Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkilərindən sonra uzun müddət "nəticələri tanımırıq" xətti yürüdən müxalifət gözlənilmədən mandatlarını qəbul etdi. İlk baxışdan bu addım geri çəkilmə kimi görünsə də, əslində siyasi strategiyanın dəyişdirilməsi kimi qiymətləndirilə bilər.
Azərbaycan müxalifətinin illər ərzində buraxdığı əsas səhvlərdən biri seçkilərdən sonra parlament tribunasından imtina etməsi idi. Parlamentdən kənarda qalmaq siyasəti sonda heç bir nəticə vermədi.
Erməni müxalifəti isə parlament tribunasını hökumətin addımlarını nəzarətdə saxlamaq, beynəlxalq auditoriyaya mesaj vermək və növbəti seçkilərə qədər siyasi çəkini qorumaq üçün mühüm alət hesab edir.
Bunun başqa bir səbəbi də müxalifətin daxilində yaranan yeni reallıqdır. Hakimiyyətin əsas hədəfi müxalif liderləri hüquqi təzyiqlərlə zəiflətməkdir. Son günlər müxalif liderlərə qarşı cinayət işlərinin açılması və həbslər bunun göstəricisidir. Belə şəraitdə parlament statusu müxalifət üçün həm siyasi legitimlik, həm də təşkilatlanma baxımından əlavə üstünlük yaradır.
Nəticə etibarilə, Ermənistan müxalifəti küçə etirazı ilə parlament fəaliyyətini paralel aparmağa üstünlük verir. Bu isə "mandatı götürmək hakimiyyətlə barışmaqdır" yanaşmasının əksinə olaraq, institusional mübarizənin daha effektiv vasitə hesab edilməsindən irəli gəlir. Beləliklə, "mandatdan imtina" deyil, "mandatdan siyasi silah kimi istifadə" xətti seçilib. Bu isə müəyyən mənada postsovet məkanında müxalifətin, o cümlədən Azərbaycan təcrübəsindən çıxardığı nəticə kimi də dəyərləndirilə bilər.
Professor Qabil Hüseynli müxalifətin bundan artıq seçimi qalmadığını düşünür. Onun sözlərinə görə, vaxtilə AXCP-Müsavat və digər müxalif qüvvələr parlamentdəki yerlərlə bağlı razılaşmırdı, iqtidara gəlmək iddiasını özündə saxlayırdı: "Amma getdikcə müxalifət zəiflədi və hətta parlamentdə fraksiya belə ola bilmədi. Bu mənada müəyyən oxşarlıqlar axtara bilərik. Fərq ondadır ki, erməni müxalifəti əvvəldən cəmiyyətin ciddi dəstəyini qazana bilmir. Müharibədən sonra iki seçki keçirilib və Paşinyanın partiyası qələbə qazanıb. Səslərdə fərq yarana bilər, amma hər halda qalib gəlməyi bacarıb. Bundan sonra müxalifətin pafoslu çıxışları da mənasızdır. Onların küçə yürüşləri ilə bağlı dedikləri avantüradır. Çünki xalq erməni müxalifətinin arxasına düşüb getmək istəmir".
Q. Hüseynli istisna etmir ki, bir müddət sonra müxalifətdən 6 deputat referendumla bağlı yetərsay probleminin həllinə kömək edə bilər: "Əgər bu mümkün olmasa, 300 min imza toplamaqla referendum keçirilməsi qərarı qəbul olunacaq. Hakimiyyətin " A" və "B" variantları var. Müxalifət anlayır ki, iqtidarı dəyişmək gücü yoxdur. Hətta Rusiya da bu reallığı qəbul edir. Seçkilərin yekun nəticələri açıqladıqdan sonra Paşinyan ilk rəsmi səfərini Moskvaya edəcək. Məncə, Rusiya ilə münasibətləri də sahmana salmağa çalışacaq ki, referendumu rahat keçirə bilsin. O baxımdan, müxalifətin həşir qoparması heç bir nəticə verməyəcək və mandatlarını qəbul edib parlamentdə oturacaqlar. Ən azından müxalifət parlamentdə fəallıqla iqtidara daha çox problem yarada bilər".
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə erməni müxalifətinin əsl müxalifət olmadığı qənaətindədir. Onun sözlərinə görə, xalq bu qüvvələrə keçmiş korrupsioner və Rusiyanın əlaltıları kimi baxır: “Ona görə də müxalifət şükür etməlidir ki, bu qədər faiz səs ala bilib. Hakimiyyətin qarşısında mötədil müxalifət olsaydı, o zaman daha çətin və gərgin rəqabətli seçki keçirilərdi. Bu mənada müxalifət taktikasını dəyişərək mandatı götürmək məcburiyyətindədir. Çünki son hadisələr erməni xalqını ayağa qaldırmadı. Müxalifətin anti-Paşinyan təbliğatı, guya Azərbaycanın maraqlarına xidmət etdi ittihamları nəticə vermədi. Əksinə, xalq sülh içində yaşayır, müəyyən iqtisadi dirçəliş var, yolların açılması gözlənilir və bu proseslər hazırkı hökumətin dövründə baş verir. O baxımdan, müxalifət reallıqla barışacaq".
E.Mehdiyev əlavə edib ki, müxalifət referendum ərəfəsində təbliğatı gücləndirəcək və müəyyən maneələr yaratmağa çalışacaq.
Emil Salamoğlu
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ