İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövsümi meyvələrin qiyməti necədir?- Bazardan reportaj, FOTOLAR

Ekspertlər bir müddət idi ki, kənd təsərrüfatı məhsullarının bahalaşacağı haqda proqnozlar verirdilər. Bunu son vaxtlar təbiət hadisələrinin – leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər səbəbindən kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərməsi ilə əlaqələndirirlər. Alıcılar da qiymətlərdən narazıdır.

Musavat.com-un əməkdaşı olaraq bazarda bunun əyani şahidi olduq. Əlbəttə, bazara daxil olar-olmaz meyvə-tərəvəzin bolluğu, buradakı rəngarənglik insanı özünə cəlb etməyə bilmir. “Kaş ki, qiymətlər də belə cəlb etsin” düşüncəsiylə yaxınlaşırıq piştaxtalara.  İri, yamyaşıl alçaları görüb, satıcıdan soruşuruq:  “Xala, bu alçaların qiyməti neçəyədir”. “İrilər 4 manatadır, amma bu balaca alçalar 2 manat 50 qəpiyədir”,- deyə satıcı cavab verdi. “Gəl, alsan, bir az endirim edərəm” deyən bu xaladan aralanıb, daha ucuz alça axtarmağa başlayırıq. Onu da demək lazımdır ki, bazarda meyvə-tərəvəz sarıdan bolluq olsa da, alıcılar həmişəkindən az idi. Satıcıdan alıcıların niyə az olduğunu da soruşuruq. “Səbəbini bilmirik, bəlkə son günlər qiymətlər bir az artıb. Amma axşama doğru çoxalacaq”, -deyə satıcı bildirdi.

Səliqə ilə sıralanan meyvə-tərəvəzlərə nəzər salırıq. O yan-bu yana qaçan satıcı da gözümüzdən yayınmır. “Deyəsən, burada ən çox sizin mallar alınır”, soruşanda: “Alınar da, çünki məndə olan göy-göyərti heç kimdə yoxdur”, deyib gülür. Ondan qiymətləri soruşuruq, balaca alçanı 2 manata, göyçəni isə 4 manata satdığını deyir. O, çiyələyi 3 manat  20 qəpiyə, təzə kartofu 1 manata satdığını da əlavə etdi. Bakı pomidoru 2 manat 50 qəpik, Qazax pomidoru 2 manat 50 qəpiyə, Salyan pomidoru  isə 3 manat 30 qəpiyədir. Badımcan 4 manat 50 qəpik. Yaşıl lobya 3 manat. Bibər 3.70 qəpiyə. 1 kiloqram şaftalı 9 manat, gilas 8 manat, armud 5 manat, çiyələk isə 3 manat 80 qəpiyədir. Burada “Fuje” alma 2 man 20 qəpik, banan isə 3 manatadır.

Digər piştaxtaya da yaxınşalırıq, amma burada qiymətlərin  digərlərindən baha olduğunu görürük. Misal üçün, Göyçə alçası 7 manat, çiyələk 5 manat, ala gilas isə 8 manata satılır.

Mövsümi meyvələr satılan piştaxtaya yaxınlaşıb, qiymətləri öyrənirik. Burada qara tut 6 manata, ağ tut 2 manat 50 qəpiyə, ala gilas 5 manat 50 qəpiyə, şaftalı isə 6 manata satılır. Göyçə alçası isə 3 man 60 qəpiyə idi. Badımcan 3 manat 70 qəpik, “qızıləhmədi” alması isə 4 manat, kivi 4 manat, bibər isə 3 manat 70 qəpiyədir.

Bazarda qiymətləri öyrəndiyimiz zaman alıcı ilə satıcının mübahisəsinə də qulaq şahidi oluruq. “Necə olur, dünən 2 manat 30 qəpiyə aldığımız lobya bu gün 3 manatadır. İnsafınız olsun da”, deyə alıcı narazılıq edirdi. “Ola bilməz ki, lobya iki manat olsun, hələ heç yerdə lobya 2 manata düşməyib, siz nəyisə səhv salmısınız. Ola bilməz”,-deyə satıcı özünə haqq qazandırmağa çalışırdı. Onlardan uzaqlaşıb, digər satıcıya yaxınlaşırıq. Burada da müxtəlif qiymətlər təklif olunur. Misal üçün, göbələk 3 manat 50 qəpiyə, paxla 1 manata, “ağ şanı” yarpağı 4 manat 50 qəpiyə, təzə kartof 1 manatadır. “Niyə belə bahalıqdır” deyib satıcıdan səbəbini soruşuruq: “Hə, bu il tərəvəzlər bahadır, bizimlə bağlı deyil. Bəlkə də burada ən ucuz mən satıram. Çünki bir nəfər gətirir, biz də məcburuq onun dediyi qiymətə verək. Tərəvəzlər bu il baha gəlib. “Bir nəfər kimdir, ay dayı” sualına isə: “kim olacaq, parnikdə bunları yetişdirən”,-deyə cavab verir...

Bəs görəsən, qiymət artımı nə zamana kimi davam edəcək. İnsanlar yayda mövsümi meyvələrdən doyunca dada biləcəklərmi?

İqtisadçı-ekspert Eyyub Kərimli Musavat.com-a qiymət artımının səbəbini belə izah etdi: “ Son günlər qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının çatdırılmasında ciddi çətinlik yaradıb. Hava şəraiti düzələn kimi qiymətlər də stabilləşəcək. Yağıntının çox düşməsi ilə əlaqədar buğdanın, arpanın məhsuldarlığı artıb, nəticədə bu məhsulların qiyməti aşağı düşüb. Ümumiyyətlə, yay mövsümü məhsulun bol olan vaxtıdır. Buna görə də sentyabra qədər qiymət artımı olmayacaq, əksinə, enmə müşahidə olunacaq”.

 

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR