İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun Bizans-Osamanlı yadigarı: Molla Zeyrek camisinin seyrində-FOTOLAR, VİDEO

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə Türk cümhuriyyətlərinin media mənsublarının qardaş ölkəyə Ramazan səyahətinin növbəti dayanacağı İstanbulun yüksək nöqtələrindən birində qərar tutan Zeyrək camisi oldu.

Türkiyənin turizm bələdçisi, Osmanlı və Türkiyənin tarixi, mədəniyyəti, incəsənəti, hətta mətbəxi barədə kifayət qədər məlumatlı olan Ramazan Çelik, eyni zamanda qardaş ölkənin Turizm və Gelişdirme Agentliyinin əməkdaşı Özden Vanlı və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Turizm, Tanıtım və İnkişaf Agentliyinin əməkdaşı Betul Erbaş müşayiət edirdi. Ramazan bəy kimi, hər iki xanım əməkdaş Türkiyəni sevə-sevə Türk dövlətlərindən gəlmiş media mənsublarına daha yaxından tanıtmaq üçün əllərindən gələni edirdilər.

Zeyrek cami özünün möhtəşəmliyi, əzəmətli duruşu ilə heyrətləndirir. Qarşısındakı bağçadan baxdıqca İstanbulun gözəllikləri, boğaz körpüsü, şəhərin əsas simvollarından olan camilərin səmaya sancılan minarələri, tarixi tikililəri fonunda göz oxşayır. Övliya Çələbi “Səyahətnamə”sində Zeyrek cami haqda yazırdı: “Kiçik və böyük, hamısı 46 günbəz və onların ucaldılmış sütunları müxtəlif qiymətli daşlardandır. Səliqəli minarəsi var. Məscidin günbəzi və tağlarının içərisində qızılla örtülmüş müxtəlif rəsmlər və təsvirlər var ki, görənləri heyran edəcək. Təpənin üstündə tikilmiş hündür məsciddir”.

Düzdür, Zeyrək camisi İstanbulun digər tarixi məkanları ilə müqayisədə turizm marşrutlarına az daxil olan məkandır. 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Molla Zeyrək məscidi əvvəllər Pantokrator Monastır Kilsəsinin adını daşıyıb. Zeyrek Dünya İrsi sahəsi Atatürk Bulvarının qərbində, Haliçə baxan bir yamacda yerləşir və Molla Zeyrək Məscidini (keçmiş Pantokrator Manastır Kilsələri) və ətraf küçələri əhatə edir. Tarixi mənbələrə əsasən, bölgənin mərkəzini təşkil edən məscid 12-ci əsrdə imperator İoannes Komnenos və xanımı Eirene tərəfindən böyük bir monastırın mərkəzi olaraq tikilib. Kilsələrdən başqa monastırın hissələrini daşıyan sarnıçlar istisna olmaqla, günümüzə heç nə gəlib çatmayıb. Monastırın Pantokratora (dünyanın hökmdarı İsa) həsr olunmuş kilsəsi orta əsrlər Bizans memarlığının ən gözəl nümunələrindən biridir. Yaxşı qorunmuş qapalı yunan xaç planlı tikililəri ölçülərinə görə bu tipin ən monumental nümunələrindəndir. Bizans mənbələri bu monastırda çoxlu imperator və imperatorun dəfn edildiyini bildirir. Səlib yürüşü (1204) zamanı İstanbulun alınmasından sonra monastır səlibçilər tərəfindən talan edildi. Avropa muzeylərində qorunan bəzi əlyazmaların, kilsə əşyalarının və qalıqların bu monastırdan götürüldüyü iddia edilir. Cənubdakı binanın döşəməsindəki rəngli mərmər döşəmə mövzusu və işlənməsi baxımından Bizans dövrünə aid ən gözəl nümunədir. Mənbələrə görə, İstanbulun fəthindən sonra Osmanlı şəhərinin ehtiyaclarını qarşılamaq üçün bəzi binalara yeni funksiyalar verildikdə, Pantokrator Manastırı bu çərçivədə mədrəsəyə çevrilib. Bu mədrəsədə təhsil İstanbul Universitetinin tarixinə ənənəvi yanaşma ilə başlayıb. Mədrəsədə dövrün qabaqcıl alimləri məruzə edərmişlər. Mənbələrə görə, bina və məhəllə “zeyrek” ləqəbli (ağıllı, “hazırcavab” mənasında-red.) Molla Mehmetin şərəfinə Zeyrək adlandırılıb. Fateh dövrünün öndə gedən simalarından olan Ağ Şəmsəddin kimi tanınan Molla Şəmsəddinin binanın yanında kürsü qurduğu bildirilir. Fatih Kompleksi tikildikdən sonra isə bina məscid kimi istifadə edilməyə başlayıb. Osmanlı dövründə təmir edilən bu qiymətli incinin əsas xarakteri diqqətlə qorunub saxlanılıb. Məscidin içindəki minbər Bizans dövrünə aid tikinti elementlərindən istifadə edilərək tikilib, həm Bizans, həm də Osmanlı mədəniyyətini təmsil edən bir nümunə olub.

Kətan qapıdan içəri daxil olarkən adamı qəribə bir hiss bürüyür. Hər tərəfi tarix qoxuyur, elə gözəl, möhtəşəm tərtibata sahibdir ki, buraya saatlarla tamaşa etmək istəyirsən. Taxta pilləkənlərlə ikinci qata qalxır, oradan da məscidin möhtəşəmliyi əsasında sehrlənirik. Ramazan bəy həvəslə caminin tarixi barədə məlumatları bölüşür. Ərazidə salamat qalmış ən qədim tikili, bu gün Şeyx Süleyman Məscidi kimi tanınan 5-ci əsrə aid son antik qəbir abidəsidir. Bizans dövründə yəqin ki, dini məqsədlər üçün istifadə edilən bina, Osmanlı dövründə kiçik məscid kimi istifadə edilərək canlı saxlanılıb. Tək günbəzli bina qərbdəki Osmanlı məzarlığı ilə birlikdə qədim zamanlardan bu günə qədər mədəni birliyi daşıyır.

Bölgənin Haliç və Atatürk Bulvarına doğru yamacları terraslarla düzülüb. Əksəriyyəti Bizans dövrünə aid olan sarnıçlar və zirzəmilər, terras divarlarının arxasında yerləşən müxtəlif səviyyələri birləşdirən yamaclar və pilləkənlər rayonun uzun müddət ərzində üzvi inkişaf edən fakturasını müəyyən edir. Bu faktura daxilində tikilmiş Çivizade - Ümmü Gülsüm, Kasap Dəmirhun, Bıçakçı Alaaddin kimi məhəllə məscidləri rayonun kiçik ocaqlarını təşkil edir. Bu təvazökar ölçülü məscidlər və onların himayədarları mahalın kimliyi baxımından Osmanlı dövründə mahalın inkişafını və dəyişməsini simvolizə edən mühüm elementlərdir.

Caminin içərisi, tavanı, divarları, çilçıraqları, divar yazıları hər birisi göz oxşayır, ruha dinclik verir. Bunları yaradan memara, üzərində çalışan naqqaşa, xəttata “sağ olun” deyirik, onlar öz əsərləri ilə yaşayırlar çağdaş zamanımızda da...

Məhəllədəki Molla Zeyrek məscidinin qarşısında yerləşən Çukur Çeşmə, üzərində ibtidai məktəb olan bir Osmanlı quruluşudur, lakin ehtimal ki, çeşmə monastırın müqəddəs bulağının suyu ilə qidalanır. Şəhərdə çox az olan təbii su ehtiyatlarından istifadə edərək su axınını artırmaq üçün yerdən təxminən 5 metr dərin tikilən və pilləkənlərlə enərək çatılan fəvvarə şəhərdəki nadir nümunələrdən biridir. Məhəllənin su qurğularından biri də 16-cı əsrin məşhur admiralı Barbaros Xayrəddin paşa tərəfindən Memar Sinan tərəfindən sifariş edilmiş qoşa hamamın (qadınlar və kişilər üçün ayrı-ayrı bölmələri olan) zəngin çini bəzəyinə görə adlandırılıb. Bina İstanbulda türk hamamı memarlığının mühüm nümunələrindən biridir.

Bölgədə böyük qəbiristanlıq olmasa da, bəziləri anonim olmaqla 15-ə yaxın əmanət var. Osmanlı cəmiyyətində dəfn və ölüm yaşayış yerləri müəyyən sərhədlərlə ayrılmadığından bu məskunlaşma ərazisində küçə teksturasında, evlərin arasında və hətta evlərin içərisində qəbir və qəbirlərə rast gəlinir. Bunları həm ətrafda yaşayanlar, həm də bütün İstanbullular ziyarət edir və bir çox xalq nağıllarına mövzu olurlar. Bunların arasında ən məşhuru Mehmet Emin Tokadi məqamı kimi tanınan türbədir. Zaman keçdikcə ətrafında məzarlıq yaranan bu türbə İstanbulun ən vacib ziyarət yerlərindən birinə çevrilib.

Bizans dövrünün ikinci böyük abidəsi sayılan Zeyrek cami ilə bağlı məlumatlar bitib-tükənməzdir. Bildirilir ki, Zeyrək məscidi yaxınlığındakı 19-cu əsrdən əvvəlki yaşayış məskənləri və onlara aid daş otaqlar, hamamlar, mətbəxlər, bağ divarları kimi birliklər Osmanlı arxeologiyasının məlumatları kimi günümüzə qədər gəlib çatıb.

Beləcə, İstanbulun daha bir əzəmətli tarixi ünvanını ziyarət edib, dualarımız dilimizdə, arzularımız ürəyimizdə, xoş hisslərlə bu müqəddəs ünvanı tərk edirik.

 

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR