İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı emissarlar Ermənistanı “su yolu”na döndərib - Qafqazla bağlı ŞOK plan

Kapitulyant ölkə ABŞ-ın forpostuna çevrilir? “İrəvan Amerikanın dəstəyini alıb Azərbaycana hücum etmək niyyətindədir...”

ABŞ Konqresinin hər iki palatasının nümayəndə heyəti Ermənistanda bir neçə günlük səfərdədir. “Yeni Müsavat” bildirir ki, bu barədə Birləşmiş Ştatların Ermənistandakı səfirliyi bildirib. Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-ın Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edir. 

Bildirilib ki, nümayəndə heyətinə Cənubi Korelinadan respublikaçı, Aşağı (Nümayəndələr Palatası) Palatasının üzvü, ABŞ Helsinki Komissiyasının sədri Co Uilson, Demokratlar Partiyasının təmsilçisi, Senatın beynəlxalq münasibətlər üzrə komitənin sədri, Merilend ştatından senator Ben Kardin, Texasdan respublikaçı senator Con Kornin, respublikaçı, Alabamadan Nümayəndələr Palatasının üzvü Robert Aderxolt və başqa respublikaçı konqresmenlər daxildir. Onların Ermənistanda bir sıra rəsmi görüşlər keçirəcəyi, regional vəziyyəti müzakirə edəcəyi gözlənilirdi. Rocer Uiker o konqresmendir ki, Rusiyanı nüvə silahı ilə vurmağa çağırıb. Və Ermənistanın baş naziri Nikol Paşinyan onu qəbul edib. Bu da bir eyhamdır...

Göründüyü kimi, tərkib kifayət qədər nüfuzludur. Onların arasında Senatın komitə sədri, Helsinki Komissiyasının sədri və hərbi sahəyə məsul olanlar da var. 

Bəs son vaxtlar artan belə səfərlərdə əsas hədəf nədir? Niyə məhz indi və niyə Ermənistan? Əgər bu şəxslər həqiqətən bölgədə sülh və əməkdaşlıqda maraqlıdırlarsa, nədən Azərbaycana da səfər etmirlər? 

Xatırladaq ki, ötən həftəsonu bəzi ermənipərəst konqresmenlər Konqresə Azərbaycan əleyhinə ikipartiyalı sənəd layihəsi təqdim ediblər. 

Lakin amerikanların intensivləşən səfərlərinə baxmayaraq, Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir. İyulun 3-də  Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. “Rusiya Ermənistanı müttəfiq hesab etməkdə davam edir, iqtisadi əlaqələr inkişaf edir”, - o bildirib. 

Çox maraqlıdır ki, konqresmenlərin İrəvana ayaq açdığı vaxtda Ermənistan yeni AES tikintisi prosesində mühüm mərhələyə keçib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, hazırda ABŞ-la bu layihənin hüquqi bazasının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır: “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı çoxməzmunlu mərhələyə qədəm qoymuşuq. Hazırda ABŞ-la hüquqi bazanın tənzimlənməsi məsələsini müzakirə edirik. Top indi ABŞ-ın sahəsindədir”. 

Halbuki Ermənistandakı Metsamor AES Rusiyanın nəzarətindədir. Amma Vaşinqton Rusiyanın forpostunu öz forpostuna çevirmək istiqamətində addımlarını hərtərəfli sürətləndirir. Ekspertlər də bu qənaətdədir ki, Azərbaycanın qonşuluğunda ABŞ-ın belə fəallaşması daha çox Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaqdır. Amerikalı hərbçilərlə birgə təlimlər keçirilməsi, müdafiə naziri Papikyanın NATO-nun Avropa komandanı ilə görüşü, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusun məhz İrəvanda saxlanması Rusiyadan bu ölkəni qoparmaq üçün atılan strateji addımların əlamətləridir. 

Ötən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində demişdi ki, ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir. Sitat: “Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu, rüşvətlə ələ almadır”. 

Lavrov ABŞ-ın tez-tez müttəfiqlərini tərk etdiyini diqqətə çatdırıb. “Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar "Ərəb baharı"nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər... ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tərk etdi", - Lavrov xatırladıb. 

Bəllidir ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda strateji maraqları var. Onun fikrincə, Paşinyanın hakimiyyətə gətirilməsi də məhz bu maraqların reallaşdırılmasının tərkib hissəsi idi. “Birləşmiş Ştatlar Ermənistan üzərindən regiona daxil olmağa çalışır və Ukrayna ssenarisini bizim bölgədə Ermənistan vasitəsilə həyata keçirmək niyyətindədir. Necə ki, Zelenskini bu oyuna təhrik etdilər, oxşar prosesi Paşinyanla davam etdirirlər”. 

Ekspertə görə, ABŞ-la ermənilərin maraqları üst-üstə düşür: “Vaşinqton istəyir ki, Qafqazın üç ölkəsini nəzarətə alsın, İrəvan isə ABŞ-ın dəstəyini alıb Azərbaycana əks-hücum etmək hədəfi güdür. Məncə, Birləşmiş Ştatlar Ermənistanda möhkəmləndikdən sonra payız seçkilərini yekunlaşdırıb Gürcüstana təzyiqləri artıracaqlar. Burada istəklərinə nail olsalar, sonra Azərbaycana qarşı təzyiq siyasətinə keçid edəcəklər. Bütün addımlarda məqsəd regiona nəzarəti artırmaqdır. Bu baxımdan Paşinyanın hərəkətləri təhlükəli və təxribat xarakterlidir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, ABŞ Ermənistanı müdafiə edərkən Azərbaycana qarşı ədalətsizliyə yol verir: “Əgər strateji məqsəd Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdırsa, o zaman siyasəti bu kontekstdə qurmaq lazımdır, daha hər dəfə bizə qarşı iftiralar atmaqla, böhtan dolu qətnamələr hazırlamaqla yox. Aydın şəkildə görünür ki, amerikalılar Paşinyan hakimiyyətini idarə edirlər. Fakt budur ki, hakimiyyət Vaşinqtonun təlimatlarını yerinə yetirir. Bu səfərlərin də zahiri işarəsi ondan ibarətdir ki, Rusiya ABŞ-ın fəallığını görsün. Yəni "həftə səkkiz, mən doqquz" bir amerikalı İrəvana gəlməklə nümayiş olunur ki, bu ölkə nəzarətimizdədir. ABŞ açıq surətdə çağırış edir ki, Ermənistan KTMT-dən çıxsın, Gümrüdəki rus hərbi bazasını evakuasiya etsin, biz onun təhlükəsizliyinə qarant dayana bilərik. Son səfərdə bu məsələlərin təkrar müzakirəsi də istisna deyil".

Təhlilçinin sözlərinə görə, ABŞ Ermənistan iqtidarını sona qədər qorumağa cəhd edəcək. R.Məmmədova Paşinyan iqtidarının devrilməsi üçün indi hər hansı zəmin olmadığını düşünür: “Rusiyanın səyləri uğursuz oldu. Sonuncu Baqratın hərəkatı idi, o da fiaskoya uğradı. Ona görə amerikalılar daha böyük resursla Ermənistana səfər edirlər ki, burada tam bərkişsinlər. Lakin ABŞ Cənubi Qafqazda nüfuzunun artmasını istəyirsə, İrəvanı sülh sənədini imzalamağa məcbur etməlidir. Yalnız bu halda Ermənistanın Qərbə yolu açıla bilər”.

Emil SALAMOĞLU,   
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR