İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə! Bir Şuşanın sirri: Qalanın xilaskarları görün nələr danışdılar - Video, fotolar

Bu gün 8 Noyabr – Azərbaycanın şanlı qələbəsinin, Zəfərinin, Qarabağın tacı Şuşa şəhərinin azad olunmasının ikinci ildönümüdür. İki il öncə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qələbə qazandı, 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu qələbənin, Zəfərin zirvəsi noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu.

Şuşanın düşməndən azad edilməsi əməliyyatı dünya hərbi ekspertlərini də heyrətdə qoydu. Xüsusi təyinatlı əsgərlərimiz sıldırım qayaları dırmaşaraq, Şuşaya daxil oldular və sadəcə əlbəyaxa döyüşlə, PUA-larsız, tanksız, artilleriyasız  şəhəri azad etdilər. Bu əməliyyatı dünyanın hərbi əfsanəsi adlandıranlar da var.


Alınmaz qala, mədəniyyət beşiyi Şuşa şəhərinin azad olunmasında iştirak edənlər, o günlərin şahidləri iki il sonra elə Şuşada, Cıdır düzündə  Musavat.com - a danışıblar. 

Tibb xidməti leytenantı Məftun Sadıqlı Vətən müharibəsinin od-alovlu günlərini bu cür xatırlayır:

“2020-ci ildə Vətən müharibəsi başlamazdan bir neçə ay öncə Tibb Universitetinin Hərbi Tibb fakültəsindən  məzun olmuşdum. Həmin zaman ölkədə pandemiya idi və insanların evdən çölə çıxmasında məhdudiyyətlər var idi. Biz həkimlər də briqada daxilində məskunlaşmışdıq. Bu baxımdan müharibə başlayanda mən ailəmlə görüşməmiş birbaşa döyüşlərə yollanmışdım...

Bir səhər tibb məntəqəsində növbətçi olduğum zaman həyəcan təbili işə düşdü və biz bildik ki, artıq döyüşə yollanırıq. Həmin vaxt 24 yaşım var idi. Bu yaşda yeni məzun olmuş hərbi həkim, real müharibə necə olur, onun təsəvvürləri məndə tam formalaşmamışdı, ta ki Füzuli rayonuna ayaq basana qədər. İlk döyüş bölgəmiz Füzuli rayonu oldu, daha sonra Xocavənd, Cəbrayıl, Xocalı rayonunun Çanaqçı, Sığnaq kəndi meşəsi, Daşaltında olduq. Ən son dayaq nöqtəmiz isə Şuşa oldu...

Həkimlər arasında hansı hərbi hissədə xidmət etmək fərqi yox idi. Yəni, hamımız bir amal uğrunda mübarizə aparırdıq. Hamımızın bir məqsədi var idi - illərlə az qala hər gün haqqında söz açılan Şuşaya doğru irəliləmək!

Şuşa bizim milli, maddi-mənəvi irsimizdir. Biz bura yetişməli, bu torpaqları düşməndən geri almalı idik. Çünki bu damğa ilə ömür boyu yaşaya bilməzdik.

Şuşaya çatanda sanki biz sıfırdan başlamışdıq, elə bil bizə yenidən güc gəlmişdi. Xatırlayıram ki, Daşaltıdan Şuşaya doğru daha qızğın döyüşlər gedirdi və biz tərəfdən dayanmaq yox idi, yalnız irəli gedirdik”.


Həkim Məftun Sadıqlı qeyd edir ki, yaralı əsgərlərimizin hamısı yaraları sağalmadan, hətta amputasiya təhlükəsi olunmuş halda belə yenidən döyüşlərə qoşulmağa can atıblar:

“Əsgər var idi ki sağ qolu çiyin qurşağından ağır yaralanmışdı, amma ağrıkəsici vurmağa icazə vermirdi, deyirdi ki “həkim mənə ağrıkəsici vurma, turna qoy qanaxma dayansın, oturaq vəziyyətdə döyüşə gedəcəm”.

Ayağında qəlpə olan əsgərlər var idi, onlar da yenidən döyüşlərə qayıtmaq istəyirdilər. Deyirdim ki, olmaz infeksiya ola bilər, ayağınızı itirə bilərsiniz, razılaşmaq istəmirdilər.  Onların içində elə bir ruh yüksəkliyi var idi ki, bunu təsəvvür etmək olmur. Əhali bizi yollarda elə yola salmışdı ki, biz özümüzə sığışdıra bilməzdik ki, nə vaxtsa orda geri qayıdaq. Bütün hərbi qulluqçularımız, əsgər və zabitlərimizin içində yalnız bu hiss var idi”.


“Ermənilər həkim öldürməyi özləri üçün avantaj sayırdılar, çünki... “

 
Məftun Sadıqlı deyir ki, müharibə vaxtı ermənilər vandalizm əməllərindən əl çəkməyərək, daim tibbi maşınları hədəf götürüb, onları gülləbaran ediblər:

“Biz heç vaxt ermənilərin tibbi maşınlarına, atəş açmırdıq və yaxud əsirlərini incitmirdik, mülki əhalisinə qarşı vandalizm hərəkətləri etmirdik. Amma onlar tibbi maşınları bir nömrəli hədəf kimi görürdülər. Məsələn, əgər yan-yana tank, zirehli maşın, tibbi maşın olsa mütləq birinci tibbi maşınını vurardılar. Çünki onun içində həkim olur. Əlbəttə ki, hərbi hissədə həkim sayı az olur, həkimi vuranda hissədə sistemi iflic vəziyyətə düşür. Ona görə də ermənilər həkim öldürməyi özləri üçün avantaj sayırdılar.

Bir neçə dəfə Füzuli, Çanaqçı, Daşaltı istiqamətində tibbi maşınımız vuruldu. İki dəfə tibbi maşınımız tam yararsız hala düşüb... Həkim yoldaşlarımız arasında şəhid olanlar, yaralılanlar var. Həkim həmkarlarımız Əfəndiyev Adil, Xəlilbəyli Turqut  döyüş əsnasında şəhid olublar. Onlar bizim böyük qardaşlarımız olub...


“Yaralı əsgərin istəyi ilə alma tapıb gətirəndə artıq yerində yox idi... “


Ermənilərin həkimlərə qarşı törətdikləri vandalizmə baxmayaraq biz heç vaxt yaralılarımızı döyüş meydanında qoymamışıq. Ən çətin vəziyyətlərdə tibbi maşını saxlayıb, xeyli piyada kilometrlərlə yol gedib, yaralıları daşımışıq, onları döyüş meydanında qoymamışıq.

Bir ömür boyu unuda bilməyəcəyim bir hadisəni xatırlayıram. Yaralı əsgərimiz var idi. Məni çağırdı ki "Həkim, mənə sistem qoşdun, tibbi yardım göstərdin, bilmirəm buradan sağ çıxacam, ya yox, amma ürəyim alma istəyir, mənə bir alma tap gətir". Mən də zarafatla dedim ki "deyəsən düzəlmisən, iştahan açılıb, indi də alma istəyirsən, amma sənə alma tapacam". Təsəvvür edin həmin ilin bu vaxtı, ağaclar yarpaqlarını töküb, belə bir yerdə necə alma tapasan, bu, qeyri-mümkündür. Daşaltıya düşüb, qapı-qapı gəzib, heç olmasa bir alma tapmağa çalışdım... Nəhayət ki, bir ağacın başından bir alma tapa bildim. 15-20 dəqiqəyə qaça-qaça gəldim, gördüm ki, yaralı yerində yoxdur. Soruşdum, dedilər ki, bir az öncə təxliyə ediblər. Üstündən heç beş dəqiqə keçmədi, xəbər gəldi ki, həmin əsgər yolda şəhid olub. Bu hadisədən sonra təxminən bir həftə hər gecə həmin əsgəri yuxumda görürdüm. Hər dəfə də yuxumda deyirdi ki "həkim, Allah köməyin olsun, mənə yardım etdin, bəs mənim almam hanı... “ Müharibə boyu yaşadığım, heç vaxt unuda bilmədiyim ən ağrılı hadisələrdən biri bu oldu mənim üçün... "

Şuşanın işğaldan azad olunması, Zəfər gününün şahidi Məftun Sadıqlı həmin anları bu cür xatırlayır:

“Bizim xüsusi təyinatlılarımız gördüyünüz bu sıldırım, keçilməz qayaları dırmaşaraq, Şuşaya giriblər. Onların ardınca bizim digər bölmələrimiz Şuşaya girib, şəhəri işğaldan azad ediblər.

Yadımdadır ki, Şuşa alınanda hamı yaylım atəşi açırdı, silah səsləri susmurdu. Bu o demək idi ki, biz artıq Şuşanı azad etmişik. Həmin gün bizim ən xoşbəxt, ən sevincli günümüz idi!

Müharibəyə gedəndə nə medal, nə isə bir təminat alacağımızı düşünmürdük.  Yalnız bir şey düşünürdük – torpaqlarımız  işğaldan azad olunsun.

Müharibədən sonra cənab Prezidentin sərəncamı ilə medallarla təltif olunduq. Həmçinin bütün Vətən müharibəsi iştirakçılarına, veteranlara aylıq müavinətlər, müxtəlif imtiyazlar verilib. Yəni daim qayğı göstərilir ki, ordu bu torpaqlarda daha da möhkəmlənsin, hər cür təxribatın qarşısını almağa daim hazır olsun”.

“Özümlə ona görə fəxr edirəm ki... “

Oğlu ilə birgə Vətən müharibəsində iştirak edən, Şuşanın işğaldan azad olunmasının şahidlərindən biri baş gizir Seymur Qurbanov dünya hərb tarixinə səs salan həmin anları belə xatırlayır:

“Həmin vaxt çox qızğın döyüş gedirdi. Ermənilər dayanmadan atırdılar. Bir qədər sonra teleqülləyə qalxdıq. Lakin erməni

dronları bizi çəkirdi. Dronu vurduqdan sonra əsgərlərimiz Şuşanın içərisində erməniləri qovmağa, şəhəri düşməndən təmizləməyə başladılar.

Bəli, özümlə fəxr edirəm. İlk ona görə ki, Şuşanın işğaldan azad olunmasında mən də var idim. İkincisi ona görə ki, Vətən müharibəsində oğlumla birgə iştirak edirdim. Oğlum Hadrutda mən isə Şuşada idim...

İndi Şuşada çox böyük dəyişikliklər var – yeni binalar, mədəniyyət evləri tikilir, şəhərin içərisi gözəlləşdirilir. Baxdıqca çox sevinirəm”.

Hərbi Tibb fakültəsinin tibb xidməti polkovnik-leytenantı, əslən Laçından olan Süleymanov Şahin isə qeyd edir:

“44 günlük müharibədə ordu, xalq bir yerdə oldu. Bu birlik düşmən üzərində qələbə çalmağımızda əsas şərtlərdən biri oldu.

Həmin günləri xatırladıqca dərin hisslər keçiririk... Hərbi həkim kimi sentyabrın 27-dən hərbi hissələrdə tibbi təminatın yerinə yetirilməsində iştirak etdi. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin, həmçinin mülki xəstəxanaların həkimləri müharibə dövründə yaralıların tibbi təminatını həmişə vaxtında və təcili surətdə yerinə yetirib.

Mən Laçında böyüyüb, boya-başa çatmışam. Laçından çıxanda 17 yaşım var idi. Elindən-obasından, yurdundan ayrı düşmək, torpağının işğalda olması, bütün bunlar çox ağır hisslərdir. Bu hisslər mənə həmişə əzab verirdi və hərbi həkim olmağımın da səbəbi bu idi. Buna görə də universiteti bitirdikdən sonra vətənə olan borcumu yerinə yetirmək üçün qoşunlarda tibb xidməti zabiti kimi fəaliyyətə başlamışam”.

Şuşa şəhərinin azad edilməsində iştriak edən zabitlərdən biri batareya komandiri Qəhrəmanlı Rəhmandır. Azərbaycan Ordusunun zabiti kimi o da 44 günlük müharibədə iştirak etməsinin sevincini yaşayır:

“Çox şükür ki, üzərimizə düşən öhdəliyi, tapşırığı uğurla yerinə yetirdik. Müharibə başlayandan Qarabağın bir çox istiqamətlərində, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Xocavəndə və son olaraq Şuşada döyüşlərdə olmuşam.

Çox sevinirdik ki, Birinci Qarabağ müharibəsində döyüşən atalarımızın yolunu davam edərək, Vətən müharibəsində iştirak edirdik...

Bu müharibədə xalqın orduya olan münasibəti inanılmaz idi. Hər kəs ordu üçün əllindən gələn köməyi, dəstəyi göstərməyə çalışırdı”.


Şuşa fatehi: “Əmin idik ki, bu qələbəni qazanacağıq”

Şuşa fatehlərindən biri, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi igidlik və mərdliyə görə Prezidentin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adını almış Kənan Seyidov Şuşa əməliyyatının ən ağır və ən çətin əməliyyat olduğunu deyir:

“44 günlük müharibəyə biz əvvəlcədən hazırlaşmışdıq. Birincisi ümumi, 30 illik hazırlıq idi. Bu əməliyyatlardan öncə də Azərbaycan Ordusu Qarabağa oxşar ərazilərdə öz hücum əməliyyatlarını məşq edirdi. Artıq 27 sentyabrda düşmənin hücumunun qarşısını alıb, ona tutarlı cavab verəndə biz əmin idik ki, bu qələbəni qazacağıq.

Şuşa əməliyyatı əməliyyatlar içərisində ən çətini və ağırı idi.  Şuşanın işğaldan azad edilməsi üçün xüsusi bir hərbi plan var idi. Əlbəttə ki, bu plan çox riskli və çətin plan idi. Lakin qoşunlarımızın hazırlığı, peşəkarlığı, qələbəyə olan inamı bu zəfəri bizə qazandırdı. Biz düşmənin ağlına gəlməyəcəyi, çətin

keçilən ərazilərdən keçərək, Şuşaya daxil olduq, düşməni orada məhv etməyi bacardıq”.

 Şuşa fatehi Azərbaycan Ordusuna olan arzusunu da bölüşdü:

“Azərbaycan Ordusuna bundan sonra da bu şərəfli adı həmişə uca tutmağı arzu edirəm!”

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR