Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən komitə sədri Fazil Mustafa bir sıra önəmli məsələlərə diqqət çəkib.
Musavat.com-un məlumatına görə, əvvəlcə o, gündəlikdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişiklikdən bəhs edib.
Fazil Mustafa qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidirsə, daha sonra layihədə Naxçıvanın dövlət rəmzlərindən bəhs etmək yersizdir.
F.Mustafa daha sonra cənub qonşumuz ətrafında baş verənlərdən danışıb. Bildirib ki, dövlətimizin müəyyən strukturları İranda baş verə biləcək hansısa proseslərlə bağlı atacaqları addımlar haqqında konkret planlara malikdir. Amma biz bu proseslərə cəmiyyəti necə hazırlayırıq, bu, aydın deyil.
Deputat əlavə edib ki, medianı, cəmiyyəti baş verə biləcək mümkün proqnozlara hazırlamalıyıq:
“Bunu müvafiq dövlət strukturları vasitəsilə izah etməliyik”.
Komitə sədri ölkədə həyata keçirilən ixtisarlardan da bəhs edib. Bildirib ki, bir sıra qurumlarda, o cümlədən Metropolitendə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ixtisarlar həyata keçirilib. Metropolitendə ixtisar edilən 100-dək işçiyə başqa yerdə iş veriləcəyi vəd olunsa da, bu, həllini tapmayıb.
“Onlara ya iş, ya da müavinət verməliyik” - deyən deputat xəbərdarlıq edib ki, bu problemlər dövləti təhlükə ilə üz-üzə qoya bilər.
E.Paşasoy,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ