İnsanlara hürriyət, millətlərə istiqlal!

“İkili standartlar” həqiqətənmi var?

Azərbaycan müstəqil olandan sonra ən geniş yayılmış siyasi və diplomatik ifadə “ikili standartlar” oldu. Kimcə buna inanır, kimsə də sadəcə, ironiya edir. Amma ən kədərli fakt budur ki, bu illər ərzində Azərbaycanda hakimimiyyət düz üç dəfə kardinal şəkildə dəyişib, di gəl, dünya birliyinin Bakıya münasibəti, demək olar ki, dəyişməyib.

Hətta demokratik qüvvələrin hakimiyyəti dövründə ABŞ-ın və Avropanın Azərbaycana olan münasibəti elə də fərqlənməmişdi: bu ölkələr gənc respublikanın problemlərinə etinasız yanaşır, özlərini elə aparırdılar ki, sanki ona qarşı erməni-rus təcavüzünü heç görmürlər.

ABŞ bir az da “irəli gedib” Azərbaycana qarşı, ümumiyyətlə, 907-ci düzəlişi qəbul etdi. Sonuncunu hətta sonrakı hakimiyyətlərin dövründə belə ləğv etmək mümkün olmadı. Yalnız prezident kiçik Corc Buşun dövründə onun qüvvəsini dayandırmaq mümkün oldu.

Amma 907-ci düzəliş Azərbaycanın xarici siyasət müstəvisində bir epizod oldu, bundan sonra da lənətlənmiş “ikili standartlar” ifadəsini eşitmək üçün yüzlərlə məqam oldu. O, hətta Ukrayna-Rusiya müharibəsinin gedişində belə yada düşür. Azərbaycanda çoxu gileylənir ki, bu otuz il ərzində Qarabağ probleminə Qərbdən Ukrayna məsələsində olduğu kimi birmənalı münasibət görmədilər.

Əlbəttə, demək olar ki, Ukrayna münaqişəsinin miqyasları daha böyükdür. Üstəgəl, Rusiya Ukraynanı Avropaya inteqrasiyaya can atmasına görə cəzalandırdı. Bundan başqa, ukraynalılar da şikayətlənir ki, onlara da ikili standartlar şamil olunur.

Finlandiyanın və İsveçin NATO-ya inteqrasiya etmək fikrində olduqlarını bəyan etmələrindən sonra ayrı-ayrı üzvlər və bütövlükdə NATO rəhbərliyi az qala, xorla bəyan etdilər ki, onlar ən qısa zamanda bu iki ölkəni NATO-ya üzv qəbul etməyə hazırdırlar. Burada istər-istəməz təbii sual yaranır: cənablar, doğrudanmı sizə problemsiz ölkələr lazımdır ki, üzvlük haqqı ödəsinlər və əsgərlərini sizin əmr etdiyiniz ölkələrə göndərsinlər?

İkincisi, vaxtilə NATO ölkələri Yuqoslaviya probleminə fərqli şəkildə yanaşdılar. Mübaliğəsiz demək olar ki, NATO olmasaydı, problem həll olunmayacaqdı.

Üçüncüsü, NATO rəhbərliyi daim vurğulayır ki, Ukrayna Alyansın üzvü deyil, ona görə də üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstək maddəsi ona şamil olunmur. Sual olunur: BəsYuqoslaviya Federasiyasının Xorvatiya və ya Bosniya kimi keçmiş üzvləri NATO üzvləri idimi? Axı bu “məntiq”ə görə NATO Yuqoslaviya münaqişəsinə də qarışmamalı idi!..

Azərbaycana qayıdaq. Bakı problemlərini özü həll edir: o, NATO-dan bu problemlərə müdaxilə ummur, ABŞ və Avropadan yeni “Marşall planı” tələb etmir. Bakının istəyi yalnız problemlərinə anlayışla yanaşılmasıdır.

Hətta ərazilərini azad edəndən sonra Bakının Dağlıq Qarabağdakı separatçı rejimə təzyiq göstərməkçün əlavə rıçaqları qalır. Bu günlərdə Xankəndiyə və digər rayonlara qaz verilişi müvəqqəti dayanmışdı. “Kimlər bizə zəng etmədi?” – Bakının təəccüb dolu reaksiyası belə oldu. Bəli, xaricdə xorla dedilər ki, “mülki əhali”ni qazsız və ya yanacaqsız qoymaq olmaz. Onda belə çıxır ki, qaz və neft bir halda siyasi təzyiq vasitısi ola bilər, digər bir halda isə yox! Burada məntiq varmı, ağalar?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR