İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol şövqü:Bloxinin müdhiş proqnozu, Polun seçimi

Azarkeşlər builki mundialdan narazıdır, deyirlər, ləzzət eləmir, oyunların çoxu gecəyarısı və səhər o başdan, saat 2-3-də və 5-6-da olur, ona da yuxuya haram qatıb baxmaq olmur.

Düz deyirlər. Sırf bu səbəbdən bu regionda, eləcə də Avropada yaşayan futbol azarkeşlərinin günü qaradır, yarıdan çoxu dörd il boyunca gözlədikləri futbol şölənini seyr edə bilmir. Hətta Ramazan ayında 30 gün ard-arda sahura qalxmış, imsak yemiş bir futbol fanatiki dost var, o da deyir, qalxa bilmirəm.

Belə aydın olur ki, qardaşın dini fanatizmi futbol fanatizmindən ötədir. Nə də olmasa, Haiti-Şotlandiya matçına baxmamaq çiynimizdəki mələklər tərəfindən günah dəftərinə yazılmaz. O birisi (oruc tutmamaq) isə, ptinsipcə, yazıla bilər.

Əslində axşam saat 23-də translyasiya edilən matçlar da ləzzət eləmir. Oyun gedən meydançanın yarısına gün düşür, yarısı kölgə olur, görüntünün estetikası pozulur. Amma nə edəsən?

Bu məsələdə özbək qardaşların bəxti gətirib. Onlar öz milli komandalarının mundialdakı oyunlarına normal vaxtda baxa biləcəklər – bəziləri gecə saat 1-ə düşəcək, bəziləri də gündüz saat 9-a, 10-a. Gedib iş yerində baxacaqlar.

Amma qatı azarkeşlər üçün fərqi yoxdur, onlar sutkanın istənilən saatında manşırladıqları matçı qaçırmayacaqlar – xüsusilə də rəğbətləri olan ölkənin komandaları oynayırsa. Məsələn, iransevərlər İran millisinin oyununu buraxarlarmı? Əsla! Bu, sahura durmamaq kimi bir şey olar. Eləcə də qardaş Türkiyəyə rəğbət bəsləyənlər bu ölkənin milli komandasının matçlarını buraxmazlar. Ortada qardaşlıq var.

İndiyə qədər futbola çipsi, pivə, noxud, tum və sair təamlarla məşğulat edə-edə baxanlar da pis durumdadır. Səhər saat 5-də pivə gedər?

Yenə də şükür edək ki, bu mundial 2010-cu ildə CAR-da keçirilən analoji yarışmadakı atmosferdən uzaqdır. O nəydi? CAR deyəndə qulağımızda hələ də aborigen xalqın qara zurnasının – vuvuzelanın sədası səslənir. Çünki stadiona toplaşmış minlərlə yerli azarkeş eyni zamanda vuvuzela çalırdı. Melodiya-filan yox idi, eləcə püləyirdilər. İsrafil mələyin Qiyamət günü çalacağı Sur düdüyünün səsi, ehtimal ki, vuvuzelanın səsi kimi olacaq. Sanardın, başının üstündə milyardlarla eşşək arısı vızıldaşa-vızıldaşa uçuşur (bəlkə də alətin adı elə “vızıldaşma”dan götürülüb). Azarkeşlər oyunlara televizorun səsini qısıb baxırdı ki, zurna səsi beyinlərini xarab etməsin.

Görək meksikalılar bu dəfə nə hoqqa çıxaracaqlar. 40 il əvvəl “Meksika dalğası” icad etmişdilər. O vaxtdan bəridir stadionlarda azarkeşlər çox olanda tribunalar dalğalanır.

Gələk oyunlara dair proqnoz məsələsinə. Bu da vacib məsələdir. Həm vacibdir, həm də faydalı, eyni zamanda zərərli. Bu, oyunların nəticələrinə dair mərc qoşanlara aiddir.

44 il öncəni xatırlayıram. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatından öncə, gərək ki, “Kommunist” qəzetinin 4-cü səhifəsində, “idman xəbərləri” bölümündə SSRİ-Braziliya matçının nəticəsinə dair bir proqnoz dərc edilmişdi. Göstərilirdi ki, oyun 1:2 hesabıyla braziliyalıların xeyrinə başa çatacaq və onlardan qolları Sokrates və Eder vuracaq.

İllər sonra məlum oldu ki, hətta SSRİ yığmasının forvardı Oleq Bloxinin proqnozu daha dəqiq olub: matçda hesabı sovet futbolçuları açacaq, ancaq sonra Sokrates və Eder iki qol vuracaq və oyun Pelenin həmvətənlərinin xeyrinə bitəcək.

Oyun günü yetişdi. Sovet futbolçusu Andrey Bal hesabı açdı. Sonrası yüz faiz dəqiqliklə qəzetdə yazılan və Bloxin deyən kimi oldu.

İndilər olsa, bu proqnozun qiyməti milyon dollarla ölçülər. O vaxt bukmeker kontorları bu qədər yayğın deyildi.

Bir də yenə 2010-cu il mundialında Pol adlı bir oktapodun futbol matçlarının nəticələrini təxmin etməsi söhbəti vardı. Oyunlardan qabaq onun videosunu göstərirdilər. İki rəqibin arasında seçim edən oktapod həmişə qalib gələcək komandanın bayraqları olan qutunu seçirdi və elə həmin axsam həmin komanda qalib gəlirdi. Əvvəlcə futbol və totalizator azarkeşləri Polu ciddiyə almırdılar, lap axıra yaxın hiss etdilər ki, ona inanmamaqla sərvət itiriblər. Bəlkə də Pola inanan və kasıblığın daşını atanlar da olmuşdu. Hər halda onun proqnozları Peleninkindən 100 faiz mötəbər idi.

Oktapodlar ən çoxu 5 il yaşayır, demək, Pol çoxdan ölüb. Onun varisi varmı, yoxmu, bilinmir. Amma heç demə, bu məxluqların 3 ürəyi, 5 beyni olur. Bu qədər beyin olandan sonra, əlbəttə ki, düzgün analizlər aparmaq və dürüst proqnozlar vermək çətin deyil.

**

Dünya köhnə dünyadır, şövq və zövqləri təzədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2026

14 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR