İnsanlara hürriyət, millətlərə istiqlal!

At meydanı, 661-cı ilin incisi olan Quranı-Kərim, 40 min eksponatın məkanına çevrilən muzey - FOTOLAR, VİDEO

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə Türk dövlətlərinin bir qrup media nümayəndələrinin qardaş ölkəyə səfəri davam edir.

Türkiyənin Ramazan ənənənələrini təbliği, Türk-Osmanlı mədəniyyətinin, mətbəxinin tanıdılması məqsədi ilə həyata keçirilən səfər çərçivəsində İstanbulun tarixi, dini və turizm məkanlarının ziyarəti ilə başlayıb. Qeyd edək ki, Azərbaycan jurnalistləri, o cümlədən “Yeni Müsavat”ın əməkdaşı ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın media nümayəndələri də Türkiyəyə dəvətlilər sırasındadır.

İstanbul səyahətimizin davamında şəhərin ən məşhur ünvanlarından birində, At meydanında olduq. Türkiyənin təhlükəsizliyinə cavabdeh şəxslərin araşdırmalarından sonra meydana daxil olmağa, davamında digər ünvanlara baş çəkməyə izn verildi. İstanbulun insan seli ilə dolu olan bu ünvanında güvənlik məsələsi ən yüksək səviyyədədir, ötən zamanlarda baş verənlərin bir daha təkrarlanmaması üçün müvafiq qurumlar var gücü ilə çalışırlar və onların təhlükəsizlik qaydaları ilə bağlı tələbləri anlayışla qarşılanır.

Səyahətə başladığımız bu ünvan Osmanlı dönəmində At meydanı olaraq məşhurlaşıb. At meydanı Vakası, yaxud Atmeydanı Olayı Sultan Ahmed Camii Vakası olarak da tanınır. Bizans dövrünə aid açıq hava stadionu Sultanahmet camesinin qonşuluğundadır. Bizans imperatorunun yarışları izlədiyi arena azarkeşlərin coşğulu alqışlarına səhnə, həmçinin tarixin gedişatında iğtişaşlar üçün məkan olub. Osmanlı İmperatorluğu dövründə At meydanı adlanan Hipodrom şənliklərə, paradlara şahidlik edib. Tarixi araşdırmalara görə, bu, təxminən 2000 illik bir hekayədir. Araba yarışları da daxil olmaqla bir çox idman fəaliyyətinə şahidlik edən oval Hipodrom, İmperator Septimus Severus dövrünə, 203-cü ilə aiddir. Böyük Konstantinin dövründə ərazi genişləndirilərək 480 metrə 118 santimetrə çatdırılıb. İkinci yüzillikdə Roma İmperatoru Septimus tərəfindən inşa edilən bu meydanda coşqulu yarışların yerini daha sonralar dəhşətli edamlar təşkil edib. “Mən buranı Romadakı hipodrom kimi qurmaq istəyirəm”- deyən Konstantin zamanında isə bu ünvan daha da genişləndirilir. Konstantin Roma imperatorluğundakı bütün dəyərli abidələrin buraya gətirilməsini əmr edir. Buradakı – miladdan öncə 15-ci yüzilliyə aid olan nəhəng qranit qüllə İstanbulda ən qədim tarixi əsərdir. Digər hissədə də bürünc, qızıl və gümüş suyuna çəkilmiş digər möhtəşəm qüllə, Konstantin sütunu ucalır. Bu sütunlar əsrlərdir yerlərində dayanırlar, o qədər möhkəm tikilib, bərkidilib ki, Osmanlı ərazisində baş verən sarsıdıcı zəlzələlərin heç birində bu sütunlar xətər görməyib. Meydandakı bir-birinə sarılmış və üç fərqli istiqamətlərə baxan əjdaha ilanların başlarından ikisi zamanında yoxa çıxıb, yalnız üçüncü başın üst çənəsi tapılıb və indiyədək həmin hissə İstanbul Arxeoloji Muzeyində saxlanılır...Roma Hipodromundan bu günümüzədək gəlib çatmış İlanlı Sütun tuncdan hazırlanmış abidədir. Orijinal halda ümumi hündürlüyü 8 metr olub. Lakin zaman-zaman İlanlı Sütunun bir hissəsi yer altında qalıb. Birinci Konstanpinus Konstantinopolisi, yəni yeni Romanın başkəndini qurduğu zaman bu tarixi abidəni də gətirtdirib.

Bizansdan Osmanlıya keçid dövrünün ustad memarları tarixə imza atarkən, bu meydana hörmətlə yanaşmış, keçmişin əsərlərinə toxunmadan bunu olduğu kimi göstəriblər.

Roma dönəmində bugünki İstanbul dünyanın altıncı möhtəşəm şəhəri olaraq tanınıb. Təəssüf ki, İstanbulun bu ünvanındakı tarixi eksponatların əksəriyyəti Səlib yürüşü zamanı talan edilib. Xaçlılar burada qaldıqları 50 ildə bütün qəninətləri yağmalayıblar. Oğurlanmış qənimətlər arasında Hipodromun giriş qapısının üstündəki dörd atlı araba da olub. Bu əsərin bir nüsxəsi Venesiyadakı Müqəddəs Mark Bazilikasının üstündə yerləşir, orijinalı isə Bazilika muzeyində qalır. Sakıp Sabancı Muzeyinin bağçasında atlardan birinin surəti saxlanılır. Təsəvvür edin ki, bu məkana 100 min nəfərlik azarkeş ordusu sığırmış.

Hipodromun etrafındakı hasar və sütunlar XVI yüz ilə qədər burada mövcudluğunu qoruyub-saxlayıb, lakin sonrakı dönəmlərdə ətraf binalarla bağlı onlar sökülüb. Tarixi mənbələrə görə, bir yarış zamanı, 532-ci ildə Nika İsyanında ətraf qan gölüne dönüb. Bizans ailesinin tarixçisi Anna Komnenan “Alexiad” kitabında yazır ki, Bogomil məzhəbinin lideri Basil, 1116-ci ildə məhz bu meydanda yandırılıb. Araba yarışları XIII yüz ildə sona çatıb və Hipodrom XV yüzildən etibarən xarabalığa çevrilib. 1609-cu ildə isə Sultanahmet Camisinin tikintisinə başlandığı zaman Hipodromdan geriyə qalanların bərpası istiqamətinə işlər görülüb. Günümüzə qədər parkda Hipodramdan geriyə qalan əsərlər, qranitdən olan nəhəng abidələr isə qənimət olaraq aparıla bilmədiyi üçün bu günümüzə gəlib çatmışdı. Hipodromun digər başında, Aya Sofya camesi tərəfdə yaşıl örtüklü çeşmə də bu günədək qorunub saxlınılıb. Zamanında At meydanı olmuş Hipodrom ayların sultanı Ramazan axşamlarında konsert və əyləncə məkanına çevrilir, həm oruc tutmuş insanlar, həm də turistlər sevə-sevə bu məkanı dolaşırlar.

Yaxınlıqdaki möhtəşəm Sultanahmet camesində hələ ki, təmir işləri davam etdirildiyi üçün ziyarətçilərin üzünə qapaılıdır. Sol tərəfdəki Türk İslam Sanatları Müzeyi də özünün möhtəşəmliyi və ziyarətçilərin ən çox üz tutduğu ünvanlardan biri olaraq seçilir. 1890-cı ildə Güzel Sanatlar Okulu ilə dövlət ofisləri olaraq tikilən bina daha sonralar Marmara Üniversitesi Rektörlük Binası kimi istifadə edilib. Yanındakı tikili isə vaxtilə Yeniçeri Müzesi olaraq istifadə edilib. Zamanında İbrahim Paşa Sarayına daşınan muzeydə Osmanlı dönəminə dair nadir incilər qorunub-saxlınılır. Elə girişdəcə 13-cü əsrin yadigarı olan, Anadolu Səlcud dönəminə məxsus nəhəng Aslan heykəli qarşılayır ziyarətçiləri. Konyaya məxsus bu Aslan Anadolu Səlcuklu dönəminin ən önəmli saray tikililərindən olan Konya Alaeddin Köşkünün giriş hissəsinə aid olub. Buradakı muzeyə isə 1908-ci ildə gətirilib. Muzeydə təqribən 40 min əsər saxlınılır. Qurani-Kərimin möhtəşəm nüsxələri saxlanılır ki, onlar ziyarətçiləri sehrləndirir. 661-cı ildən bu günədək qoruyub-saxlınılmış, əllə yazılmış nəhəng Quran kitabı isə əsl möcüzədir.

Eyni zamanda Quranı-Kərimin ilk nüsxələri Şamdan İstanbula gətirilib ki, burada İmam Əli əleyhisalamın öz əli ilə yazdığı nüsxələrdən də nümunələr var. Muzeydəki tarixi xalçalar ziyarətçiləri sanki sehrli aləmə aparır, hər naxışda bir məna, hər ilmədə tarix yatır. Anadoluda 13-cü əsrdən etibarən Səlcuqlarla başlayan xalı sənətinin ecazkar nümunələri saxlanılır bu sirli-sehrli aləmdə. 15-16-cı əsrdə bu Türk məmləkətində xalçaçılıq geniş inkişaf dövrünü yaamış və xalıları dünyada məşhur olub. Muzeydə Kəbənin örtüyündən tutmuş, Kəbənin kilidinədək çox qiymətli eksponatlar qorunur, turistlərə təqdim olunur.

Eyni zamanda bu məkanda İznik, Kutahya, Bursa çinilərindən ibarət nəfis çini salonundakı eksponatlar da göz oxşayır. Qardaş ölkənin çox istedadlı və məlumatlı turizm bələdçisi dəyərli Ramazan Çelik ziyarət etdiyimiz ünvanlar barədə sevə-sevə bilgilərini paylaşır. Türkiyəmizin, Türk dünyasının önəmli və əvəzolunmaz parçası olan İstanbulun hər qarışı tarixdən danışır, adamı əsrlərin o üzünə aparır.

WhatsApp Image 2023-03-31 at 09.53.26.jpeg (227 KB)

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR