İnsanlara hürriyət, millətlərə istiqlal!

Arı, zəli, qurbağa ilə möcüzə yaşadan klinikadan REPORTAJ - Video, fotolar

Hələ qədim zamanlardan insanlar təbii üsullarla müalicəyə üstünlük veriblər. Müasir tibb, tibbi texnologiyalar və metodlar hər saat, hər dəqiqə inkişaf etməsinə baxmayaraq, bu gün də bir çox peşəkar həkimlər təbii üsullarla müalicəni daha dərindən araşdırır, təkmilləşdirir, öz müalicə üslubundan istifadə etməyə çalışır.

Bakının “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən “Doktor Seyfəddin Klinikası” da bu cür təbii üsullarla müalicə həyata keçirərək, insanlara şəfa verən tibb müəssisəsidir.

WhatsApp Image 2022-12-04 at 12.50.49.jpeg (223 KB)

Artıq iki aydır ki, fəaliyyət göstərən klinikanın baş həkimi məşhur apiterapist, xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəddir.

WhatsApp Image 2022-12-04 at 12.50.50 (1).jpeg (166 KB)

Bəs klinikada hansı xəstəliklərin təbii metodlarla müalicəsi və müayinəsi aparılır?

Bu və digər suallara cavab tapmaq üçün “Yeni Müsavat”ın əməkdaşları olaraq adı çəkilən klinikaya üz tutduq.

Müşahidələrimizdən məlum oldu ki, klinikada kardioloq, endokrinoloq, nevropatoloq, stomatoloq, ən müasir aparatlarla təmin olunmuş fizioterapiya, laboratoriya, ultrasəs müayinəsi kabinetləri də fəaliyyət göstərir.

WhatsApp Image 2022-12-04 at 12.50.52 (1).jpeg (120 KB)

Klinikanın baş həkimi Seyfəddin Əsəd bildirdi ki, pasiyentlər ilk növbədə dəqiq müayinə və analizlərdən keçdikdən sonra onlara təbii üsullarla müalicə metodları tətbiq olunur:

“Çox şükürlər olsun ki, insanlarımız artıq ənənəvi tibbə qayıdıblar. Allah min dərdin min bir dərmanını təbiətdə verib. Biz mütəxəssislər də həmin dərmanları elmi şəkildə, tələb olunan qaydada insanlara tətbiq edir, onların tez bir zamanda şəfa tapmasına çalışırıq. Artıq yüz illərdir ki, Azərbaycanda zəli, arı ilə müalicə metodu var, lakin bu, kor-koranə şəkildə idi. Biz artıq həmin ənənəvi metodu müasir tibblə əlaqələndiririk. Belə ki, ilk növbədə pasiyent klinika daxilində müayinələrdən keçirilir. Əgər pasiyentin qan təzyiqi hədsiz yüksəkdirsə, biz onun təzyiqini müəyyən həblərlə tarazlaşdırır, daha sonra müalicələrə başlayırıq”.

Seyfəddin Əsəd qeyd etdi ki, klinikada ölkədə heç bir yerdə olmayan arı, zəli, qurbağa ilə müalicə metodları aparılır.

WhatsApp Image 2022-12-04 at 12.50.52.jpeg (126 KB)

UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvü, Yaponiyanın OISCA beynəlxalq təşkilatının üzvü olan Seyfəddin Əsədin sözlərinə görə, Azərbaycanda apiterapiya ilə (arı zəhəri və arı məhsulları ilə müalicə metodu) məşğul olan yeganə mütəxəssisdir:

“Ümumiyyətlə, arı Allahın insana verdiyi ən böyük nemət, dərmandır. Arı ilə müalicə bütün müalicələrin yüksəyi, zirvədə olanı, bir sözlə, şahıdır! Arı zəhərindən güclü heç nə yoxdur. Təsəvvür edin ki, mütəmadi arıçılıqla məşğul olanlar heç vaxt xərçəngə yoluxmur, ən uzunömürlü, ən sağlam insanlar olur. Həmçinin onun balı, çiçək tozu, arı südü, ölüsü, hətta içində yanan qurdu belə dərmandır. Arı ölüsünü yığıb, dəmləyir, həmin məlhəmi oynaq xəstəliklərində istifadə edirsən, çox gözəl effekti olur. Həmçinin daxilə qəbul edəndə insanın immun sistemi yüksəlir”.

Həkimin sözlərinə görə, təbabətdə istifadə edilən arılar xüsusi olaraq yetişdirilir və onlardan istifadəni mütləq şəkildə peşəkarlar həyata keçirməlidir. Əks halda qeyri-peşəkarcasına tətbiq olunmuş arı sancması ciddi fəsadlara gətirib çıxara bilər:

WhatsApp Image 2022-12-04 at 12.50.50.jpeg (129 KB)

“Bunun üçün əvvəlcədən ciddi müayinə aparılır, xüsusi testlər tətbiq olunur. Müəyyənləşir ki, orqanizmin arı sancmasına reaksiyası necədir. Yəni qətiyyən müayinəsiz müalicəyə başlamırıq. Müalicədə istifadə etdiyimiz arılar bal arısı tipindəndir, xüsusi qaydada saxlanılır. Adətən təbiətdəki arılar xüsusən də qış mövsümündə ac olduqları üçün hücuma keçirlər. Amma müalicədə istifadə etdiyimiz arılar gördüyünüz kimi sakit və rahatdırlar. Onların sancması da o qədər ağrılı olmur və bu ağrını hiss etməmək üçün əvvəlcədən nahiyəyə xüsusi məlhəm çəkilir. Yəni artıq hər şey müasirləşib, hər şey pasiyentin rahatlığı üçündür”.

Həkim arı ilə müalicənin kimlərə şamil olunmadığını da açıqladı:

“Hamilə qadınlara, 5 yaşa qədər uşaqlara, həmçinin arı sancmasına qarşı xüsusi həssaslığı olan insanlara arı sancması tətbiq oluna bilməz”.

Apiterapiya müalicəsi alan Həlimə adlı pasiyent bildirdi ki, buna qədər bir çox klinikalarda müalicə alsa da, heç bir effekti olmayıb:

“10 gündür ki, arı sancması metodu ilə müalicə alıram. Artıq ilk günlərdən əhəmiyyətli dərəcədə bu müalicənin effektini görürəm, oynaq ağrılarım aradan qalxmağa başlayıb. Həmçinin burada fizioterapiya da olunur, zəli ilə müalicə alıram. Çox şükür ki, səhhətim artıq yaxşıdır. Bundan əvvəl çox sayda xəstəxanalarda olmuşam, kifayət qədər dərman qəbul etmişəm. Lakin sonda kimyəvi dərmanlardan bezdim və təbii müalicə metoduna müraciət etdim. Həm həkim Seyfəddin Əsəddən, həm də klinikanın gülərüz kollektivindən çox razıyam. Müalicənin effektindən çox məmnunam”.

Klinikada reportaj hazırlayarkən müşahidə etdik ki, pasiyentlərin əksəriyyəti miqren xəstəliyi ilə bağlı ora üz tutur.

WhatsApp Image 2022-12-04 at 12.50.48.jpeg (133 KB)

Həkim Seyfəddin Əsəd qeyd etdi ki, dünyada miqren xəstəliyinin dərman preparatları ilə müalicəsi yoxdur. Miqren yalnız təbii üsullarla müalicə olunur ki, bu da “Doktor Seyfəddin Klinikası”nda mümkündür:

“Baş ağrısı olan adamlar bilir ki, dünyada miqrenin dərman preparatları ilə müalicəsi yoxdur. Əgər varsa da bu, yalnız bizim klinikada mümkündür. Biz bu xəstəliyi arı sancması, zəli qoyulması, həmçinin bitki tərkibli məcunlarla müalicə edirik. Belə ki, beyin toxumasına gedən damarları bir qədər genişləndirərək effektə nail oluruq”.

Həkim onu da qeyd etdi ki, miqren xəstəliyi ilə bağlı xarici ölkələrdən, o cümlədən Amerika, Kanada, Orta Asiya ölkələri, Rusiya, Türkiyə, İran, Hindistandan belə pasiyentlər “Doktor Seyfəddin Klinikası”na müraciət edirlər.

Miqren xəstəliyi ilə bağlı müraciət edən xəstə bildirdi ki, başında ciddi ağrılar, başgicəllənmə, ürəkbulanma, qarabasma baş verir, bəzən isə vahimələnir:

“Başımın bir tərəfindən tutan ağrı gözümə qədər gəlir və mənə çox əziyyət edir. Yuxusuz qalıram, bəzən vahimələnirəm, əlimdə uyuşma, danışan zaman çənəmdə əsmə yaranır. Bu xəstəlikdən qurtulmaq üçün böyük ümidlə Seyfəddin Əsədə müraciət etmişəm, tezliklə əvvəlki sağlamlığıma qovuşacağıma inanıram”.

Qeyd etdiyimiz kimi, klinikada aparılan əsas müalicə metodlarından biri zəli ilə həyata keçirilir. Seyfəddin Əsəd bildirdi ki, zəli ilə müalicə əsasən qanı durultmağa xidmət edir:

“Zəli ilə müalicə trombun, qanın laxtalanmasının qarşısının alınmasında mühüm rol oynayır. Çox təəssüf ki, bu gün əksər insanlarda qanın qatılaşması problemi yaranır. Bundan da bir çox xəstəliklər, o cümlədən damarlarda varikoz əmələ gəlir. Həmçinin hər kəsə məlumdur ki, tromb bəzən infarkta, insulta gətirib çıxarır. Zəli ilə müalicə babasil zamanı qanaxmanın qarşısını alır, göynəməni götürür, bundan başqa, qan təzyiqini sakitləşdirir, onun aşağı-yuxarı “oynamasını” aradan qaldırır. Bu gün dünyada əksər insanlar qanın durulaşması üçün mütəmadi dərmanlar qəbul edir. Həmin dərmanları bir gün qəbul etməyəndə, artıq qanda laxtalanma əmələ gəlir. Lakin biz təminat veririk ki, zəli ilə müalicə alan şəxsdə 6 ay qan laxtalanması baş vermir, qan orqanizmdə normal şəkildə fəaliyyət göstərir. Bu baxımdan zəli ilə müalicə də möhtəşəmdir! Bundan başqa, bəzi xanımlar qırışlardan azad olmaq üçün üzlərinə zəli qoydurur. Başda qan dövranını yaxşılaşdırmaq, başdakı ağrılardan, miqrendən qurtulmaq üçün də zəlidən istifadə edirik”.

Seyfəddin Əsəd onu da qeyd etdi ki, həkim nəzarəti olmadan, qeyri-peşəkarcasına zəlidən istifadə etmək ciddi fəsadlara səbəb olur:

“Öncə qeyd edim ki, müalicədə istifadə olunan zəlilər başqadır. Bu zəlilər xüsusi laboratoriya şəraitində yerləşdirilir və onunla müalicə mütləq şəkildə mütəxəssis tərəfindən aparılmalıdır. Doğrudur, zəli ilə müalicə ta qədimdən aparılıb. Bu gün də kimlərsə yaxınlarında, ətrafında zəlidən istifadəni görüb, özünə, yaxınına tətbiq etməyə çalışır. Dəfələrlə bununla bağlı bizə müraciət edənlər olub. Zəng edirlər ki, zəli qoyduqdan sonra qanaxma baş verib, qarşısını ala bilmirlər. Və yaxud bilmədən şəkər xəstəsinə zəli qoyulur, nəticədə xəstənin ya barmağı, ya da ayağı amputasiya olunur. Zəli qoyulacaq pasiyent ilk növbədə müayinədən keçirilir. Əgər onda hemofiliya varsa, qanın ümumi faizi aşağı olan insanlara qətiyyən zəli qoymaq olmaz. Və yaxud, şəkəri olan insanın əvvəlcə şəkərini tənzimləyir, daha sonra ona müalicə metodu tətbiq edirik. Çox təəssüf ki, hazırda ölkədə peşəkarcasına arı, zəli ilə müalicə aparan yeganə həkim mənəm. Mütləq şəkildə bu işi bilən kadrların sayını artırmaq, bu məktəbi davam etdirmək lazımdır”.

Zəli ilə müalicə alan Həlimə adlı pasiyent bildirdi ki, artıq 2 aydır “Doktor Seyfəddin Klinikası”na müraciət edir və müalicələrin effektini görməkdədir:

“Oynaqlarımda, ayaqlarımda ağrılar var idi. Buna qədər xeyli müddət kimyəvi dərmanlar ilə müalicə almışam. Dərmanları qəbul etdikdə ağrılar azalırdı, lakin onlar bitdikdən sonra ağrılar yenidən başlayırdı. Ona görə də təbii üsullarla müalicə metoduna müraciət etdim və artıq davamlı effektini görürəm”.

WhatsApp Image 2022-12-04 at 12.50.48 (1).jpeg (132 KB)

Revmatizmdən əziyyət çəkən 66 yaşlı Bəylər adlı pasiyent də zəli ilə müalicədən sonra ağrılardan qurtulduğunu bildirdi:

“Bir müddətdir ki, revmatizmdən əziyyət çəkirəm. Xəstəlik birdən-birə başladı. Ayaqlarımda kəskin ağrılar olur, əllərim uyuşur, əzələlərim açılmırdı, hərəkətlərimdə məhdudiyyətlər var idi. Dərmanla müalicə alanda ağrılarım qismən gedirdi, 4-5 gündən sonra isə yenidən bərpa olunurdu. Lakin sonra həkim Seyfəddin Əsədin klinikasına gəldim. Burada zəli, arı sancması müalicə metodu, arı südü və digər təbii otlardan hazırlanmış məlhəmlər tətbiq edildi, nəticədə özümü çox yaxşı hiss edirəm. Hər kəsin şəfa tapmaq üçün bu klinikaya gəlməsini tövsiyə edirəm”.

Seyfəddin Əsəd qurbağa ilə müalicə metodundan da söz açdı. Həkim qeyd etdi ki, bu üsulla müalicəni yapon alimlərindən öyrənib:

“Qurbağa ilə müalicə də bir möcüzədir. Bu müalicə üsulu əsasən bronxial astmada, allergik, qalxanvari vəz, yuxusuzluq, süd vəzinin mastopatiyası, fibroma, klimaks problemi, prostat vəzinin adenomasında, oynaq xəstəliklərində və sağalmaz yaraların müalicəsində istifadə olunur. Qeyd edim ki, ta qədimdən nənə-babalarımız sağalmaz yaraların müalicəsini qurbağalar ilə aparırdı. Biz də bu müalicəni müasir elmi şəkildə insanlara tətbiq edirik. Bu müalicə zamanı qurbağa pasiyentin qalxanvari vəz nahiyəsinə bağlanır. Bu zaman qurbağa qalxanvari vəzə şüa verir və onun fəaliyyətini normallaşdırır. Müalicə tətbiq edildikdən sonra axşam görürsən ki, həmin qurbağa ya ölüb, ya da ölü vəziyyətindədir. Çünki insan orqanizmində olan toksinləri, zəhəri özünə çəkir və ilk gündən artıq pasiyent özünü rahat hiss edir”.

Seyfəddin Əsəd klinikada aparılan fizioterapiyadan da danışdı. Qeyd etdi ki, bunun üçün Amerika istehsalı olan ən müasir aparatdan istifadə olunur:

“Bu aparat vasitəsilə dəridə olan ağrılar, iltihab aradan qaldırılır, qan dövranı yaxşılaşdırılır. Həmçinin aparatın içərisində vakum masaj var ki, bu da 4 funksiya yerinə yetirir”.

Yardımlı rayonundan gələn Bəylər adlı pasiyent bildirdi ki, fəqərə yırtığından əziyyət çəkir:

“Məndə 4-5 mm fəqərə yırtığı var ki, bunun da nəticəsində ayağımın altında uyuşma, yanma hissi yaranır. Bu klinikanın sorağını eşidib gəldim və aldığım müalicələrin artıq nəticəsini görürəm. Yaşamaq gözəldir. Sağlam yaşamaq isə dünyanın ən gözəl nemətidir. Mənə sağlamlığımı bəxş edən Seyfəddin Əsədə və klinikanın kollektivinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, klinikada relaks masaj xidməti də fəaliyyət göstərir. Bu masaj əsasən skolioz, onurğa sütununun əyriliyində, sidik qaçırma və kişilərdə prostat vəzi problemlərində istifadə olunur.

“Bölgələrdə də klinikanızın bölmələrini açmağı düşünürsünüzmü?” sualına Seyfəddin Əsəd bu cür cavab verdi:

“Bu barədə hələlik düşünmürəm. Çünki bunun üçün, xüsusən apiterapiya ilə bağlı çox peşəkar kadrlar yetişməlidir. Bu müalicə xüsusi peşəkarlıq tələb edir, əks halda qeyd etdiyim kimi, təhlükəli olur”.

Həyat gözəldir, təbii, bu həyatı sağlam yaşayanda. İnanırıq ki, öz müalicə metodları ilə həm Azərbaycanda, həm də ölkədən kənarda tanınan Seyfəddin Əsədin klinikası yetərincə məşhurlaşacaq və daha çox insanlar bu müəssisədə şəfa tapacaq.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR