İnsanlara hürriyət, millətlərə istiqlal!

"Globalfirepower" sensasion hərbi statistika açıqladı - Türkiyə və İran sıçrayış edib

 

ABŞ, Rusiya və Çin arasında hərbi güc fərqi minimal xarakter daşıyır...

Dünya ölkələrinin hərbi gücünü analiz edən məşhur "globalfirepower" beyin mərkəzinin siyahısına əsasən 2024-cü ildə Türkiyə 8-ci yerə yüksəlib. Yəni Türkiyə birdən-birə 3 pillə irəli gedib. Qardaş ölkədə hərbi sənayenin sürətli inkişafı artıq beynəlxalq səviyyədə də etiraf olunur. Maraqlıdır ki, qonşumuz İran da eynən Türkiyə kimi bu siyahıda 3 pillə yüksəlişə nail olub. Belə ki, 2023-cü ildə 17-ci yerdə olan İran hazırda 14-cü yerdə qərar tutur.

"Globalfirepower"in siyahısında belə ciddi irəliləyiş nadir hallarda olur. Məsələn, 2022-ci ildə Ukrayna bu siyahıda 22-ci yerdə idi. 2023-cü ildə isə bu ölkə birdən-birə 7 pillə irəli çıxdı. Yəni 17-ci yerə qalxdı. Bu kəskin fərq nədən yarandı? Çünki Rusiya-Ukrayna müharibəsindən dolayı kollektiv Qərb rəsmi Kiyevə maddi, mənəvi, ən əsası isə hərbi dəstək verdi. Ancaq 2024-cü ildə Qərbin Ukraynaya dəstəyi nisbətən zəiflədi. Nəticədə Ukrayna 1 pillə geri düşdü, yəni 18-ci yerdə dayandı...

Ukrayna-55jpg-1689586071.jpg (119 KB)

Hərbi və ya sərt güc dünya yaranandan dövlətlər üçün əsas güc mənbəyi hesab olunub. Bununla belə, “Soyuq müharibə”dən sonrakı dövrdə iqtisadi və ya yumşaq güc sərt gücü üstələməyə başladı. “Tarixin sonu” tezisinə əlavə olaraq, dövlətlərarası müharibələrin kəskin azalması müharibənin tezliklə keçmişə dönəcəyini və ölkələrin öz hərbi güclərinin inkişafına daha az vəsait ayıracağına inamın yaranmasına səbəb oldu. Lakin işlər gözlənildiyi kimi getmədi. Dünya son bir neçə ildə kütləvi hərbiləşmə və artan müdafiə büdcəsi ilə üzləşib. Bu tendensiya isə "Globalfirepower"in indeksində öz əksini tapır. Dilimizə “Qlobal Atəş Gücü İndeksi” kimi tərcümə oluna biləcək bu beyin mərkəzi ölkələrin hərbi gücünə əsaslanan illik reytinqi təqdim edir. Bu və ya digər ölkənin hərbi gücünün müəyyən edilməsində müxtəlif amillər nəzərə alınır: Qlobal geostrateji dəyişiklik, güclü dövlətlər arasında güclənən rəqabəti və xarici təhlükəsizlik mühiti və s. kimi önəmli faktorlar bu işdə xüsusi rol oynayır. Təəssüf ki, ölkələr təhlükəsizlik qarantiyası əldə etmək üçün daha çox ordunu gücləndirməyə üstünlük verirlər.  Bu da dünyada sülh və təhlükəsizliyə təhdid yaradır.

1_3037352444.jpg (134 KB)

2005-ci ildən bəri “GFP” 60-dan çox müxtəlif amildən istifadə edərək hərbi gücünə görə ölkələrin illik reytinqini təqdim edir. Bu amillər səkkiz kateqoriyaya qruplaşdırılıb: coğrafiya, işçi qüvvəsi, hava gücü, dəniz gücü, quru gücü, maliyyə, resurslar və coğrafiya. “GFP” 25 ölkə ilə başladı və 145 ölkəyə qədər genişləndi. Hər il hərbi gücün dəyişən dinamikasının nəbzini tutmaq üçün prosesə təsir edə biləcək yeni amillərin dairəsi genişlənir. Düzdür, heç vaxt mükəmməl nəticə əldə etmək mümkün deyil. Ancaq xəta əmsalı sıfıra yaxın indeks tərtib etmək “GFP”nin əsas hədəfidir...

“GFP 2023”-də Birləşmiş Ştatlar 0,0712 balla dünyanın ən yüksək hərbi gücü kimi sıralanır. İkinci və üçüncü ən güclü ordular müvafiq olaraq 0,0714 və 0,0722 balla Rusiya və Çin idi. Bu rəqəmlər oxucuya elə bir şey deməsə də mütəxəssislərə aydın şəkildə göstərir ki, bu ölkələr arasındakı hərbi güc fərqi minimal xarakter daşıyır. ABŞ-la Rusiyanı bir-birindən cəmi 0,0002 bal ayırır. Çin isə ABŞ-dan cəmi 0,0010 bal geridə qalır.

ABŞ və Rusiya arasındakı hərbi gücü müqayisə etsək, görərik ki, ABŞ-ın hava gücü, maliyyə, logistika və coğrafiya baxımından üstünlüyü var. Rusiya isə canlı qüvvə, quru gücü, dəniz gücü və təbii sərvətlər baxımından ABŞ-dan üstündür. ABŞ 2022-ci ildə təqribən 782 milyard dollarlıq heyrətamiz hərbi büdcəsi ilə Rusiyanı kəskin şəkildə geridə qoydu. ABŞ-ın on qırıcı təyyarədaşıyan gəmisi var. Ümumiyyətlə, Amerika Rusiya üzərində texnoloji üstünlüklərə sahibdir. Digər tərəfdən, Rusiya 12950 tank, 6083 özüyeriyən artilleriya və 3860 ədəd nüvə başlığı daşıya biləcək raketə malikdir. Nüvə başlıqlarının ən böyük ehtiyatı da Rusiyanın arsenalındadır. Çin isə dünyanın ən böyük dəniz donanmasına və ən çox aktiv hərbi personalına sahibdir ki, bu da təxminən 2 milyon hərbçi deməkdir.

Flickr_-_Israel_Defense_Forces.jpg (586 KB)

Hindistan 2006-cı ildən bəri bu siyahıda 4-cü yerdədir. Bu ölkənin 1.5 milyona yaxın canlı qüvvəsi var. Çindən sonra ikinci ən yüksək aktiv hərbi canlı qüvvəyə malik olan ölkə şübhəsiz ki, Hindistandır.

Nüvə enerjisinə çıxışı olan Hindistanın 4740 döyüş tankı, 841 təyyarəsi və 3,5 trilyon dollarlıq artan və güclənən iqtisadiyyatı var. Burada diqqət çəkən vacib bir məqam var. İlk üçlük ilə indeksdəki digər ölkələr arasında uçurum var və bu fərq getdikcə artır. Üçüncü yerdə olan Çinin balı 0,0722 olaraq göstərilir,  Çin ilə müqayisədə Hindistanın cəmi 0,1025 balı var. Bu isə ciddi fərq deməkdir. Yəni ABŞ, Rusiya və Çin hərbi güc baxımından bir-birinə yaxın ölkələrdir. Bu üçlüklə yerdə qalan ölkələr arasında ciddi fərq var...

O da maraqlıdır ki, əksər hərbi güclər Asiya-Sakit okean və Asiya regionlarında cəmləşib. “GFP Regions”un məlumatına görə, ümumilikdə 26 ölkə Asiya-Sakit Okean hövzəsinə daxildir və onların əksəriyyəti dünyanın hərbi gücünə görə ən güclü 25 ölkə arasında yer alır. Bu, Asiya-Sakit okean regionunun artan siyasi əhəmiyyətindən xəbər verir. Daha çox ölkəni əhatə edən Asiya regionu Asiya-Sakit Okean regionunun bir hissəsi olan Rusiya, Çin və Hindistanı əhatə etdiyi üçün ikinci ən güclü regiondur. Ən maraqlısı odur ki, “GFP” Asiya regionundan 17 ölkəni “artan güc” kimi müəyyən edib. Bu isə dünyanın Avro-Atlantik hərbi güc mərkəzindən Asiya və Asiya-Sakit okeana geostrateji keçid etməsindən xəbər verir, çünki ölkələr oradakı mövqelərini möhkəmləndirmək üçün hərbi güclərini inkişaf etdirməyə daha çox meylidirlər. Bu arada Avropa İttifaqı hərbi inkişafa böyük maraq göstərir, xüsusən Ukrayna müharibəsinin getdiyi bir vaxtda hər bir Avropa ölkəsi öz təhlükəsizliyinə daha çox diqqət etmək zorunda qalıb. Yaxın Şərq və Fars körfəzi ölkələri arasında da hərbiləşməyə açıq meyl hiss olunmaqdadır.

Dünya miqyasında hərbi xərclər ilbəil artır. Bir neçə ildir ki, dünyanın toplam hərbi xərcləri 2 trilyon dolları keçib. Düşünün ki, təkcə ABŞ 2023-cü ildə 762 milyard dollarlıq hərbi büdcəyə sahib olub. ABŞ təkbaşına dünyanın hərbi işlərə ən çox vəsait ayıran ilk 10 ölkəsindən  daha çox pul xərcləyib.

rt.jpg (181 KB)

Türkiyənin uğuru barədə onu da demək lazımdır ki, məsələn, Pakistan nüvə silahına malik ölkədir. Ancaq nüvə silahı olmayan Türkiyə 9-cu yerdə olan Pakistanı 1 pillə qabaqlayıb. Onu da deyim ki, növbəti illərdə Türkiyənin hərbi gücü daha da artacağını əminliklə söyləmək olar. Niyəsini də deyim. Çünki Türkiyənin hərbi sənayesində inqilabi dəyişikliklər baş verib. Böyük layihələr həyata keçirilib. Ancaq ortada olan silahların kütləvi istehsalına hələ ki, start verilməyib. Sınaqlar, silahların təkmiləşdirilməsi prosesi sürətlə davam edir. Şübhəsiz ki, kütləvi istehsal başladıqdan sonra  Türkiyə hərbi baxımdan daha da güclənəcək. O da aydındır ki, Türkiyənin hərbi baxımdan güclənməsi Azərbaycanın, bütövlükdə Türk Dünyasının güclənməsinə təkan verir.

Onu da deyim ki, "Globalfirepower"in 2024-cü ilə olan siyahısına əsasən Cənubi Qafqazda Azərbaycan 59-cu, Gürcüstan 89-cu, Ermənistan isə 102-ci yerdə qərar tutur. Gördüyünüz kimi, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması da qüvvələr nisbətinə demək olar ki, elə bir təsir etməyib..

Xatırladım ki, Nikol Paşinyan bu ilin mayında Britaniya mətbuatına müsahibəsində demişdi ki, Azərbaycan Ermənistanın xaricdən silah alması ilə bağlı məsələni çox şişirdir. Əslində Ermənistanın xaricdən aldığı silah dəyər və həcm baxımından Azərbaycanın silah idxalının heç 15-20 faizi qədər deyil.

Bir maraqlı məqamı xatırladım: “Globalfirepower”in 2020-ci il üçün reytinq cədvəlində Azərbaycan Silahlı Qüvvələri 138 ölkə arasında 64-cü yeri tutub. Ermənistan isə bu sırada 111-ci yerdə olub. Qeyd edim ki, bu siyahı 44 günlük müharibədən öncə ortaya çıxıb. Gördüyünüz kimi, II Qarabağ müharibəsindən sonra həm Azərbaycan, həm də Ermənistan hərbi gücünü artırmağa can atıb. Elə ona görə də hər iki ölkə reytinq cədvəlində hərbi baxımdan xeyli irəli gedib...

brayza-13.jpg (89 KB)

ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzanın məşhur bir açıqlaması var: “Öncə Ermənistanda hər kəs əmin idi ki, onların ordusu məğlubedilməzdir, azərbaycanlılar isə vuruşa bilmirlər. Ermənilər elə bir milli fəlakət yaşayıb ki, indi də onların düşüncəsi baş verənlərin analizinə köklənib”...

Ermənistanda son aylarda yaşanan gərginlik də məhz elə həmin milli fəlakətin nəticəsidir...

ggtttyy.jpeg (43 KB)

İstənilən halda Azərbaycan öz hərbi potensiyalını gücləndirməyə həmişə xüsusi önəm verməlidir. "Globalfirepower"in ortaya qoyduğu son analiz də ondan xəbər verir ki, dünyada hərbi sahəyə kapital qoyuluşu ciddi şəkildə artıb. Azərbaycan belə bir tendensiyanın gücləndiyi dünyanın bir parçasıdır və mövcud reallıqları nəzərə almaq zorundadır...

Elbəyi Həsənli, Sürix

 Məqalənin orijinalı burada

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR