İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı klinikada haqsızlıqla üzləşdi - Vergi Xidməti araşdırmaya başladı 

“Dünən “Medistyle Hospital”da böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli, ailə üzvümün əməliyyatı üçün həkim Elşad Rzayevə müraciət etdik. Analizlər və əməliyyat üçün böyük məbləğdə vəsait ödədik, bu gün saat 9:00 üçün əməliyyat təyin edildi. Onu da qeyd edim ki, ödənişi yalnız nağd formada tələb etdilər, nağdsız ödənişi qəbul etmirlər. Lakin ödəniş zamanı qəbz və pasiyentlə bağlanan müqavilənin surətini istədim. Bunların heç biri təqdim edilmədi”.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eyyub Kərimli bildirib.

O əlavə edib ki, bir gün sonra gecə həkim zəng edərək müxtəlif qeyri-ciddi səbəblər göstərməklə əməliyyatı edə bilməyəcəyini bildirib:

“Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqaviləsinin surətini istədiyim üçün çəkinib əməliyyatdan imtina etdilər. Deməli, bu klinika həm vergidən yayınır, həm də pasiyentin hüquqlarını kobud formada pozur. Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi xahiş edirəm, bu məsələni geniş işıqlandırsınlar. Ümumiyyətlə, bizdə həkim-pasiyent münasibəti bərbad vəziyyətdir. İnsanlar əməliyyat olunur, onlarla müqavilə imzalanmır. Sonra xəstənin başına iş gələrsə, məhkəməyə belə müraciət edə bilməyəcək”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərdik. Qurumdan Musavat.com-a bildirildi ki, artıq məsələ nəzarətə götürülüb, araşdırılacaq.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR