İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədahatən şərhin çətinliyi – Gündüzün 47 “o”lu qol sevinci

 

Düzü, doğrusu budur ki, futbol şərhləri məsələsində cinahın bir tərəfində şəxsi tanışlığım olmayan icmalçılar, o biri tərəfində isə xətirli həmkarlar olduğuna görə istəyirdim bu söhbətə qarışmayım.

Amma elə oldu ki, tənqid əndazəsini aşdı, kampaniyaya bir neçə yüz adam qoşuldu, ona görə də istəyirəm bu gün sol kənar müdafiəçisi kimi çıxış edim.

Gerçəkdən də çox çətindir. 90+ dəqiqə dayanmadan danışmaq asan iş deyil. Danışmaq deyərkən hüdüləmək nəzərdə tutulmur. 90+ dəqiqə maraqlı danışmaq, çaşmamaq, hər saniyə dəyişən situasiyaya, savadlı adamlar demişkən, adekvat reaksiya göstərmək zırıltı işdir. Yoxsa Fidel Kastro kimi 8 saat fasiləsiz danışanlar olub bu həyatda.

Biz Ozerovun, Maxaradzenin, Pereturinin, Maslaçenkonun, Çingiz İsmayılovun şərh etdikləri futbola baxmış adamlarıq, indiki şərhçilərə asanca qınaya bilərik. Amma məncə, baltalamağa ehtiyac yoxdur.

Təsəvvürünüzə gətirin, bu ölkədə, heç başqalarını demirəm, sırf yaradıcı adamlar, hətta şair olub şeir yazanların neçəsi meyxanaçılar kimi bədahatən şeir deyə bilər? Heç biri. Çünki yaxşı şeiri bədahətən yazmaq mümkün deyil. Bədahatən deyilən şeirlərin, meyxanaların tam əksəriyyəti səviyyəsiz olur, məna yükü çox olmur, çünki dərin düşüncə ilə ərsəyə gəlməyib, ağıla gələn ilk fikirdir. Hazırcavablıqdır, amma müdrik, mənalı cavab deyil.

Bədahatən şərhlər o tiplidir. Üstəlik, burada azarkeşlikdən irəli gələn duyğusallıq var. İngiltərə-İsveçrə oyununu şərh etməyə nə var ki? Hansı udacaq, hansı uduzacaq, nə vecimizədir. Atamızın oğlu deyillər. Amma əgər meydanın bir tərəfində Azərbaycan, Türkiyə millisi, “Qarabağ”, o biri tərəfində təşəxxüslü “ulduz”lardan ibarət Avropa komandasıdırsa, məsələnin adı və rəngi dəyişir. Adam özünü komandanın içində hiss edir. Başqa komandalar oynayanda durub çay süzməyə, su içməyə də gedərsən, “öz komandan” oynayanda isə ekranın qarşısından çəkilə bilmirsən ki, birdən gedərəm, qapımıza qol vurarlar.

O gün sosial şəbəkədə dostların bir xeylisi yazmışdı ki, Türkiyənin oyunlarının son 10 dəqiqəsinə ayaqüstə, həm də televizorun bir addımlığına gələrək baxırlar, oturub baxa bilmirlər ki, birdən nəsə olar. Canlı səddə qoşulmaq istəyən azarkeşlər olur. Avstriya ilə oyunun son dəqiqələrində, türkün sözü, həyəcan dorukda olanda, istədim kanalı dəyişim ki, oyunun həyəcanı bütün kuboklardan əziz orqanizmimə ziyan eləməsin. Bir də gördüm, aparıcı Tural deyir ki, şərhçi olmasaydım, bu həyəcana tab eləməz, kanalı dəyişərdim.

Belə bir durumda biz də ondan və o birilərdən ağıllı-kamallı, dərin məzmunlu, qrammatik baxımdan korrekt, ifadəli, koloritli, ölçülü-biçili söhbət gözləyirik. Mümkün deyil. Əlbəttə, şahmatçılarımızın Qdanskda keçirilən şahmat turnirində yaxşı çıxış etmələri barədə xəbəri araya salıb oxumaq olar, ancaq o zaman da emosiya olmayacaq.

Yadımdadır, 10-15 il öncə “Fənərbağça” şeytanın qıçına travma yetirərək, Avropa komandalarının qapısına qol vuranda şərhçi qardaşmız Gündüz Abbaszadə sevincini “qoooooooooooooooooooooooooooooooooooooool” deyə 47 “o” ilə müşayiət olunan bir bağırtı ilə ifadə etmişdi. Bu səsin əks-sədası Türkiyəyə qədər getmişdi. Bir gün gördük ki, Gündüzü İstanbula dəvət ediblər, budur, “Bəyaz-şou”da qonaqların arasındadır. Şounun komediyaçı aparıcısı Bəyazın ağlı öz sənətçi həmvətənlərinə getdi, Gündüzlə də məzələnmək istədi, “azərilər uçağın enməsinə “uçaq düşdü” diyorlar” kimi yüz dəfə çeynənmiş zarafatlardan etməkdəykən, Gündüz dedi: “Guya sizin danışığınız yaxşıdır ki? Sizin şərhçilər də “Okanın ortası, Hakanın kafası” deyirlər. Bəs Hakanın kafasının Okanın ortasında nə işi var?”. Bəyaz yüngülvari pərt oldu, sonra qəhqəhə qopararaq vəziyyətdən çıxdı.

Biz də anladıq ki, Gündüz ANS məktəbində yaxşı dərs alıb və hazırcavab oğlandır.

Yadımdadır, o vaxtlar ANS Çempionlar Liqasının oyunlarını verəndə Gündüzlə yanaşı doktor Ziyanın, Asif Bağırovun, İlqar Mikayıloğlunun gözəl, koloritli, bir qədər də məzəli şərhləri olurdu, ustadlarından əxz etdikləri tərzdə söz də oynadırdılar. Amma o vaxt onları da bəyənməyənlər vardı.

Həmişə belə olacaq. İnsanların hamılıqla bəyəndiyi iki şey var: biri 100-lük dollar, biri də öz fəhm və ağılları.

Bir ara Türkiyədə də Ömər Üründül kimi idman yazarına, futbol ekspertinə kütləvi halda sataşanlar vardı. Hansısa komandanı əleyhinə haqlı bir tənqid səsləndirmişdi, itli-pişikli tökülmüşdülər üstünə. Bu şəxs çox zaman əsas şərhçinin yanında oturur, 90 dəqiqə boyunca 9 dəfə bir-iki cümlə deyir, ya demir. Əsasən oyunun gedişatını qısa cümlələrlə izah edir. 14 il öncə Türkiyə və Qazaxıstan millilərinin oyununun 23 dəqiqəsində Hamit Altıntop künc zərbəsindən ötürülən topu cərimə meydançasının dışından, həm də saxlamadan qazaxların qapısına göndərərək, super bir qol vuranda aparıcı “mükəmməl qol, super qol” deyərək bağırdı, Ömər Üründül isə 3 söz dedi: “Yılın qolu olur”. Bu oyun aprel-may ayında olmuşdu, üstündən 4 ay keçdi, Hamitin həmin qolunu “ilin qolu” nominasiyasının qalibi elan olundu, Hamit Puşkaş mükafatı aldı. Ömər bəy isə bunu iki saniyədən sonra, qolun videotəkrarına baxmadan demişdi. Ondan sonra onu bəyənməyənlər yeni bir ifadə tapdılar: “Ömer Üründül hayatında ilk defa ön görülü bir söz söylemiş”.

Biz o cür qədirbilməz olmayaq, olanımıza qane olaq, hərdən-hərdən tənqid edək ki, şərhçilər daha da püxtələşsinlər, amma onları yerdən-yerə vurmayaq, rəhmətlik Qədir Rüstəmov demişkən, hamısı əziyyət çəkir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR