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR