İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən niqab mübahisəsi - dinimiz nə deyir...

Rusiyada son terror olaylarından sonra niqabın (hicabla qarışdırmamalı) qadağası çağırışları artıb. Hətta müvafiq qanun layihəsi də hazırlanıb. Bunu da ilk növbədə təhlükəsizlik amili ilə izah edirlər. İddia olunur ki, niqab altında terrorçu kişilər də gizlənə bilər. Lakin layihə hələ təsdiqlənməyib.       

Maraqlıdır ki, bu arada Dağıstan müftisi Əhməd Abdullayev respublika ərazisində niqabın müvəqqəti qadağan olunması haqda fətva verib. “Əgər istəyirsiniz ki, arvadınızı görməsinlər, onu evdə saxlayın”, - müfti qeyd edib.

Məlumdur ki, hicabdan fərqli olaraq, niqab demək olar, üzü örtür. Bəs islamın, şəriətin niqab haqda konkret hökmü varmı? Kiminsə fətvası ilə onun yasaqlanması mümkünmü? Qurani-Kərimdə bu barədə nə deyilir?  

Ceyhun Məmmədov: “Repetitorluq dünyanın hər yerində var, amma heç bir yerdə  bu qədər kütləvi deyil” | 1news.az | Xəbərlər

Ceyhun Məmmədov: “İslamda niqab yoxdur, onun taxılması vacib deyil”

Millət vəkili Ceyhun Məmmədov vurğuladı ki, İslamda niqab yoxdur: “Niqabın taxılması vacib deyil. Konkret hicabla bağlı məsələ var. O da üzün, əlin, bədənin müəyyən hissələrinin örtülməsini nəzərdə tutur. Bu gün bu məsələni dinlə əlaqələndirmək doğru deyil. Niqab sonrakı dövrdə islama gətirilmiş ənənədir. Yəni dinimizdə niqab fərz deyil. Bəzi ölkələrdə niqabın qadağan edilməsi isə təbiidir. Bu ondan irəli gəlir ki, niqab altında gizlənən şəxslərin cinayət törətmə ehtimalı var. Niqabın taxılmasını məcbur etməklə qadınların qorunduğunu düşünürlər. Onların fikrincə, qadının üzünün açıq olması fitnə-fəsad yarada bilər. Odur ki, təhlükəsizliklə bağlı məhdudiyyətlərin artırılması anlaşılandır. Görünən odur ki, bu cür addımları atan ölkələrin sayı getdikcə artacaq”. 

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli: “İslamda əmr olunmayıb, dini əqidənin daşıyıcısı deyil”

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, qadınların baş örtüyü əmr olaraq təkcə İslam dini üçün xarakterik deyil. O qeyd etdi ki, digər dinlərdə bu məsələ ehkamlar sırasındadır: “İudaizm və xristianlıq qadınların baş örtüyü əsas atribut olaraq qəbul edilir. Xristianlıqda yüz illər boyu ciddi şəkildə tətbiq edilən baş örtüyü getdikcə rahibələrə xas bir təcrübəyə çevrilib. Bu gün dünyanın bir çox yerində ənənəvi olaraq başlarını örtən xristian qadınlar var. İslamda qadınların hicab və ya baş örütüyü anlayışı cəmiyyətin adət-ənənəsindən asılı olaraq ölkədən ölkəyə və bölgədən bölgəyə dəyişir. 

Quranda müəyyən geyim tərzi tövsiyə edilmir, yalnız bəzi ölçülər verilir. Bu barədə bir neçə ayədə örtünmə məsələsi qeyd edilir. Cəmiyyətlər bu ayələri öz mədəniyyətlərinə və anlayışlarına görə təfsir etdikləri üçün örtünməyə və hicablara fərqli yanaşmalar ortaya çıxıb. İslamda qadınların örtünməsi ilə bağlı əsas götürülən ayələrdən biri də “Nur” surəsinin 31-ci ayəsi, digəri isə “Əhzab” surəsinin 59-cu ayəsidir. Hicabla bağlı fərqli fikirlər bu ayələrdəki “füruc”, “zinət”, “ximar” və “cilbab” kəlmələrinə verilən məna ilə bağlıdır. “Nur” surəsində “ximar  qadınların geyimində baş örtüyü anlamına gəlir, dilimizə hicab kimi tərcümə olunur. Həm ayələrdəki sözlərə verilən mənalardan qaynaqlanan təfsir, həm də mədəni və bölgə fərqliliyinə görə fərqli tətbiqlər olsa da, hicabla bağlı ayələr nazil olduqdan sonra əsrlər boyu müsəlman ailələrində və cəmiyyətlərində tətbiq edilib. Qadınların örtünməsi (hicab) müsəlman cəmiyyətlərinin ən fərqli xüsusiyyətlərindən biri hesab edilir. Lakin bəzi cəmiyyətlərdə hicabın bağlanması şəklində cüzi fərqliliklər özünü göstərə bilər. 

O ki qaldı niqab məsələsinə, bu, İslamda əmr olaraq gəlməyən qadın geyim formasıdır. Niqab bir qadının öz dini əqidəsinə radikal münasibətini ortaya qoyur. Bu geyim tərzi ilə həmin qadınlar gözlərindən başqa üzünü bütövlükdə gizləməyə çalışır. Etnoqrafik baxımdan isə bu geyim tərzi qədim ərəb etnoqrafiyasının atributu sayıla bilər. Dağıstanın müftisi də bəyan edib ki, niqabın qadağan olacağı ilə bağlı fətva verməyə hazırlaşır. Bir sözlə, niqab dini əqidənin daşıyıcısı deyil, şəxsi münasibətin göstəricisi sayıla bilər. Niqabın qadağan edilməsi ilə bağlı hansısa ölkə qərar versə, bu qərarın dinə zidd olması ilə bağlı əsas tapmaq mümkün olmayacaq. Çünki İslam dini qadınların baş örtüyü (hicab) ilə bağlı ayələri ortaya qoyub".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR