İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrükdəki korrupsiya bəlasından necə qurtulmalı?

Mövcud şərtlər radikal addımların atılmasını zəruri edir

Azərbaycan müstəqil olandan bəri gömrük orqanlarının adı korrupsiyaya ən çox məruz qalan dövlət qurumları sırasında hallanıb. Ölkənin ticarət qapılarına nəzarət edən məmurların qanunsuz davranışları uzun illərdir Azərbaycan, bir çox hallarda isə ölkəyə gələn xarici sahibkarlar tərəfindən tənqid olunur, idxalçı və ixracatçılara qarşı korrupsiya əməllərinin gerçəkləşməsinə dair hər il yüzlərlə şikayət, fakt aşkarlanır...

Gömrük orqanlarında korrupsiya prosesində hansı həcmdə pulların dövr etdiyini təxmini də olsa təsəvvür etmək üçün Naxçıvanın keçmiş gömrük rəhbərinin qısa müddətə mənimsəyə bildiyi vəsaitlərin həcminə diqqət yetirmək kifayətdir...

Ötən dövr ərzində dəfələrlə gömrük orqanlarının işində şəffaflığın təmin olunması, bu sistemin sahibkarın başı üzərində Domokl qılıncı rolundan çıxması üçün qərarlar qəbul edilib, fərman və sərəncamlar imzalanıb. Sonuncu belə belə sərəncam - “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” olmaqla Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin martında imzalanıb. Sərəncamla Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək, elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etmək, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmək, gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etmək, vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirmək, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görmək, risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görmək, xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlamaq tapşırılıb.

Sərəncamla həmçinin Dövlət Gömrük Komitəsinə Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bu sərəncamın imzalanmasından 5 il sonra – 2022-ci ildə DGK –da həyata keçirilən həbslər göstərdi ki, orada nəzərdə tutulan bir sıra texniki xarakterli tədbirlər(elektron bəyannamə, Yaşıl dəhliz və sair) icra olunsa da, mahiyyətdə dəyişiklik çox cüzidir – korrupsiya ən yüksək səviyyələrdə davam edir. Ötən il gömrük orqanlarına rəhbərliyin dəyişməsilə bu sistemdə şəffaflığın yaradılması ilə bağlı gözləntilər yarandı. Xüsusilə sahibkarlar daimi başbəlalarına çevrilmiş gömrük xidmətlərində, nəhayət ki, dəyişiklik olacağını düşündülər.

Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bu gözləntiləri daha da artıran açıqlama verərək, gömrük orqanlarının öz işini yeni hədəflər çərçivəsində qurmalı olduğunu bəyan etdi: “Gələcək üçün Azərbaycan gömrüyünün qarşısında duran əsas hədəflər şəffaflığın yüksəldilməsi, sahibkarlıq subyektlərinin və vətəndaşların məmnuniyyəti, büdcə daxilolmalarında dayanıqlılığın təmin olunması, rəqəmsal gömrüyün yaradılmasıdır.  Prezident İlham Əliyev tərəfindən bu sahədə müvafiq tapşırıqlar verilib və biz bu istiqamətdə tam səfərbər olacağıq. Hədəflərə çatmaq üçün Fəaliyyət Planı tərtib olunub və İşçi Qrupları yaradılıb”.

shahin_bagirov_131222.jpg (33 KB)

Bu açıqlamadan bir ay sonra Baş Prokurorluğun komitədə həyata keçirdiyi yeni həbslər ölkənin ticarət qapılarında korrupsiyanın azalmadığını ortaya qoydu. Və bu problemin mümkün qədər qısa müddətdə və radikal addımlarla aradan qaldırılmasının zəruriliyi bir daha aktuallaşdı...

Doğrudur, ötən ilki həbslərdən sonra gömrük sistemində şəffaflaşmaya hesablanmış bəzi addımlar atılıb. Məsələn, Dövlət Gömrük Komitəsi ötən ilin sentyabrından avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdırmaq üçün yeni elektron xidmətin tətbiqinə başlayıb. Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradır. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir. Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin “Avro-4” ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir. Lakin bu addımın avtonəqliyyat vasitələrinin idxalındakı qanunsuzluqları aradan qaldırmadığı Baş Prokurorluğun açıqladığı rəsmi məlumatla isbata yetirilir.

Gömrük prosedurları ilə bağlı atılan daha bir addım təqdim edilən gömrük bəyannamələrinə baxılması müddətinin azaldılması ilə bağlıdır. 2022-ci ilin dekabrında Gömrük Məcəlləsində və "Gömrük tarifi haqqında" qanuna bununla bağlı ediləcək dəyişikliklər layihəsini Milli Məclis 3-cü oxunuşdan da keçirib. Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib ki, Azərbaycanda sahibkarların haqlı narazılığı nəzərə alınaraq gömrük bəyannaməsi gömrük orqanına təqdim edildiyi andan etibarən 1 gün ərzində ona baxılacaq, əgər bəyannamədə gömrük dəyəri üzrə düzəliş tələbi irəli sürülməlidirsə 24 saat ərzində həmin şəxslərə bildiriləcək. Onun sözlərinə görə, bu məqsədlə Gömrük Məcəlləsində və "Gömrük tarifi haqqında" qanuna edilən dəyişikliklərin yaxın zamanlarda dərc edilməsi gözlənir: “Beynəlxalq təcrübə əsasında yeni bildiriş forması da təsdiq edilib. Bu isə daha təfərrüatlı və səlis hesabata şərait yaradır. Mövcud məcəllə çərçivəsində malların mənşə ölkəsinin, kodlarının müəyyən olunması vaxt itkisinə gətirib çıxarır. Hazırda malların kodlarının müəyyən olunması bəyannaməçi tərəfindən həyata keçirilir və görmük orqanları tərəfindən həmin kodların düzgün bəyan edilməməsi müəyyən edilərsə, şübhələr yaranarsa orqanın kodu təsnifatlandırması, bu zaman əlavə köməyə ehtiyac yaranarsa gömrük orqanının onu ekpserizaya göndərmək hüququ var. Malların ekspertizada baxılma müddəti 20 günə qədərdir ki, bu da haqlı narazılığa səbəb olur. Vaxt itkisinin qarşısını almaq üçün malların gömrük ərazisinə gətirilməməsi üçün "Məcburi qərar" pilot layihəsinin icrasına başlanıb".

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, sahibkarlar üçün gömrük xidmətindən istifadə edən zaman ən mühim meyarlar daha az günün tələb olunması və xərclərin azlığı olur: “Amma Dünya Bankının son hesabatı göstərir ki, Azərbaycanda gömrük xidməti üzrə bu meyarların təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, ixrac üçün tələb edilən xərc Azərbaycanda 214 dollar olduğu halda, bu məbləğ Avropa və Orta Asiya regionunda 150, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv ölkələrdə 136 dollardır. Uyğun olaraq idxal üçün Azərbaycanda 300, regionda 159, OECD ölkələrində 98 dollar tələb olunur. Bu isə deməkdir ki, yeni dəyişikliklər günlər ilə yanaşı xərcin də məbləğini azaltmalıdır”.

bayram.jpg (74 KB)

Millət vəkili hesab edir ki, idxal olunan məhsulların gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı da ciddi addımlar atılmalıdır: “Bütövlükdə, gömrük dəyərinin müəyyənləşdirilməsində subyektivliyin aradan qaldırılması vacibdir. Bu meyarların institutlaşması və daha çox qanunverici norma kimi tənzimlənməsi məqsədəuyğundur. Bu, gömrük proseduralarının daha da sadələşdirilməsinə səbəb ola bilər. Məsələn, dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan “Wall Mart” çox həcmli sifarişlər əsasında daha ucuz məhsulları idxal edə bilir. ABŞ-da gömrük dəyəri prinsipindən istifadə olunsaydı o zaman “Wall Mart” kimi şəbəkələr inkişaf edə bilməzdi”.

İqtisadçı-alim deyir ki, Azərbaycanda gömrük xidmətlərinin fiskal deyil, daha çox iqtisadi və təhlükəsizlik funksiyaları yerinə yetirməsi təmin olunmalıdır: “ ABŞ-da hazırda ümumi fiskal gəlirlərin yalnız 3.3, Avropa İttifaqında 1.2 faizi gömrük gəlirlərinin payına düşür. İnkişaf etmiş ölkələr üçün artıq gömrük sisteminin fiskal funksiyası aparıcı hədəf deyil”.

V.Bayramov həmçinin bildirir ki, bir sıra şəhərlərdən Bakıya təyyarə ilə səfər edənlərin hammısının qırmızı dəhlizdən istifadə etməsi tələb olunur: “Belə olan halda, yaşıl dəhlizə nə ehtiyac var? Ölkəyə gələn əcnəbi üçün ilk münasibət çox önəmlidir. Vətəndaşlarımızın rahat keçidi ilə yanaşı, bu baxımdan yaşıl dəhlizin funksiyalarının tam bərpa olunması vacibdir”.

Qeyd edək ki, əksər mütəxəssislər hesab edirlər ki, gömrük orqanlarında korrupsiyanın qarşısını almaq üçün onların büdcə gəlirlərinin təmin olunması vasitəsi rolunun minimuma endirilməsi zəruridir. 2022-ci ildə Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 milyon manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1311,6 milyon manat və ya 30,2 faiz çoxdur.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2022-ci ildə Azərbaycanda gömrük vergi yükü artıb:

1878749.jpg (60 KB)

“Bizdə gömrük yığımların əsas etibarı ilə idxal əməliyyatlarından formalaşdığını nəzərə alsaq, gömrüyün büdcəyə ödəmələrinin ümumi idxal dəyərinə nisbəti 21,8 faizdən 24 faizə yüksəlb. Yəni bizdən 2021-ci ildə idxal olunan hər 100 manatlıq mala görə 21,8 manatdan alınmışdısa, ötən il 24 manata yüksəlib. Səbəbini soruşsanız, ağarma deyəcəklər. Amma məsələn, gömrük dəyərinin subyektiv qərarlarla artırılıb-azalmasını araşdıra bilmək üçün hər hansı alternativ araşdırma imkanı mövcud deyil”.

Mövcud şərtlər göstərir ki, gömrüyun sahibkarlığı boğan, xarici investoru çəkindirən qurum qılığından çıxarılıb texniki prosedur səviyyəsinə enməsi üçün real və təsirli addımların atılması zərurətə çevrilib. Və bu addımlar prosesdə maraqlı tərəf olan DGK deyil, Azərbaycan hökuməti tərəfindən atılmalı, idxal-ixracdan vergi-rüsumların toplanması funksiyası gömrük orqanlarından alınmalıdır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR