İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük yeddilərin sammitindən ötürülən VACİB MESAJ: “Yekun bəyanatın əsas hissəsi Rusiyaya aiddir və...”

“Böyük yeddilərin sammitində qəbul edilən yekun bəyannamədə demək olar ki, dünyanın əsas problemlərinə toxunulub. Birincisi, G-7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə kimyəvi maddələrdən istifadəsini qınayıblar. İkincisi, böyük yeddilər Rusiyanın nüvə silahından istifadə edə biləcəyi eyhamlarını tənqid ediblər. Üçüncüsü, G-7 ölkələri Rusiyanın Ukraynaya 486 milyard dollar təzminat ödəməsi gərəkliyini bildiriblər.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

“Görünyüdü kimi, yekun bəyanatın əsas hissəsi Rusiyaya aiddir. Yekun bəyanatda Çini də unutmayıblar. Böyük yeddilər Çinin Rusiyaya Ukraynaya qarşı işğalçı müharibəni dayandırması məqsədilə Kremlə təsir etməsini istəyiblər. Bu mövzunu Qərb liderləri dəfələrlə gündəmə gətiriblər. Ancaq nəticə yoxdur. Pekinin Kremlin siyasətinə təsir etmək fikri yoxdur. Böyük yeddilər hesab edirlər ki, Qəzzadakı münaqişə Fələstin dövlətinin tanınmasıyla yekunlaşmalıdır. İsrail hökumətinin Fələstinin müstəqilliyini tanımasına hazır olduğuna dair işarə yoxdur. Nəhayət G-7 ölkələri bildiriblər ki, Parisdə keçiriləcək olimpiada günlərində bütün dövlətlər atəşkəs elan etməlidirlər. Bu istəyin də yerinə yetiriləcəyi problematikdir” deyə, politoloq əlavə edib.

O qeyd edib ki, G-7 sammiti müxtəlif mövzuların müzakirəsindən çox ABŞ Prezidenti Cozef Baydenin növbəti qəribə hərəkəti ilə yadda qalıb: “O liderlərlə ümumi şəkil çəkdirərkən qəfil qrupdan ayrılamağa çalışıb. İtaliya baş naziri Giorgia Meloni onu yenidən qrupa qaytarıb. Ümumiyyətlə müşahidəçilər sammitə qatılan 81 yaşlı Baydenin çox yorğun olduğunu vurğulayıblar. Baydenin xəstəliyi hər toplantıda və açıqlamasında özünü büruzə verir. Bu, noyabrda keçiriləcək prezident seçkisində onun reytinqinə mənfi təsir edəcək.

İtaliya ev yiyəsi səlahiyətindən istifadə edərək toplantıya Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı və Hindistanın baş naziri Narendra Modini də dəvət etmişdi. Hər iki lider fürsətdən istifadə edərək liderlərlə fikir mübadiləsi aparıblar. Türkiyə Cumhurbaşqanı bu kimi tribunalardan Qəzzadakı müharibəyə son qoymaq üçün istifadə etməyə çalışır. Hindistan G-7 ölkəsi olmasa da, baş nazir Narendra Modi üçüncü dəfədir böyük yeddilərin toplantısna qatılır. Hindistanın ev yiyəsi İtaliya ilə strateji tərəfdaşlıq münasibətləri var”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR