İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərin ölkədən köçü: təbii proses, yoxsa?

Fəlsəfə doktoru deyir ki, məmurlar öz ətraflarına yaxınlarını yığır, gəncləri ölkədən küsdürürlər 

Son illər Azərbaycanda gənclərin xaricdə təhsil almaq, işləmək və ya daimi yaşamaq üçün ölkəni tərk etməsi daha çox müzakirə olunur. Bu proses cəmiyyətdə iki fərqli yanaşma doğurur: bir qisim bunu qlobal dünyanın təbii nəticəsi sayır, digərləri isə uzunmüddətli perspektivdə ölkə üçün ciddi təhlükə kimi dəyərləndirir.

Qloballaşma şəraitində insan kapitalının hərəkəti artıq istisna deyil. Gənclər daha keyfiyyətli təhsil, geniş karyera imkanları və fərqli həyat təcrübəsi axtarışında sərhədləri aşırlar. Bu baxımdan Azərbaycan gənclərinin Avropa, Türkiyə və Şimali Amerikaya üz tutması qlobal tendensiyanın bir hissəsidir. Üstəlik, xaricdə təhsil alan və çalışan gənclər yeni bilik, peşə bacarıqları və əlaqələr qazanaraq gələcəkdə ölkəyə fayda verə bilərlər. Bu, düzgün mexanizmlər olduqda “beyin axını” deyil, “beyin dövriyyəsi”nə çevrilə bilər.

Lakin problemin təhlükəli tərəfi köçün miqyası və səbəbləri ilə bağlıdır. Əgər gənclər ölkəni yalnız iqtisadi çətinliklərə görə deyil, məhdud karyera perspektivləri ucbatından tərk edirsə, bu artıq struktur problemidir. Aktiv, savadlı və təşəbbüskar gənclərin ölkədən getməsi uzun müddətdə əmək bazarını zəiflədir, innovasiya potensialını azaldır və demoqrafik balansı pozur.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib:

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük  vəzifələr qoyur - AZƏRTAC

“Bu gün Avropadan belə ciddi beyin axını müşahidə olunur və bir çox ölkələr bu prosesin qarşısını almaq üçün fərqli yanaşmalar ortaya qoyurlar. Gəncləri cəlb edəcək, onlar üçün maraqlı və perspektivli ola biləcək fəaliyyətlər həyata keçirilir, xüsusi proqramlar reallaşdırılır. Həm də əsas məsələ xaricə gedən gənclərin Azərbaycanla əlaqəsinin qorunub saxlanılması və gücləndirilməsidir. Əgər biz bu gənclərlə əlaqəni kəssək, onları şəbəkələşdirməsək və onların bilik, bacarıq və imkanlarını ölkənin inkişafı naminə səfərbər etməsək, nəticə etibarilə itirən tərəf biz olacağıq. Yəni Azərbaycanda gənclərin xaricə, xüsusilə təhsil məqsədilə getməsi prosesini düzgün idarə etməsək, onları ya geri dönüş proqramları ilə, ya da növbəti illərdə ölkəmizdə fəaliyyət göstərmələri üçün real imkanlarla dəstəkləməsək, həmin gəncləri itirmiş olarıq. Bu isə həm dövlət, həm də xalq olaraq bizim üçün itki deməkdir”. 

İlqar Orucov qeyd edir ki, əgər biz bu gənclərlə mütəmadi əlaqə saxlasaq, onları şəbəkələşdirsək, ölkəmizlə bağlarını gücləndirsək və potensiallarını Azərbaycanın inkişafı naminə yönləndirə bilsək, onlar həm ölkəmizin xaricdə nüfuzlu səfirlərinə çevrilərlər, həm də qazandıqları bilik və təcrübəni Vətən naminə səfərbər edərlər: “Bu yanaşma isə bütövlükdə ölkə üçün faydalı nəticələr verə bilər. Əgər qurulan şəbəkə zəifdirsə və ya şəbəkələşmə yalnız formal, görüntü xarakteri daşıyırsa və bu vəziyyət davam edərsə, təbii ki, biz daha çox itirən tərəf olacağıq. Halbuki xalqımızın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, vətəninə və xalqına bağlı qalır. Bu, bizim güclü genetik kodumuz və tarixi yaddaşımızdır.

Necə ki, kənddə böyümüş bir uşaq harada yaşamasından asılı olmayaraq öz kəndinə bağlı qalır, eyni şəkildə azərbaycanlı da xalqına və vətəninə bağlı olur. Bu, genetik yaddaşın formalaşdırdığı müsbət və dəyərli bir nümunədir. Məhz buna görə də biz xaricdə təhsil alan və yaşayan gənclərlə güclü və davamlı şəbəkə qurmalıyıq.

Gənclər niyə gedir? Əgər əsas motiv yaxşı təhsil almaqdırsa, bu, tamamilə normal və müsbət haldır. Amma əgər bu, ümidsizlikdən, perspektivsizlik və ədalətsizlik hissindən qaynaqlanırsa, artıq təhlükəli tendensiyaya çevrilir. Savadlı gənc əmək bazarında öz yerini qabiliyyətinə və biliklərinə görə deyil, hansısa subyektiv yanaşmalara, şəxsi münasibətlərə görə başqalarının tutduğunu gördükdə, beyin axını qaçılmaz şəkildə sürətlənir".

Fəlsəfə doktoruna görə, bu gün hansısa məmurun öz ətrafına əsasən yaxınlarını, tanışlarını və dostlarını toplaması digər gənclərdə haqlı küskünlük yaradır və bu, olduqca ziyanlı tendensiyadır: 

“Təəssüf ki, son dövrlərdə bəzi yeni, gənc məmurların davranışlarında da bu yanaşmanı görürük: ətrafına yaxınlarını yığır. Bu isə həm sağlam rəqabəti öldürür, həm də potensiallı gəncləri sistemdən uzaqlaşdırır.

Nəticədə digər gənclər kənarda qalır, ruhdan düşür və özlərinə sual verirlər: əgər bilik, bacarıq və ideya deyil, yaxınlıq əsasdırsa, burada qalmağın mənası nədir? Eyni zamanda yeni düşüncəyə malik, innovasiyaya açıq, ideyaları olan gənc ölkə daxilində bu ideyaları reallaşdırmaq üçün real dəstək görmürsə, təbii olaraq öz startapını Avropada, xüsusilə də bu sahəyə daha açıq olan Amerikada qurmağa üstünlük verir. Mən Amerikanı, sadəcə, nümunə kimi çəkirəm. Çünki bu gün təkcə Amerika deyil, bir çox ölkələr startaplara və innovativ beyinlərə xüsusi önəm verir, onları cəlb etmək üçün sistemli mexanizmlər yaradır. Hətta Avropanın özündən belə xeyli sayda yüksək ixtisaslı gəncin Amerikaya axın etməsi bunun bariz göstəricisidir. Bu proses qlobal xarakter daşıyır. Amma əsas məsələ ondan ibarətdir ki, biz bu imkanları öz gənclərimiz üçün ölkə daxilində yaratmasaq, həmin beyinlərdən başqaları faydalanacaq. Ona görə də gənclər üçün real imkanlar yaratmaq artıq seçim yox, zərurətdir.

Məsələ ondan ibarətdir ki, intellektual gəncliyin ölkəni tərk etməsi məsələsi heç vaxt birmənalı qarşılanmayıb. Əgər gənclərin köçü sonradan geri qayıdışla və ya əməkdaşlıq qapılarının açılması ilə müşayiət olunursa, bu, təbii prosesdir. Amma əgər bu köç gənclərin ölkə ilə bütün mənəvi və hüquqi bağlarının qırılması ilə nəticələnirsə, bu, ölkənin gələcək potensialı üçün problem yaradır. Ona görə də hesab edirəm ki, bu məsələyə kifayət qədər ciddi yanaşmalıyıq.

Mən təsadüfən qeyd etmədim ki, Azərbaycanda gənclərin xaricdə təhsil alması üçün fəal imkanlar yaradılıb. Bu, unikal imkanlardır və hər ölkədə belə proqramlar yoxdur. Gənclərin inkişafına ali siyasi səviyyədə dəstək var. Amma digər qurumlar gənclərə münasibətdə daha ədalətli, daha ağıllı davranmalıdırlar. 

Gənclər gedəcək. Bunun qarşısını almaq mümkün deyil. Çünki, məsələn, Almaniyanın verdiyi təhsil bizim ölkəmizdə yoxdur. Amerika Birləşmiş Ştatları universitetlərinin verdiyi təhsili ölkəmizdə yarada bilmədik. Çin universitetlərinin verdiyi təhsilin səviyyəsinin yarısını belə yarada bilmədik. Onlar elmdən ötrü gedəcəklər, təhsildən ötrü gedəcəklər, ideyalarını reallaşdırmaqdan ötrü gedəcəklər.

Amma əsas məsələ odur ki, onlar getsinlər, amma ölkə ilə əlaqə itməsin. Şəbəkə yaradılsın, o bacarıqlı gənclər zaman-zaman ölkəyə cəlb olunsun. Əlaqələr qırılırsa, əgər hansısa özündənrazı məmurun davranışı nəticəsində gəncləri küsdürürlərsə, bu vəziyyət daha da pis olacaq". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR