İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədri Azərbaycana niyə gəlir?

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində avqustun 4-5-də Azərbaycan və Türkmənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, müzakirələrdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh səyləri və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı rolu əsas diqqət mərkəzində olacaq. Bu səfər regional turun ilk mərhələsidir. Tur bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.

ATƏT-in sözügedən regionlarda əvvəlki nüfuzu və təsir imkanları zəifləyibmi? Fəaliyyətdə olan sədrin turnesində bu amil də rol oynayırmı?


Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya turnesi təşkilatın regionda fəallığını artırmaq cəhdi kimi qiymətləndirilə bilər. Son illərdə həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada geosiyasi reallıqlar dəyişib və bu dəyişikliklər ATƏT-in əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb:

“ATƏT əvvəlki illərlə müqayisədə Cənubi Qafqaz və Mərkəzi Asiyada siyasi təsir imkanlarının zəiflədiyini anlayır və təşkilatın aktuallığını qorumaq üçün yeni fəaliyyət modeli formalaşdırmağa çalışır. Lakin təşkilatın regionda əvvəlki səviyyədə nüfuz qazanması yalnız sədrin diplomatik səylərindən deyil, həm də üzv dövlətlər arasında siyasi konsensusun bərpasından və beynəlxalq geosiyasi gərginliyin azalmasından asılı olacaq”.


Politoloq deyib ki, Cənubi Qafqazda ATƏT-in ən mühüm vasitəçilik platforması olan Minsk qrupu artıq mövcud deyil. 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıq, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və Bakı ilə İrəvan arasında danışıqların əsasən ikitərəfli, eləcə də digər beynəlxalq platformalarda aparılması ATƏT-in əvvəlki rolunu zəiflədib: “Bu gün sülh prosesi daha çox tərəflərin birbaşa təmasları və müxtəlif vasitəçilik formatları üzərindən inkişaf edir.
Digər mühüm amil Rusiya ilə Qərb arasında dərinləşən qarşıdurmadır. Ukrayna müharibəsindən sonra ATƏT daxilində konsensus mexanizmi daha çətin işləməyə başlayıb. Təşkilatın qərarlarının böyük hissəsi üzv dövlətlərin yekdil razılığı tələb etdiyindən siyasi parçalanma onun operativ fəaliyyət imkanlarını azaldıb. Mərkəzi Asiyada da vəziyyət dəyişib. Region ölkələri xarici siyasətdə daha çox çoxşaxəli yanaşmaya üstünlük verir, Çin, Rusiya, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və digər aktorlarla paralel əməkdaşlıq qururlar. Bu şəraitdə ATƏT təhlükəsizlik və demokratik institutlar sahəsində fəaliyyətini davam etdirsə də, əvvəlki kimi əsas siyasi platforma rolunu oynamır. Məhz bu baxımdan, fəaliyyətdə olan sədrin Azərbaycan və Türkmənistana, daha sonra isə Ermənistan və Gürcüstana planlaşdırılan səfəri ATƏT-in regiondakı görünürlüğünü və siyasi dialoq imkanlarını qorumaq cəhdi kimi də qiymətləndirilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR