İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tələbələr kredit ala biləcək - Ekspert detalları açıqladı

"Yaxşı olardı ki, ölkədə mövcud olan bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil ödənişsiz olsun, amma bu hazırda müəyyən səbəblərdən dolayı reallıqdan kənar istəkdir. Buna baxmayaraq, dövlət tərəfindən son illər mühüm qərarlar qəbul edilir. Məsələn, təkcə bu il 30 000 tələbə pulsuz təhsil almaq imkanı əldə edə biləcək. Halbuki 2013-cü ilədək ümumi plan yeri təxminən 30000 idi".

Bu fikirləri Musavat.com-a təhsil eksperti Elçin Əfəndi bildirib.

O qeyd edib ki,  2024/2025-ci tədris ili üçün 30 000 tələbə birbaşa dövlət sifarişi üzrə təhsil ala biləcək:"Nəzərə alsaq ki, sosial-həssas qrupa daxil olan, yəni imtiyazları olan tələbələr də var (məcburi köçkün statusu olanlar, I və II qrup əlliliyi olanlar, valideynlərini itirənlər, 23 yaşadək sağlamlıq imkanları məhdud olanlar, şəhid övladları və s.) o zaman demək olar ki, ali təhsil müəssisələrinə ayrılan təxminən 65000 plan yerindən 40000-i üzrə tələbələr ödənişsiz təhsil alacaqlar. Bu olduqca müsbət və mütərəqqi haldır.

Bundan əlavə son illər ən düzgün qərarlardan biri də məhz Tələbə Təhsil Krediti Fondunun yaradılması oldu ki, bu da maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir".

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Ekspert qeyd edir ki, kredit iki kateqoriyadadır: standart və sosial: "Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir. Bu günlərdə Elm və Təhsil Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da sosial kredit ala biləcək şəxslərin arelı bir qədər genişləndi.

Qeyd edim ki, bu gündən etibarən tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, tələbələrin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınacaq. Bundan başqa, aşağıda qeyd edilmiş daha dörd sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:“ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;

“bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr.

“Bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr.

Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr. 

Qeyd edim ki, təhsil tələbə kreditlərinin (TTK) verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixindən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixədək 34 839 nəfər təşkil edir. Onlardan 12 131 tələbə (35%) sosial növ TTK, 22 708 tələbə (65%) standart növ TTK-dan yararlanıb. Ümumilikdə isə tələbələr üçün rəsmiləşmiş kreditlər üzrə 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb.   

2023/2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.

2024/2025-ci tədris ili üçün müraciətlər ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri elan olunduqdan sonra qəbul ediləcək".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR