Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlıların “azəri” adlandırılması məsələsi son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Müzakirələrin alovlanmasına ötən həftə Milli Məclisdə deputat Səyyad Aranın səsləndirdiyi fikirlər təkan verib. Deputat çıxışı zamanı bildirib ki, “azəri” sözü bizə aid deyil və bu termin daha çox İranda yaşayan etnik azlığa şamil edilir. Bu açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb: onun fikirlərini yanlış sayanlar da olub, eyni mövqeni bölüşənlər də.
Deputat Hikmət Babaoğlu həmkarının mövqeyinə qarşı çıxaraq fərqli arqumentlər səsləndirib. Onun fikrincə, “azər” və ya “azəri” sözündən imtina etmək, dolayısı ilə özümüzdən və dövlətimizin adından imtina etmək deməkdir. Babaoğlu bildirib ki, “az-ər” birləşməsi tarixi etnik kökümüzün ifadəsidir və Azərbaycana aid ən qədim adlardan biridir. O vurğulayıb ki, bu ad Orxon-Yenisey abidələrində, Tonyukuk daşında, eləcə də XII əsr mənbələrində rast gəlinən anlayışdır və “azəri”nin İranla bağlı olduğu iddiaları tarixi faktlarla təsdiqlənmir.
Babaoğlunun fikrincə, “azər” sözü əslində “Xəzər” sözünün bir eyniləşdirilməsidir. Xəzərlər isə türk tayfalarından biri olub. Azərbaycan sözünün də türk mənşəli olduğunu deyən deputat bildirir ki, bu ad “Oğuz ərlərinin yurdu” mənasını daşıyır. Halbuki geniş yayılmış izahda “Azərbaycan” daha çox “odlar yurdu” kimi təqdim olunur və “azər” sözünün farsca “od” mənası daşıdığı irəli sürülür. Babaoğlu hesab edir ki, dövlətimizin adı Azərbaycan olduğu üçün dövlət qurumlarının “azər” və “azəri” qısaltmalarından istifadə etməsində heç bir yanlışlıq yoxdur və bu, tarixi köklərimizlə bağlı anlayışlardır.
Mövzu ətrafında gedən polemika fonunda məşhur türk tarixçisi İlber Ortaylının illər əvvəl səsləndirdiyi fikirlər də yenidən gündəmə gəlib. Ortaylı qeyd edib ki, türklər arasında “azəri” adlı ayrıca bir millət anlayışı yoxdur və bu termin sovet dönəmində, Stalin dövründə formalaşdırılmış siyasi anlayışdır. Bu yanaşma da müzakirələri daha da dərinləşdirib.
Sabiq təhsil naziri, türkoloq Firudin Cəlilov məsələyə daha sərt mövqedən yanaşıb. O bildirib ki, İranda heç bir tarixi mənbədə irandilli tayfaların “azəri” adlandırılması ilə bağlı fakt yoxdur. Əksinə, türklərə aid “Azər boyu” barədə çoxlu mənbələr mövcuddur. Firudin Cəlilov Fəzlullah Rəşidəddinin “Oğuznamə” əsərinə istinad edərək qeyd edir ki, burada “Azər və bayqan” ifadəsi işlədilir. Onun izahına görə, “Azər” seçilən, sayılan insanlara, “bayqan” isə həmin tayfanın yaşadığı yerə deyilir. Bu faktın XIV əsrdə qələmə alındığını vurğulayan Cəlilov bildirir ki, bu, sözün türk mənşəli olduğunu göstərən ciddi sübutdur.
Cəlilovun fikrincə, XIX əsrdə fars alimləri tərəfindən yazılmış kollektiv əsərlərdə “azərilər farsdır” fikri irəli sürülüb və sonradan bu yanaşma yayılıb. O bildirir ki, fars dilində tayfa adlarının sonuna “i” artırılması qaydası var və “azəri” ifadəsi də bu qaydadan doğub. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qurularkən dövlətə “Azər” adı verilməsi İranda narazılıqla qarşılanıb və bu günə qədər İran hakimiyyəti Azərbaycan dövlətini “Bakı hökuməti” adlandırır.
Firudin Cəlilov hesab edir ki, son yüz ildə özünü türkçü adlandıran bəzi şəxslərin “biz""azəri" deyilik, türkük" yanaşması da əslində yanlış anlaşılmadan qaynaqlanır. Onun fikrincə, “Azər” və “Xəzər” eyni kökdən gələn sözlərdir. Hətta rus siyasətçisi Vladimir Jirinovskinin belə “azərlər xəzərlərdir” fikrini səsləndirdiyini xatırladan Cəlilov bildirir ki, bu məsələdə yanlışlıq daha çox terminologiyanın düzgün anlaşılmamasından irəli gəlir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq-alim Faiq Ələkbərli də “azər” və “azəri” adlarının istifadəsində problem görmür. O bildirir ki, “azər” sözü “Xəzər” sözünün eyniləşdirilmiş formasıdır və Azərbaycan sözü də türk mənşəlidir. Ələkbərli qeyd edir ki, “Azərbaycan” adının “Oğuz ərlərinin yurdu” kimi izahı daha doğru yanaşmadır. Onun fikrincə, dövlətimizin adı Azərbaycan olduğu üçün “azər” və “azəri” qısaltmalarının işlədilməsi tamamilə legitimdir və bu, milli kimliyə zidd deyil.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə məsələyə dilçilik prizmasından yanaşır. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “azər” və “azəri” sözləri “Azərbaycan” sözünün qısaldılmış variantlarıdır. Bir müddət bu formada işlədilib, sonradan tarixçilər və dilçilər bunun etnik anlam daşımadığını göstəriblər. Onun fikrincə, bu sözlər dil qaydalarına uyğun olaraq yaranmış düzəltmə sözlərdir və daha çox inzibati, terminoloji xarakter daşıyır.
Beləliklə, “azəri” məsələsi bir sözün müzakirəsi deyil, etnik kimlik, tarixi yaddaş, dilçilik və siyasi yanaşmaların kəsişdiyi həssas bir mövzudur. Fərqli baxışlar olsa da, ortaq məqam ondan ibarətdir ki, bu anlayışın izahı həm tarixi mənbələr, həm dilçilik qaydaları, həm də milli kimlik kontekstində dəyərləndirilməlidir. Mübahisələr isə göstərir ki, terminlər bəzən söz olmaqdan çıxaraq, kimlik məsələsinə çevrilir.
Yazını hazırladı: Xalidə GƏRAY
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ