Onlayn ictimai-siyasi qəzet
Niyə İranın dini lideri, niyə Azərbaycanın elm və təhsil naziri?
“İlin adamı” nominasiyası adətən mübahisələr doğuran mövzudur. Azərbaycanda belə bir ənənə olmayıb — görünür, ya obyektiv seçim elan etmək asan deyil, ya da bu işə girişəcək, il ərzində təhlillər aparacaq və ən əsası, son nəticəsi şübhə doğurmayacaq nüfuzlu qeyri-hökumət təsisatı yoxdur.
Bu, elə bir qəliz məsələdir ki, bir əsrə yaxındır “İlin adamı”nı müəyyənləşdirən ABŞ-nin nüfuzlu “Time” həftəliyi də seçimlərində siyasi konyunkturaya meyllənir. Bu il məlumdur ki, “Time” süni intellekti, daha dəqiqi bu “zatıqırığın” sponsorlarını — İlon Mask da daxil olmaqla 8 milyarderi ön səhifəsinə çıxardı. Amma zənnimcə, obyektiv seçim olsaydı, hüquqi maneələrə, sui-qəsd cəhdinə rəğmən prezident seçildiyinə görə 2024-cü ilin “İlin adamı” olan Donald Tramp, bu il də dünya siyasətində mərkəzi fiqur olaraq qaldığı üçün həmin nominasiyanı haqq edirdi.
Yaxud İranın dini lideri — 12 günlük müharibə zamanı iki dövlətin (ABŞ və İsrail) öldürmək istədiyi, lakin gizləndiyi bunkeri tapılmayan İranın Ali dini lideri Xamenei də “İlin adamı” ola bilərdi. Elə Rusiya lideri Vladimir Putinin də anti-qəhrəman kimi “İlin adamı” seçilmək şansı yüksək idi. Axı “Time” seçimində şəxsin dünyada oynadığı müsbət və ya mənfi rola baxmır... Deməli, siyasət bu seçimlərdə tam obyektivliyə maneə olur.
Azərbaycanda bu il “İlin adamı” sorğusu keçirilsəydi, seçimim heç düşünmədən elm və təhsil naziri Emin Əmrullayev olardı. Onun müsbət, yoxsa mənfi tərəflərinin önə çıxdığını birmənalı qiymətləndirmək çətindir, ən azı belə bir sorğu keçirilməyib. Amma il ərzində rəhbərlik etdiyi sahədə çox ciddi müzakirələrlə gündəmdə qaldığını demək mümkündür.

Azərbaycanın təhsil sistemində ciddi problemlər mövcuddur - bunu müəllim ailələri, eləcə də övladları şagird və ya tələbə olan valideynlər daha yaxşı bilir. Kurasiyasında olan elm kimi ağır sahəni kənara qoysaq belə, orta və ali təhsildəki problemlər Əmrullayevin şəxsinə diqqət yönəlməsi üçün kifayət edir. Biz jurnalistlər olaraq hər gün xəbərləri izləyirik və şəxsi müşahidəmə görə, yola saldığımız ildə hansısa məmura mediada Əmrullayev qədər çətin ki, diqqət olsun.
Yeri gəlmişkən, publika qarşısında sakit, bəzən təvazökar çıxışları bəlkə də təhsil kimi “emosional” sahə ilə tam uzlaşmır. Çünki müəllim və ya direktor dedikdə gözlərimiz önünə hündürdən və amiranə tərzdə danışan, qarşısındakını dediklərinə inandırmağa çalışan obraz gəlir. Əmrullayev isə sakit tonda, təhsil sistemi üçün planlaşdırılan və hətta ətraflı izahat tələb edən məsələlərdən danışarkən belə, elə təsir bağışlayır ki, sanki nazir dediklərinə özünün inanması ilə kifayətlənir, qarşısındakını inandırmaq niyyətində olmur.
Əmrullayevin gərək ki, nazir olduğu vaxtdan (2022) başlayan müəllimlərin sertifikasiya imtahanları bu il də geniş müzakirələrə və narazılıqlara səbəb oldu. Rəsmi rəqəmlərə görə, 2022–2023 və 2024-cü illərdə 40 minədək müəllim sertifikasiyadan keçib. 2025-ci ildə isə təxminən 19 min müəllim imtahana cəlb olunub. Bu proses, əlbəttə ki, nazirin şəxsi təşəbbüsü deyil, dövlətin təhsil strategiyasının tərkib hissəsidir və məqsəd həm də müəllim əməyinin stimullaşdırılması, yəni nəticələrə uyğun əməkhaqqının tətbiqidir. Dövlət, necə deyərlər, bu proseslə öz müəllimini zəiflətmək yox, gücləndirmək istəyir.

Prinsip etibarilə bu, ədalətli yanaşmadır, mən birmənalı imtahanların tərəfdarıyam. Təhsilin – kiminsə inciməməsi üçün “təmizləmə” deməyək – müəyyən mənada “filtrasiyası” vacibdir. Vaxtilə Bakının icra başçısı olmuş Hacıbala Abutalıbov da oxşar ağır prosesi yaşamışdı: paytaxtın mərkəzini çadır-çayxanalardan, qanunsuz budkalardan təmizləmişdi və nə kimsənin gözünün yaşına baxmışdı, nə də qarğışlar onu yolundan döndərmişdi.
Əmrullayevə də təxminən bənzər bir proses tapşırılıb və razılaşaq ki, bütün narazılıqlara baxmayaraq, müəyyən uğurlar var. 2025-ci ilin sertifikasiya imtahanları əvvəlki illərlə müqayisədə daha genişmiqyaslı olub. İl ərzində ümumilikdə 35 mindən çox müəllim bu prosesə cəlb edilib. Rəsmi məlumatlara görə, 2025-ci il sertifikasiya imtahanında 7 mindən çox müəllim sertifikat ala bilməyib və nəticədə bu müəllimlər işdən çıxarılıb və ya onların əmək müqaviləsinə xitam verilib. Məhz buna görə də bu il sosial şəbəkələrdə və mediada tənqidlər daha çox oldu. Narazı müəllimlər nazirliyi məhkəməyə verdi, bəzi müəllimlər hətta aksiya da keçirdilər və s.

Yay mövsümü boyu bu imtahanlar yenə də gündəmin əsas mövzularından biri oldu. Əmrullayev isə yenə əsəblərinin möhkəm olduğunu göstərdi. Nazir zaman-zaman imtahanda “ilişən” müəllimlərlə bağlı açıqladığı konkret faktlarla cəmiyyəti heyrətləndirdi. Məsələn, bildirdi ki, sertifikasiyadan kəsilənlər arasında “müəllim” sözünü düzgün yaza bilməyənlər va! Yaxud bu açıqlamaya diqqət edək: “İmtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini belə hesablaya bilməyib”. Əlavə şərhə ehtiyac yoxdur...
Son olaraq nazirin “Pul hamıya yox, nəticə verən müəllimə verilməlidir” fikri ciddi müzakirələrə səbəb oldu. Başqa müzakirələr də var, amma buillik kifayətdir.
Ümid edək ki, növbəti il təhsilimiz üçün daha uğurlu olacaq. Axı 2026-cı il üzrə təhsil və elm xərclərinə 5 milyard manat vəsait nəzərdə tutulub ki, bu da yola saldığımız illə müqayisədə 14,3% çoxdur.
Nazim Sabiroğlu
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ