Onlayn ictimai-siyasi qəzet
İsraildə demoqrafik vəziyyətlə bağlı son illərin ən həyəcanverici mənzərəsi üzə çıxıb.
Musavat.com xəbər verir ki, İsrailin 12-ci kanalının Taub Tədqiqat Mərkəzinə istinadla yaydığı məlumata görə, 2025-ci ildə ölkədə əhali artım tempi cəmi 0,9% təşkil edəcək. Bu göstərici son on ilin orta səviyyəsindən yarıdan da azdır və müasir İsrail tarixində misilsiz hal kimi qiymətləndirilir.
Araşdırmaya əsasən, bu kəskin enişin əsas səbəbləri bir neçə istiqamətdə cəmlənir. İlk növbədə, əhalinin sürətlə qocalması və ölüm hallarının artması ümumi demoqrafik balansı mənfi istiqamətə çəkir. Digər mühüm faktor isə ölkədə davam edən təhlükəsizlik problemləri fonunda əks miqrasiyanın güclənməsidir. Getdikcə daha çox israilli ölkəni tərk etməyə üstünlük verir.
Doğum səviyyəsində müşahidə olunan azalma da prosesi daha da dərinləşdirir. Statistik göstəricilərə görə, miqrasiya balansı artıq açıq şəkildə mənfidir: ölkəni tərk edənlərin sayı gələnləri 26 min nəfər üstələyib, 2025-ci ildə isə bu fərqin 37 min nəfərə çatacağı gözlənilir. Bu, İsrail üçün son onilliklərdə qeydə alınmış ən ciddi miqrasiya itkisi hesab olunur.
Tədqiqatda xüsusilə vurğulanır ki, ölkədən köç əsasən 18–34 yaşlı gənclər, dünyəvi həyat tərzinə üstünlük verən əhali və yüksək gəlirli şəxslər arasında müşahidə olunur. Paralel olaraq, İsrailə köç edənlərin sayı 2013-cü ildən bəri ən aşağı səviyyəyə enib.
Mütəxəssislərin fikrincə, bu göstəricilər İsrailin təkcə demoqrafik deyil, eyni zamanda dərin sosial və struktur böhranın yeni mərhələsinə daxil olduğunu göstərir. Yaranmış vəziyyət yaxın illərdə əmək bazarı, sosial təminat sistemi və milli təhlükəsizlik mexanizmləri üçün ciddi risklər yarada bilər.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ