İnsanlara hürriyət, millətlərə istiqlal!

İran düşmənçilik ovqatını dəyişmir – İsfahanda aksiya, İrəvanda bəyanat

Xalqımızın folklorunda İranın İsfahan şəhəri ilə bağlı bir idiomatika var, lovğalanan adamlara deyərlər: “İsfahan burada deyil, amma yüz iynə boyu buradadır, di tullan, görək”.

Bu zərbül-məsəl öz qaynağını bir rəvayətdən alır, İsfahandan qayıtmış bir nəfər özünü öyürmüş, deyirmiş, İsfahanda yüz iynə boyu (təxminən 5-6 metr) tullanmışam, onda ona yuxarıdakı sözü deyiblər, susası olub.

İndi o zərbül-məsəli bu günün hadisələrinə inikas etdirsək, lovğa-lovğa müsəlman qardaşlığından, şiə təəssübkeşliyindən danışan mollalara belə deyə bilərik: “Erməni-fars qardaşlığının və Azərbaycana qarşı düşmənçiliyinizin sübutu burada deyil, İsfahandadır”.

iran.jpg (149 KB)

Ötən həftənin cümə günü bir qrup İran ermənisi Ermənistanla Xankəndi arasındakı yolun ekofəallar tərəfindən nəzarətə götürülməsinə etiraz olaraq İsfahanın Vank kilsəsində etiraz aksiyası keçirib. 1000-dən artıq insanın iştirak etdiyi aksiyada “Mühasirəni götürün”, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Bakı hökumətinin Qafqazda ekspansionist siyasətinə yox!”, "120 min insan mühasirədə" və "NATO-Turan dəhlizinə yox!" şüarları yazılmış plakatlar qaldırılıb.
Siz ermənilərlə İran hökuməti arasındakı sinxronluğa, “divar ötürmələri”nə baxın: “Bakı hökuməti”, “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyi”, “NATO-Turan dəhlizi”...

Qaldırılan şüarlar həm İran rejiminin, həm də ermənilərin ortaq xoreoqrafiyasının əsəridir, vahid mərkəzdə hazırlandığı şübhə doğurmur.

Eyni zamanda bu, ermənilərin riyakar siyasətindən xəbər verir. Hazırda Paşinyanın rəhbərlik etdiyi Ermənistan var qəsdi ilə NATO-ya, Qərbə, Avropaya yaxınlaşmaq, Rusiyadan qopmaq xətti yeridir, bunu ermənilərin yeganə nicatı hesab edir, amma İranda yaşayan ermənilər NATO-nu “vurur”, çünki İran rejimi anti-NATO ovqatlıdır. Bu, İrandakı ermənilərin düşdükləri şəraitə uyğunlaşmaq, həmin rəngi almaq qabiliyyətlərindən irəli gəlir. Təbiətdə parlaq örnəyi də var – buqəlmunlar...

888.jpg (145 KB)

Bundan başqa, Ermənistan KİV-lərində yayılmış bilgiyə görə, İranın əmək və sosial rifah naziri Seyid Soltan Murtazavi Tehranla qardaşlaşmış İrəvan şəhərində ermənistanlı həmkarı Narek Mkrtçyanla dünənki görüşündə bildirib ki, İran 44 günlük müharibədə əlil olmuş erməni hərbçilərə reabilitasiya mərkəzi açmağı təklif edir. Mərkəzin, habelə “birgə məktəblər”in Zəngəzurda açılması nəzərdə tutulur.

İndi bu nədir? Əgər əsas məsələ “İrana düşmən kəsilmiş Qərbə, ABŞ”-a, “kafir Avropa”ya yaxınlıqdırsa və İran məhz bu amillərə dayanaraq özünə dost-düşmən seçirsə, o zaman İran Ermənistanla düşmən olmalıydı. Çünki bu ölkə ABŞ-a və Avropaya Azərbaycandan daha yaxındır və Avropa dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hər gün yayılan bəyanatlarda onlar Ermənistanın tərəfini tuturlar. Açıq-aşkar hiss olunur ki, ortada gizli bir xristian təəssübkeşliyi faktoru var və avropalılar Azərbaycan torpaqlarının 28-30 il boyunca işğalda qalmasına bir söz demədikləri, Naxçıvanın mühasirəsini sakit qarşıladıqları halda, ekofəalların Laçın yolunda post qurmasını aqressivcəsinə pisləyirlər.

Demək, İran sırf bu “xristian təəssübkeşliyi”nin qarşısında öz müsəlman qardaşının təklənməsindən qeyzlənərək öz regional siyasətində dəyişiklik etməli, Azərbaycanı dəstəkləməlidir. Amma İran tərsinə edir. Bu da o anlama gəlir ki, bu dövlət üçün din-iman, məzhəb birgəliyi məsələsi gözdən asılan pərdədən başqa bir şey deyil. Tehran üçün əsas məsələ regionda öz mövqeyini və nüfuzunu gücləndirməkdir və bundan ötrü ermənilərdən yararlanmaq istəyir.

İsfahandakı anti-Azərbaycan aksiyası da, İrəvandakı açıqlama da bu niyyətin əlamətləridir. Fəqət ermənilər də elə-belə kiməsə müftə əlaltı olacaq qövm deyillər. Onların ictimai-siyasi fəal kəsimi (bu zümrə bütün xalqlarda olduğundan daha genişdir) tarixən müxtəlif güclərin əlində maşa olmağa həvəslə razılaşsalar da, həmişə daha çox öz mənafelərini güdüb, fayda qazanmağa çalışıblar. Tarixi faktlar isə belədir: ermənilərin bu hərəkəti əvvəldə onlara müəyyən fayda versə də, finişdə həmişə zərərçəkən rolunda qalıblar.

Ermənilərlə fars-molla rejiminin son iki ildə qaynayıb-qarışmasının sonu da elə olacaq.
Amma o zaman İran bu gün açıq-gizli düşmənçilik apardığı Azərbaycanla necə, hansı üzlə dostluqdan, qardaşlıqdan danışacaq, burası aydın deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR