İnsanlara hürriyət, millətlərə istiqlal!

Komandan vəzifəsindən nazir kürsüsünə - azərbaycanlı general Stalindən də təşəkkür alıb...

Müasirlərinin söylədiklərinə görə o, hansı sahəni seçsəydi uğur qazanacaqdı. Hüseyn Rəsulbəyov isə hərb sahəsini seçib, 37 il SSRİ-nin Silahlı Qüvvələrində xidmət edib, şəxsi heyət arasında böyük nüfuza sahib olub, general-leytenant rütbəsinə qədər yüksəlib...

1917-ci ildə Dərbənddə anadan olan Hüseyn Rəsulbəyov orta təhsilini həmin şəhərdəki Stalin adına 1 nömrəli məktəbdə alıb, daha sonra  Orconikidze şəhərində Politexnik texnikumuna daxil olub. Bu təhsil ocağını bitirdikdən sonra ilk əmək fəaliyyətinə Şimali Qafqaz dəmiryolu stansiyasında (Mineralnı Vodı şəhərində) mexanik kimi başlayıb. Ali təhsil almaq arzusu  Rəsulbəyovu Leninqrada aparıb və o, Siqnalizasiya və Rabitə Mühəndisləri İnstitutuna qəbul olunub.

Rəsulbəyov ali mühəndis təhsili alsa da məktəb illərindən arzuladığı hərbçi olmaq istəyini reallaşdırmağa qərar verib və 1938-ci ildə SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərindən biri sayılan Dzerjinski adına Ali Hərbi Artilleriya Akademiyasına üz tutub. İstər elmi, istərsə də fiziki cəhətdən hazırlıqlı olan Rəsulbəyov müsabiqə və imtahanlarda ən yüksək göstəricilərə nail olaraq uğur qazanıb. Qeyd edək ki, Rəsulbəyov bu akademiyanı bitirən ilk azərbaycanlı olub.

cxz.jpg (98 KB)

Gənc zabit kimi Rəsulbəyovun ilk hərbi xidməti Oddesada başlayıb. Elə sovet-alman müharibəsini də leytenant Rəsulbəyov Odessa şəhərində qarşılayıb. Həmin vaxt o, Hava Hücumundan Müdafiə Qoşunlarının 15-ci briqadasında xidmət edib.

Rəsulbəyov dörd il davam edən müharibədə ən ağır döyüş bölgələrində xidmət aparıb. Sevastopol, Odessa, Kerç, Şimali Qafqazın müdafiəsində bir çox uğurlu döyüş əməliyyatlarına imza atan Rəsulbəyov ən yüksək dövlət təltiflərinə layiq görülüb. O, hərbi əməliyyatlarda qazanılan uğurlara görə bir neçə dəfə Stalinin imzası ilə Dövlət Müdafiə Komitəsinin təşəkkürlərini alıb.

Müharibədən sonrakı illərdə Rəsulbəyov yüksək hərbi vəzifələrdə çalışıb. O, 99-cu hava hücumundan müdafiə diviziyasının artilleriya üzrə rəisi, Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı kimi vəzifələrdə xidmət edib. 1960-cı ildə polkovnik Rəsulbəyova general-mayor rütbəsi verilib. 1968-ci ildə isə Hüseyn Rəsulbəyov nümunəvi və qüsursuz xidmətlərinə görə artilleriya general-leytenantı rütbəsinə layiq görülüb.

Xidmətdə son dərəcə tələbkar olan Rəsulbəyov ilk baxışdan sərt adam təəssüratı bağışlasa da o, qayğıkeşliyi, tabeliyində olan şəxsi heyətə həssaslıqla yanaşması ilə fərqlənib.

əıl.jpg (42 KB)

Rəsulbəyov o komandirlərdən olub ki, heç vaxt yuxarılardan tapşırıq gözləməyib, üzərinə düşən vəzifəni vaxtında yerinə yetirib, təşəbbüskarlıq göstərib, istənilən məsələnin həllində ən optimal variantları seçməyi bacarıb.

General kabinetdə oturmağı çox da sevməyib. Günün əsas hissəsini şəxsi heyət arasında keçirən, təlimlərdə öz iştirakını vacib sayan Rəsulbəyov ortaya çıxan problemləri elə yerindəcə həll etməyə daha çox üstünlük verib.

1975-ci ildə Hüseyn Rəsulbəyov Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Elə həmin il o, Azərbaycanda rabitə naziri vəzifəsinə təyin edilib. Onun təşkilatçılıq qabiliyyəti, mükəmməl idarəetmə bacarığı bu sahədə də öz sözünü deyib.

Hüseyn Rəsulbəyovun rabitə naziri olduğu dövr Azərbaycan rabitəsinin “qızıl dövrü” kimi də dəyərləndirilir. Məhz onun 9 illik nazir olduğu dövr texniki rabitə avadanlıqlarının yenilənməsi, rayon və kəndlərin kütləvi telefonlaşdırılması, beynəlxalq rabitənin inkişafı, uğurlu kadr siyasəti, rabitəçilərin sosial rifahının yaxşılaşması kimi yadda qalıb. Onun iştirakı və gərgin əməyi ilə Baş Poçtamt Rabitə Evi, rabitə qovşaqları və s. layihələr işlənib hazırlanıb və inşa edilib.

Bakıdakı teleqüllənin tikintisi də Hüseyn Rəsulbəyovun xeyir-dusı ilə başlayıb və onun bu tikintidə böyük zəhməti olub. Ancaq təəssüf ki, Hüseyn Rəsulbəyova teleqüllənin fəaliyyətini görmək nəsib olmayıb.

phq.jpg (120 KB)

Hüseyn Rəsulbəyovun ən ali keyfiyyətlərindən biri onun vətənpərvərliyi, Azərbaycandan kənarda yaşayanda soydaşlarımıza qarşı göstərdiyi həssaslıq və diqqət olub. Onun azərbaycanlı hərbi kadrların yetişdirilməsində xidmətləri danılmaz bir faktdır.

Hüseyn Rəsulbəyov 1984-cü ildə, 67 yaşında vəfat edib. O, Bakıda, Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Dərbənd şəhərinin ən böyük prospektlərinin biri Hüseyn Rəsulbəyovun adını daşıyır və 2019-cu ildə həmin prospektdə generalın büstü qoyulub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR