İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla bağlı MÜJDƏ – Yaxın illərdə...

Son illərdə Azərbaycanda xarici dövlət borcunun azaldılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində xarici borcun həcmi 2018-ci ildə qəbul edilmiş strategiyada nəzərdə tutulan həddə saxlanır. Bir sıra hallarda əlverişsiz xarici borcların daxili borclanma ilə əvəzlənməsi həyata keçirilir.

Nəticədə daxili dövlət borcunun ümumi borclanmada payı 67 faizi keçib. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2026-cı ilin 1 aprel tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil edib.

Ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.

Nazirlik bildirir ki, hesabat tarixinə Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını keçməməsini nəzərdə tutan yuxarı hədlər gözlənilib.

32f256f1-ef99-399c-8129-8291c14ad784_1200.jpg (468 KB)

1 aprel tarixinə xarici dövlət borcu 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib. 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalıb. Həmin tarixə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.

Aprelin 1-nə daxili dövlət borcu 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edib. Daxili dövlət borcu 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Daxili dövlət borcunun artması ilə ona xidmət xərcləri də artır. Maliyyə Nazirliyinin məlumatına əsasən 2026-cı ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Dövlətin öz borcları ilə yanaşı, bu ilin birinci rübündə müxtəlif qurunların dövlət zəmanəti ilə aldığı kreditlərdə də kəskin azalma qeydə alınıb. 1 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib. Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına baş verib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində daxili borclanma limiti 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 6 milyard manat səviyyəsində təsdiqlənib. Veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 3 milyard manat təşkil edir. Bu limitlər dövlət borclanmasında əhəmiyyətli artım gözləntiləri ilə bağlıdır. Hökumət xarici borclanma limitini 2025-ci ildəkindən 1,7 dəfə, dövlət zəmanəti limitini isə 1,5 dəfə artırıb.

dc5e4854-eceb-3ee7-80de-6f6e81eb746e_1200.jpg (175 KB)

“Fitch Ratings” agentliyinin qiymətləndirməsinə görə, Azərbaycanın dövlət borcu 2027-ci il üçün ÜDM-in təxminən 21 faizini təşkil edəcək və bu, investisiya reytinqli ölkələr arasında ən aşağı göstəricilərdən biri olaraq qalacaq. Bildirilir ki, son illərdə ölkənin xarici dövlət borcu mütləq şəkildə azalmaqdadır və onun potensial artımı su təsərrüfatı və nəqliyyat sektorlarındakı layihələrin həyata keçirilməsindən asılı olacaq. “Fitch” həmçinin vurğulayır ki, Cənub Qaz Dəhlizi tərəfindən avrobondların geri alınmasından sonra 2026-cı ilin birinci rübündə xarici dövlət zəmanətlərinin həcmi xeyli azalıb. Göründüyü kimi, beynəlxalq reytinq agentliyi də hökumətin proqnozlaşdırmasını nəzərə alıb.

Hökumətin xarici və daxili borclanmanı artırmaq planları Azərbaycanda həyata keçirilməkdə olan mühüm regional və yerli əhəmiyyətli layihələrlə bağlıdır. Belə ki, ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilərək beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaları ötürmək potensialının artırılması üçün bir neçə iri layihə həyata keçirilir. Eyni zamanda Azərbaycan Beynəlxalq Qara dəniz Enerji Kabeli layihəsi çərçivəsində bərpa olunan mənbələrdən enerji istehsalı gücünü artırmaq üçün mühüm layihələrin icrasına başlayır. Daha bir istiqamət metallurgiya sənayesində xammal-son məhsul zəncirinin qurulmasıdır. Bu sahədə həm alüminium, həm mis, həm də dəmir istehsalı ilə bağlı böyük layihələrin icrasına başlanır. Layihələrdə iştirak edən xarici tərəfdaşlar borclanma hesabına yatırılan investisiyalar üçün dövlət zəmanəti tələb edirlər.

Azərbaycan hökuməti həmçinin kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsinə dövlət-özəl tərəfdaşlığı formatında  böyük vəsaitlər cəlb etməyi hədəfləyir.

Bütün bu layihələrin maliyyələşdirilməsi həm birbaşa dövlət büdcəsi vəsaitləri, həm də özəl sektorun, xarici şirkətlərin vəsaiti hesabına həyata keçiriləcək. Bu isə yenə də dövlət zəmanəti tələb edə bilər.

Daxili dövlət borclanması neft hasilatının azalması fonunda ölkəyə daxil olan valyuta gəlirlərindəki düşüş şəraitində büdcə kəsirinin bağlanması üçün əsas mənbə olaraq qalır. İran münaqişəsi fonunda neft qiymətlərinin kəskin artması 2026-cı il dövlət büdcəsinin kəsirli icrasının qarşısını ala biləcək başlıca faktordur. Proseslər yüksək neft qiymətlərinin ən azı cari ilin 3-cü rübünün sonuna qədər davam edəcəyindən xəbər verir. Buna görə də b daxili dövlət borclanması üçün nəzərdə tutulan limitin tam sərf olunmaması ehtimalı böyükdür.

NEFTO.jpeg (69 KB)

Dövlət zəmanətli borclanma ən problemli məsələlərdən biri olaraq qalır. Belə ki, dövlət zəmanəti ilə xarici maliyyə qurumlarından kredit götürən dövlət təşkilatları bir çox hallarda borcları qaytarmır, bu yük dövlət büdcəsinin üzərinə düşür. Cari ildə dövlət büdcəsindən belə kreditlərin qaytarılması üçün 144 milyon manat xərclənməsi nəzərdə tutulur. Bu, dövlət zəmanəti ilə kredit alan qurumlar üzərində nəzarətin gücləndirilməsi, onların fəaliyyətində maliyyə səmərəliliyinin artırılması istiqamətində ciddi addımların atılması ehtiyacını ortaya qoyur.

Dünya SAKİT,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR