İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Ukrayna savaşından xofa düşüb: Rusiyada erməni quberniyası ehtimalı artır

ABŞ və Qərbin dostları yox, yalnız maraqları mövcuddur, onların təmin olunmasındasa, Ermənistan kimi "geopolitik alət"lərdən istifadə olunur, müddəti keçdikdən sonra dərhal bir kənara atılır... Bu baxımdan, Paşinyan hakimiyyətinin son illərdə öz "sürüşkən xarici siyasət kursu" ilə Ermənistanı necə böyük bir təhlükəyə tuş gətirdiyini təsəvvür etmək çətin deyil...

Ermənistanın siyasi məkanında növbəti dəfə çaşqınlıq yaşanmağa başlayıb. Belə ki, Ermənistanın yalnız xarici himayədarların hesabına mövcud olmaq vərdişləri indi rəsmi İrəvana ciddi proseslər vəd edir. Rəsmi İrəvanın öz əsas siyasi taktikasına - hər hansı güclü dövlətin "geopolitik aləti" olmaq prinsipinə sadiqliyi yeni təhlükə qaynağına çevrilmək üzrədir. Və hazırda Paşinyan hakimiyyəti daxilində müəyyən narahatlığın hökm sürdüyü müşahidə olunur.

Keçmiş SSRI-nin süqutundan sonra Ermənistan yalnız Rusiyanın qeyri-rəsmi quberniyası və regional forpostu kimi mövcud olub. Rusiya Ermənistan ordusunun silahlandırılması da daxil olmaqla, rəsmi İrəvanın bütün ehtiyaclarını ödəyib. Əvəzində isə Ermənistan tam şəkildə Rusiyanın nəzarətində olub, rəsmi İrəvan qeyd-şərtsiz məhz Kremlin təlimatları ilə hərəkət edib. Və erməni toplumu Rusiyanın himayəsi altında təhlükəsiz mövcudluq şərtlərindən tamamilə məmnun olub.

Ancaq Azərbaycanın II Qarabağ savaşında tarixi zəfərindən sonra Ermənistan üçün situasiya ciddi şəkildə dəyişdi. Erməni toplumu Rusiyanın Ermənistanın əvəzinə Azərbaycan ilə savaşmadığına görə Kremldən narazı qaldı. Rəsmi İrəvan Kremli öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, Rusiyadan üz çevirdi. Paşinyan hakimiyyəti Rusiyanın əvəzinə Qərbdə Ermənistana yeni hərbi müttəfiqlər axtarmağa başladı. Və bu, Ermənistanın özünə yeni "sahibkar" axtarması anlamı daşıyırdı.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB) 

Təbii ki, Ermənistanın "geopolitik alət" kimi öz xidmətlərini təklif etməsi ABŞ və Qərbin maraqlarına tamamilə cavab verirdi. Çünki ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq üçün belə bir könüllü "geopolitik alətə" ehtiyacı var idi. Üstəlik, Ermənistan bu baxımdan, ən uyğun ölkə kimi də diqqəti çəkirdi. Çünki Cənubi Qafqazın lider dövləti olan və savaşda qalib gələn Azərbaycan müstəqil xarici siyasət yürütmək vərdişlərinə malikdir. Və NATO ölkəsi olan Türkiyənin hərbi müttəfiqi, maliyyə-iqtisadi resursları güclü Azərbaycanın hər hansı xarici himayədara qətiyyən ehtiyacı da yoxdur.

Maraqlıdır ki, ABŞ və Qərbin Ermənistanı regional "geopolitik alətə" çevirməsi erməni toplumunda yenidən gələcəyə müəyyən ümidlər yaratmağa başladı. Xüsusilə də, Rusiyaya qarşı xəyanət konsepsiyasını inkişaf etdirən erməni siyasi elitası ABŞ və Qərbin Ermənistanın savaşda itirdiyi Azərbaycan ərazilərini yenidə işğal etməyə yardım göstərəcəyinə belə, inanırdı. Və bu siyasi düşüncə tərzi Ermənistanı ABŞ və Qərbin təlimatlarına uyğun olaraq, Rusiya ilə münasibətləri "qopma nöqtəsi"nə doğru çəkməyə də həvəsləndirdi.

Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Ukrayna savaşında üstünlük qazanmasına az qala Ermənistanın qələbəsi kimi yanaşırdı. Erməni siyasi dairələri hesab edirdilər ki, əgər, Rusiya ABŞ və Qərbə məğlub olarsa, "savaş bataqlığı"nda batarsa, bu, yeni "erməni erası"nın başlanğıcı ola bilər. Yəni, ABŞ və Qərb Ukrayna savaşında məğlub olmuş Rusiyanı Cənubi Qafqazdan da çıxarar, Ermənistan isə yeni hərbi müttəfiqlərinin dəstəyi ilə Azərbaycan üzərində qələbə planları qurmaq şansı qazanar.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB) 

Təbii ki, bütün bunlar sadəcə, "erməni xəyalları"ndan başqa bir şey deyildi və əsl reallıqla heç bir əlaqəsi yox idi. Əsl reallığı isə erməni toplumu yalnız indi anlamağa başlayıb. Belə ki, erməni siyasi elitasının ümidlərinin əksinə olaraq, ABŞ və Qərb Rusiyanın Ukrayna savaşında məğlubiyyətini hələ də təmin edə bilməyib. Üstəlik son vaxtlar Rusiyanın tədricən təşəbbüsü ələ keçirməkdə olduğu da müşahidə edilir. Və bu, Ermənistanda ciddi narahatlıq doğurmağa başlayıb.

Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna savaşından artıq yorulmuş kimi görünür. Ukrayna ordusuna hərbi dəstək əvvəlki dövrlə müqayisədə ciddi şəkildə azalmaqdadır. Hətta yaxın vaxtlarda ABŞ və Qərbin Ukraynanı Rusiya qarşısında taleyin ümidinə tərk edə biləcəyi də ehtimal olunur. İndi Rusiyanın siyasi ritorikasının da dəyişərək, ABŞ və Qərblə uzaqgedən şərtlərlə danışması Paşinyan hakimiyyəti daxilində xof yaratmağa başlayıb.

Məsələ ondadır ki, erməni siyasi elitası Rusiyanın Ukrayna savaşında qalib gələcəyi təqdirdə, bunun ilk və ən ağır zərbəsinin məhz Ermənistana dəyəcəyini tam dəqiqliyi ilə anlayır. Çünki Kremlin ən ağır günlərində Ermənistanın Rusiyaya xəyanət etməsini bağışlamayacağı qətiyyən şübhə doğurmur. Kremlin intiqamı hətta Ermənistanın müstəqil dövlət kimi ləğvinə qədər inkişaf edə biləcəyi də istisna deyil. Və indi rəsmi İrəvanın daha təhlükəli dövrün uzaqda olmadığından duyuq düşməsi o qədər də təəccüb doğurmur.

Maraqlıdır ki, son vaxtlar Ermənistan cəmiyyətində ABŞ və Qərbə qarşı da müəyyən ittihamlar gündəmə gətirilir. Bəzi erməni politoloqlar hesab edirlər ki, Rusiya Ukrayna savaşında qalib gəlsə, bu, Ermənistanın da sonu olacaq. Çünki bu halda, ABŞ və Qərb Rusiya ilə Cənubi Qafqazda başlatdığı qarşıdurmadan da geri çəkilmək məcburiyyətində qalacaq. Yəni, hadisələrin belə inkişafı ABŞ və Qərbin Ermənistanı yenidən Rusiyanın birbaşa önünə atmasına səbəb ola bilər.

bdc8a33a9e5e5d4d52412ab666a4046f.jpg (73 KB) 

Ən önəmli məqam ondan ibarətdir ki, erməni toplumu Rusiyanın Ermənistan dövlətçiliyini hədəf alacağı təqdirdə, ABŞ və Qərbin köməyə tələsəcəyinə qətiyyən inanmır. Əksinə, indi Ermənistan cəmiyyətində vaxtilə ABŞ və Qərbin Rusiya qarşısında təkbaşına buraxdığı Gürcüstanın başına gətirilənləri daha tez-tez örnək göstərirlər. Və Ermənistanın Gürcüstandan daha dəhşətli nəticələrlə üzləşəcəyini düşünürlər.

Beləliklə, erməni toplumunda belə bir qənaət formalaşmağa başlayıb ki, əgər, Ukrayna savaş poliqonunda proseslər indiki istiqamət üzrə inkişaf edərsə, deməli, tezliklə Ermənistan bir "geopolitik alət" kimi ABŞ, Fransa və Avropa Birliyinə lazım olmayacaq. Nəticədə Ukrayna və Gürcüstan örnəyində olduğu kimi, Ermənistan da taleyin ümidinə buraxılacaq. Və bununla da Rusiya heç bir müqavimət ilə üzləşmədən Ermənistanı özünün rəsmi quberniyasına çevirəcək.

Əslində, erməni toplumunda yaranmaqda olan xof qətiyyən əsassız deyil. Çünki ABŞ və Qərbin dostları yoxdur, yalnız maraqları mövcuddur. Həmin maraqların təmin olunması üçün həmişə Ermənistan kimi "geopolitik alət"lərdən istifadə olunur. İstifadə müddəti sona çatdıqdan sonra isə yararsız materiallar kimi bir kənara atılır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin öz "sürüşkən xarici siyasət kursu" ilə Ermənistanı necə bir böyük təhlükəyə tuş gətirdiyini təsəvvür etmək çətin deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR